Əlaqə Arxiv
news Image
2019.01.17
10:59
| A A A
Əmanətlərin tam sığortalanma müddətinin uzadılmasına zərurət artır
Natiq Cəfərli: “Çox güman ki, həmin qərarın uzadılmasını müşahidə edəcəyik” Ruslan Atakişiyev: “Çox güman ki, hökumət qərarın uzdaılması ilə bağlı addım atacaq”

Məlumdur ki, 2016-cı il fevral ayının 1-dən Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 il müddətinə tam sığortalanır. İndi sözügedən qanunun müddətinin başa çatmasına bir neçə həftə qalıb. 

Ekspertlərin fikrincə, müddətin uzadılmasına hələ də ehtiyac var. Bu, həm manata olan inamı bərpa edər, həm də əmanətlərdə dollarlaşma prosesinin sürətlənməsinə imkan verməz. Eyni zamanda banklarda əmanətlərin həcmində azalmanın qarşısını almış olar.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu qərar depozitlərin geri çəkilməsinin qarşısını alan vacib amil olmuşdu: “Nəzərə alaq ki, həmin dövrdə banklarda ciddi problemlər yaşanırdı. Manatın iki dəfə devalvasiyadan sonrakı dövr idi. Bu fonda bir neçə bankın bağlanması prosesi baş vermişdi. Ona görə də qorunan əmanətlər tam sığortalanmasının müsbət faydası oldu. Amma nəzərə alaq ki, hazırda da banklarda stresli vəziyyət davam edir. Bank sektoru hələ də tam özünə gələ bilməyib. O baxımdan bu qərarın uzadılmasında fayda var. Əgər qorunan əmanətlər sığortalanmasa, sabitləşmiş, inamı bərpa etməyə başlamış bank sektorunda növbəti dalğalara səbəb ola bilər. İnsanlar depozitlərini banklardan çəkməyə meyl edəcəkələr. Odur ki, ən azından növbəti ilə qədər bu qərarın müddəti uzadılması faydalıdır. Hətta yaxşı olardı ki, növbəti üç il üçün uzadılsın. Çünki, yaxın 2-3 ildə bank tam etibarlı sektora çevriləcək. Bu sahədə kifayət qədər sağlamlaşdırma dövlət proqramları həyata keçirilir. Çox güman ki, həmin qərarın uzadılmasını müşahidə edəcəyik”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, bu qərarın qəbulu milli valyutamızın iki dəfə devalvasiyası dövrünə təsadüf edirdi: “Onun da məqsədi manata olan inamı formalaşdırmaq idi. Həmin dövrdə əmanətlərin 70 faizə yaxını dollarlaşmışdı. Məhz bu problemləri aradan qaldırmaq üçün manatla qoyulan depozitlərdə sığortalanma faizi dollarda olan əmanətlərin faizlərdən dəfələrlə çox idi. Odur ki, indiki halda da prosesi davam etdirmək daha uyğun olardı. Çünki hələ də manat tam şəkildə etibarlığını formalaşdıra bilməyib. 
İnsanlarda psixoloji olaraq dollara meyllilik var. O cümlədən FED-in apardığı siyasət də dünyada dollarlaşmanı stimullaşdırmaqdır. Bu fonda manata inamı formalaşdırmaq üçün tədbir davam etdirilməlidir. Çox güman ki, hökumət qərarın uzdaılması ilə bağlı addım atacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz