Əlaqə Arxiv
news Image
2019.01.24
09:50
| A A A
Banklarda manat əmanətləri sürətlə artır
Elnur Quliyev: “Banklarda manat depozitlərinin artması son iki ildə milli valyutanın məzənnəsinin sabitliyi və manat əmanətlərinin illik gəlirliyinin dollar əmanətlərinə nisbətən yüksək olmasıdır” Natiq Cəfərli: “Manatla olan depozitlərin həcminin artması bu il də gözlənilir”

2018-ci il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 8 milyard 073,5 milyon manat təşkil edib. 

Qeyd edək ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,2 faiz artıb, xarici valyutada əmanətlər isə 0,7 faiz azalıb. İqtisadçılar əmanətlərin həcminin artımını müxtəlif amillərlə izah edirlər.
İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, 2018-ci ildə depozitlərin payının artımına səbəb bankların xarici öhdəliklərdən getdikcə imtinası və xarici maliyyə qurumlarından kredit almaq imkanlarının məhdudlaşmasıdır: “Həmçinin banklarda manat depozitlərinin artması son iki ildə milli valyutanın məzənnəsinin sabitliyi və manat əmanətlərinin illik gəlirliyinin dollar əmanətlərinə nisbətən yüksək olmasıdır. Əmanətlərin valyuta strukturu da onu göstərir ki, 2018-ci ildə milli valyutada yerləşdirilən depozitlər 23,8% artıb, xarici valyutada olan depozitlər isə 2,5% azalıb. 
Bir faktı da qeyd edim ki, son üç ay ərzində statistik məlumatlara əsasən, ümumilikdə banklar üzrə depozit portfelində azalma müşahidə olunur. Bunun da əsas səbəbi əmanətlərin sığortalanması üzrə müddətin 2019-cu ilin mart ayında başa çatmasıdır. Əmanətçilərin narahatçılığı anlaşılandır və nə qədər ki Mərkəzi Bank tərəfindən bu barədə hər hansı bir açıqlama verilməyib, mart ayına qədər banklardan əmanətlərin geri çəkilməsi davam edəcək. Belə ki, 19 yanvar 2016-cı il tarixində qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən əmanətlər (milli valyutada maksimum 15%, xarici vayutada isə 3%) 3 il müddətində tam sığortalanır. Bu müddət uzadılmasa tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi 29 dekabr 2006-cı il tarixindən qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Yəni sığortalanmış əmanətlər yalnız 30 min manatdan çox olmayan və maksimum 12% olan əmanətlər hesab ediləcək. Odur ki, əmanətlərin sığortalanması üzrə müddət uzadılmalıdır. Çünki insanların bank sisteminə güvəni baxımından kifayət qədər əhəmiyyətli faktordur. Ehtimal ki, bu müddət şərtlərdə müəyyən dəyişikliklər edilməklə, üzadılacaq, xüsusilə manat üzrə faiz dərəcəsi 15%-dən aşağı endiriləcək”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, manatın məzənnəsinin uzun müddət sabit qalması dollar əmanətlərinin manat əmanətlərinə çevrilməsini sürətləndirdi: “Həmçinin nəzərə alaq ki, manatla depozit faizləri kifayət qədər yüksəkdir. Dollarla olan əmanətlərdən isə ən yaxşı halda 2 faiz gəlir əldə etmək mümkündür. Bu da manat depozitlərinə cəlbediclik yaratdı. İnsanlar əllərində olan manatı depozitə yatırdılar. 
Eyni zamanda bank sisteminə də müəyyən güvən yarandı. Bununla da dollarla olan kreditlərin bir hissəsi manata çevrildi. Bütün bunlar manat depozitlərinin həcmində yüksəlişə səbəb oldu. 
Əgər manat sabit qalacaqsa, proses bu ildə davam edəcək. Manatın məzənnəsində isə ən azından yaxın müddət üçün bir dəyişiklik gözlənilmir. Odur ki, manatla olan depozitlərin həcminin artması bu il də gözlənilir. Manatla depozitlərdə faizlər yüksək qaldıqca cəlbediclik də artacaq. Eyni zamanda bank sisteminə güvənin artması da bu il manatla depozitlərin yüksəlməsinə səbəb olan amildir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz