news Image
2019.04.11
09:30
| A A A
Bank sektoru mühüm dəyişikliklər ərəfəsində
Əkrəm Həsənov: “Xaricdən daha çox aparıcı bankların ölkəmizə gəlməsi fonunda kredit faizlərinin aşağı enməsi və xidmət keyfiyyətinin artacağını görə bilərik”

Azərbaycan iqtisadiyyatı və bank sektorunun  inkişafı bu sahəyə xarici maraqları da artırıb. Artıq səhmdarının Pakistanın "MCB Bank" olduğu Azərbaycanın "MCB Leasing" şirkəti öz fəaliyyətini bank olmayan kredit təşkilatı (BOKT) kimi davam etdirmək niyyətindədir. Şirkətdən bildiriblər ki, bununla bağlı Vergilər Nazirliyində qeydiyyat baş tutub və hazırda müəssisənin biznes planı hazırlanır.Şirkətin lizinq fəaliyyətini də davam etdirəcəyi bildirilib.

Bu günə qədər isə ölkəmizdə Rusiya, Türkiyə, İrana məxsus bankların filiallar var. Bəs yeni oyunçuların gəlişi bu sahəyə nə vəd edir? Bu prosesin baş verməsinin kredit faizlərinə nə kimi təsirləri ola bilər?

Bank-maliyyə eksperti Əkrəm Həsənovun fikrincə, aparıcı xarici maliyyə quruimlarının gəlməsi fonunda kredit faizlərinin aşağı düşəcəyi və xidmətin keyfiyyətinin yaxşılaşacağını görə bilərik: “Azərbaycanda bu günə qədər bir neçə xarici ölkənin bankının filialı fəaliyyət göstərir.

 Hazırda Rusiyaya məxsus iki bank Azərbaycanda da fəaliyyətdədir. Bunlar VTB və Nikoil banklarıdır. Türkiyəyə aid «YapıKredi» və «Ziraatbank» da ölkəmizdə məskinlaşıb. İranın Milli Bankı da həmçinin. Pakistan Milli Bankının da filialı vardır. Xarici ölkələrin ümumiyyətlə bu günə qədər Azərbaycanda 7 bankı olub. Bu mənada sonuncu xarici bank «Accsses bank»dır. Məntiqlə ən irəlidə gedən bank da məhz bu Avropa bankı olmalı idi.  Ancaq ən yüksək faiz dərəcəsi də məhz bu bankda qeydə alınıb.

Bu bank xaricdən çox aşağı faizlə pul alsa da, onu ölkəmizdə daha yüksək fazilərlə verir. Həmçinin, bu bank ən sərt tələblərlə də çıxış edir. Sahibkar və müştərilərin başına onun qədər oyun açan digər bank yoxdur. Digər fəaliyyət göstərən xarici banklarda da fazi dərəcələri kifayət qədər yüksəkdir. Həmçinin, bank xidmətləri də elə də yüksək səviyyədə deyil. Ancaq buna baxmayaraq, xarici bankların gəlməsi bank sektorunun daha da canlanması baxımından yaxşı hal olar. Yaxşı olar ki, ölkəmizə Qərb ölkələrinin daha inkişaf etmiş bankları daxil olsun. Bu halda böyük ehtimalla ölkəmizdə fəaliyyət göstərən xarici banklar arasında da ciddi rəqabət mühiti formalaşa bilər. Nəticədə faiz dərəcələri də aşağı düşə bilər. Yəni fikrimcə, daha çox aparıcı bankların gəlməsi fonunda kredit faizlərinin aşağı enməsi və xidmətin keyfiyyətinin artacağını da görə bilərik. Əks halda, vəziyyət dəyişməyəcək. Başqa bir tərəfdən, xarici bankların gəlməsilə bir sıra yerli bank daxili bazarı tərk etməli olacaq”. 

Bu arada isə o da bəlli olub ki, Asiya İnkişaf Bankı (AİB) da ilin sonuna qədər Azərbaycanın bank bazarında iştirakını genişləndirməyi planlaşdırır. AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov bildirib ki, təmsil etdiyi bank Ticarət Maliyyələşdirmə Proqramı (TFFP) çərçivəsində bankı müəyyənləşdirməyi planlaşdırır.

“Azərbaycan bankları vasitəsilə ixrac-idxal əməliyyatlarını dəstəkləməyə hazırıq. İlin sonuna qədər, çox güman, müştərisinə dəstək verməli olan bir bankı müəyyənləşdirəcəyik” – N.Mannepbekov deyib. O qeyd edib ki, bu proqram çərçivəsində bankların siyahısının genişləndirilməsi də istisna deyil. Onun fikrincə, bu, AİB-in ticarətin maliyyələşdirilməsinə dair proqramında iştirak etmək üçün yerli bankların uyğun gəlməli olduğu kriteriyalardan asılıdır.

“Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur”, – bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib. Ümumiyyətlə, AİB TFFP-nin icrasına 2004-cü ildə başlayıb. AİB-in ticarətin maliyyələşdirilməsi proqramı ticarətin təşviqi üçün zəmanətlər və kreditlər verir, bu da bütün Asiya regionunda çox sayda şirkət və müəssisənin ixrac-idxal əməliyyatları aparmasına imkan verir. Bu proqrama qoşulan ilk banklar 2006-cı ildə “AGBank” və “Bank Respublika” olub. AİB özəl sektorun inkişafına dəstək məqsədi ilə Azərbaycan banklarının aktiv maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. Bu siyahı aşağıdakı banklardan ibarətdir: “Azərbaycan Beynəlxalq Bankı”, “Access Bank”, “AGBank”, “Bank of Baku”, “Bank Respublika”, “DəmirBank”. AİB bu banklarla kiçik və orta biznesin dəstəklənməsi və ticarətin təşviqi üçün kredit xətləri çərçivəsində əməkdaşlıq edib. 2013-cü ildən sonra AİB Azərbaycan banklarına kredit verməyib. Sonuncu kredit “Access Bank”a 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində bankın mikro kreditlər verilməsi və Azərbaycanın kənd yerlərində, o cümlədən kənd təsərrüfatı müəssisələrində və fermerlərin kiçik və orta sahibkarlıq müəssisələrinə kredit ayırması üzrə fəaliyyətinə dəstək məqsədi ilə verilib. AİB 2019-cu ildə ilk dəfə Azərbaycan bankının kapitalında iştirak payını alıb və “Access Bank”ın səhmlərinin 19,9%-nə sahibi olub. “Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur”, – bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib.

Xatırladaq ki, AAİB 1966-cı ildə yaradılıb və onun 67 üzvü var. Bankın qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-də bankın üzvlüyünə qəbul edilib, ölkənin bankın kapitalındakı payı 0,5 faiz təşkil edir.

 

Rüfət NADİROĞLU