news Image
2019.09.21
09:30
| A A A
Banklar kredit faizlərində güzəştə getmir
Ruslan Atakişiyev: “Maliyyə alətləri nə qədər çox olsa, rəqabət mühiti artacaq və kredit faizləri də aşağı endiriləcək” Fuad İbrahimov: “Aşağı faizlərlə mənbə əldə olunmalıdır ki, ən azından rəqabət siyasəti nəticəsində kredit faizlərinin aşağı düşməsini görə bilək”

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 8 faizə endirdi. Qeyd edək ki, sözügedən qurum artıq müəyyən müddətdir ki, məhz bu istiqamətdə addım atır.

Onu da vurğulayaq ki, uçot dərəcəsini endirməkdə qarşıya qoyulan məqsədlərdən biri də bankların kredit fazilərinin aşağı salınmasına nail olmaqdır. Ancaq mövcud vəziyyət onu deməyə əsas verir ki, atılan addıma rəğmən, kommersiya bankları kredit faizlərini aşağı salmırlar. Yəni bu prosesin kredit faizlərinin aşağı endirilməsinə təsiri olmur.

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, banklar risq amilini əsas gətirərək kredit faizlərini hələ də aşağı salmırlar: “Məsələ ondan ibarətdir ki, uçot dərəcəsinin aşağı salınmasının məqsədlərindən biri də məhz daha ucuz maliyyə mənbələrinə çıxış əldə edilsin. Burada gözləntilərdən biri də ondan ibarətdir ki, faiz dərəcələrini aşağı salmaqla yanaşı daha çox vəsait real sektora yönəlsin. Amma əfsus ki, iqtisadiyyata qoyulan kreditlərin həcmində istehlak kreditləri üstünlük təşkil etməkdə davam edir. Belə ki, istehlak kreditləri bütün verilən kreditlərin 30-40 faizini təşkil edir.

Sənaye sahəsində kredit verilişi 10-12 faiz civarındadır. Kənd təsərrüfatına verilən kreditin həcmi isə daha azdır. Ona görə hesab edirik ki, maliyyə bazarında maliyyə bolluğunu, yəni təklifi formalaşdırmaq yolu ilə kreditlər üzrə faiz dərəcəsinin aşağı salınmasına cəhd göstərilir. Ancaq görünən odur ki, banklar yenə də krediti əvvəlki faiz dərəcələrilə verməkdə maraqlıdır. Bunun da səbəbi bankların vaxtı keçmiş kreditlərdən özlərini kompensasiya etmələri, daxili risqləri azaltmaq istiqamətində iş aparmalarından qaynaqlanır. Son dövrlər banklarda nizamnamə kapitalının artırılması istiqamətində müəyyən işlər gedir. Bu da onu göstərir ki, gələcəkdə bankların fəaliyyəti istiqamətində şərtlərin sərtləşməsi gözlənilə bilər”.

Həmsöhbətimiz çıxış yolu olaraq burada digər maliyyə alətlərinin  gücləndirilməsini təklif etdi: “Xüsusən də səhm bazarı. Yəni kapital bazarı inkişaf etdirilməlidir. Son zamanlar dövlət tərəfindən islam maliyyə alətləri istiqamətində iş aparılır. Burada məsələ ortaqlıq prinsipindən gedir. Banklara bu kimi imkanlar verilsə, sonda proses kreditlər üzrə faiz dərəcələrinin enməsinə də istər-istəməz öz təsirini göstərəcək. Yəni maliyyə alətləri nə qədər çox olsa, rəqabət mühiti də artacaq. Vəsaitin indi çox olması ilə yanaşı tələb də çoxdur. Ona görə alətlərin də sayının daha da artırılması vacibdir. Nəticədə proses tənzimlənəcək”.

İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bankların kredit faizlərini aşağı salmamasının səbəbi institusional səviyyədə bankçılıq sisteminin hələlik inkişaf etməməsi ilə bağlıdır: “Neftin qiymətinin 2014-cü ildə aşağı düşməsi səviyyəsində bildiyiniz kimi, regional səviyyədə iqtisadi natarazlıq yarandı. Nəticədə proses Azərbaycanın maliyyə sektoruna da müəyyən zərbələr vurdu.Bir çox banklar müflisləşərək ümumiyyətlə fəaliyyətlərini dayandırdı. Mərkəzi Bank müxtəlif alətlərdən istifadə etməklə bank sektoruna yardımlar etməyə başladı, stimullaşdırıcı addımlar atdı. Stimullaşdırıcı addımlar isə uçot dərəcəsinin həm artırılması, həm də azaldılması fonunda baş verdi. Yəni bu müddətdə uçot dərəcəsində həm artımlar oldu, həm də azaşlmalar. Əslində uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin də aşağı düşməsinə gətirib çıxarmalıdır. Ancaq bunu hələ ki, hiss etmirik.

Əslində, sağlam rəqabət mühitində bu dərhal özünü göstərməli idi. Uçot dərəcəsi 8 faizə salınıbsa, banklar yeri gələndə krediti 11-12 faizlə də verə bilərdilər. Ancaq bunu görmürük. İndilikdə ən aşağı faiz dərəcəsi 14-15 faizdir. Azərbaycan bankları institusional səviyyəsə bankçılıq sistemindən hələlik kənardır. Onlar gəlir mənbəyini ancaq kredit verməkdə görür. Sahibkarlar da risqli kreditlərə getmir”.

O da qeyd etdi ki, problemin həlli üçün banklar digər alternativ variantlara getməli və daha ucuz bank investisiyasına nail olmalıdır: “Hər hansı maliyyə qurumu tərəfindən 3-4 faiz civarında banklara maliyyə yerləşdirilsə, şübhəsiz ki, bu amilin özü kredit fazilərinin aşağı düşməsinə təsir edəcək. Ancaq 8 faizlik uçot dərəcəsinin özü də yüksək rəqəmdir. Ona görə yaxın gələcəkdə ucuz kreditlərin verilməsinin şahidi olmayacağıq. Aşağı faizlərlə mənbə əldə olunmalıdır ki, ən azından rəqabət siyasəti nəticəsində kredit faizlərinin aşağı düşməsini görə bilək”.

Rüfət NADİROĞLU

money.az currency