Əlaqə Arxiv
news Image
2019.10.05
07:00
| A A A
Banklar depozit və kredit faizlərində yenə böyük fərq yaradırlar
Samir Əliyev: “Bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır”

Banklarda depozitlərlə kredit faizləri arasında hələ də böyük fərqlər mövcuddur. Xüsusən də xarici valyutada bu, özünü qabarıq göstərir. Belə ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsələr də, belə dollar ilə depozitlərə 1 faizdən az divident ödəyirlər. Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər. Bu o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır. Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2.5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir. Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev depozitlərlə kredit faizləri arasında böyük faiz fərqinin olmasının səbəbini kredit üçün istifadə edilən vəsaitin baha əldə edilməsində görür: “İstənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Maya dəyəri ucuzlaşdıqda satış qiyməti də aşağı düşür. Maya dəyəri yüksək olduqda təklif edilən məhsul da bahalaşır”.

Ekspertin fikrincə, bankların cəlb etdikləri vəsaitin baha olmasının səbəbi depozitlərin bahalığından qaynaqlanır: “Bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır. Bankların cəlb etdikləri vəsaitin təxminən 78,3 faizi depozitlərin payına düşür. Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını, alternativ mənbələrin payının isə az olduğunu göstərir.

Bankların xarici öhdəliklərinin də ümumi kredit qoyuluşunda payı azdır. Beş il əvvəl xarici öhdəliklərin payı 28 faiz olduğu halda hazırda bu pay 12 faizə düşüb. Buna səbəb bankların xarici öhdəliklərinin 63 faiz azalmasıdır. Azalma digər mənbə olan mərkəzləşdirilmiş kreditlərdə də müşahidə edilib. Mərkəzi Bankın yenidən maliyyələşmə xətti ilə banklara ayırdığı kreditin payı da azdır. 20 faizdən 4,5 faizə düşüb”.

S.Əliyev onu da qeyd etdi ki, depozitlərin illik faiz dərəcəsi kreditlərin illik faiz dərəcəsinə birbaşa təsir göstərir: “2019-cu il sentyabrın 1-i tarixinə əmanətlər də daxil olmaqla ümumi depozitlərin milli valyuta üzrə orta illik faiz dərəcəsi 9,6 faiz olub. Xarici valyuta üzrə isə 2,04 faiz təşkil edib. Ayrı-ayrılıqda götürdükdə hüquqi şəxslərin depozitləri üzrə faiz dərəcəsi 4,7, əhali əmanətləri üzrə isə 10,05 faiz olub”.

Ekspert düşünür ki, kreditlərin baha olmasının digər səbəbi əməliyyat xərclərinin yüksək olmasıdır: “Əməliyyat xərcləri kredit üçün cəlb edilən vəsaitin 4-5 faiz bahalaşmasına səbəb olur. Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi də yüksəkdir, 8,1 faiz.  Risk amili də kredit faizlərinin yüksəlməsinə təsir edir. Bu gün kreditlərlə bağlı məhkəmə sisteminin səmərəli işləməməsi, girov mexanizminin təkmil olmaması və s. risklər artırır. Bu, kreditlərin geri qayıtma ehtimalını aşağı salır. Buna görə də banklar vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırır. Belə vəziyyət həm də kredit üçün ayrılan vəsaitin azalmasına gətirib çıxarır. Əgər devalvasiyadan əvvəl banklar əllərindəki vəsaitlərin 73,5 faizini  kreditləşməyə yönəldirdisə, 2019-cu ilin ilk dörd ayında bu göstərici azalaraq 43,3 faizə düşüb. Banklar riskli kreditləşmədənsə, az riskli qiymətli kağızlara yatırıma üstünlük verirlər. Vaxtı keçmiş kreditlər də burada problem yaratmaqda davam edir. Nəticədə vaxtında qaytarılmayan kreditlərə görə ümumi kredit faizləri də artır”.

Kredit faizlərinin aşağı salınması üçün S.Əliyev depozit faizlərinin aşağı səviyyədə tutulmasının vacib olduğunu bildirdi: Ancaq bu da yeganə çıxış yolu deyil. İlk növbədə girov mexanizmləri sadələşdirilməlidir. Bundan başqa qiymətli kağızlar buraxılışı artırılmalıdır. Dövlət qiymətli kağızlar buraxmaqla bankların ucuz vəsait əldə etməsinə şərait yarada bilər. Qiymətli kağızlar bazarının inkişafı əhəmiyyətlidir. Bazarın inkişafı və iqtisadiyyatın beynəlxalq resurslara tam açıqlığı vasitəsilə kredit bazarında rəqabət mühiti təmin edilməlidir. Banklar isə internet və mobil bankçılığı inkişaf etdirməklə və bank məhsullarının çeşidini artırmaqla kredit faizlərini azalda bilərlər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz