news Image
2020.02.05
09:28
| A A A
Dövlət əhalinin banklara inamını bərpa edir
Fuad İbrahimov: “Makroiqtisadi cəhətdən ölkədəki aktivlik onu göstərir ki, bankların biznes kreditlərinə üstünlük verməsi sahəsində 2020-ci ildə ciddi dönüş olacaq”

“Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır.

“Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın.

Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər”.

Beləliklə, görürük ki, kommersiya banklarının biznes kreditlərə üstünlük verməsinin vacibliyi məsələsi növbəti dəfə Prezident tərəfindən diqqətə çatdırılır. Qeyd edək ki, belə bir açıqlama ilə dövlət başçısı keçən ilin yekunlarına həsr edilən müşavirədə də çıxış etmişdi. Azərbaycanda isə hələlik banklar istehlak kreditləri verməyə daha çox meyl edir. Onu da vurğulayaq ki, bu günlərdə Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə aşağı salaraq 7,25 faizə endirdi.

Bankların biznes kreditlərinə üstünlük verməsinin vacibliyi məsələsinə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimov bunun üçün birinci növbədə biznes mühitinin daha da yaxşılaşdırılmasını vacib bildi: “İlk növbədə daha yaxşı biznes mühiti olmalıdır ki, biznes kreditlərindən ötrü müraciətlər də olsun. Təəssüf olsun ki, Azərbaycanda müəyyən dövrdə biznes kreditlərin verilməsi səviyyəsi istehlak kreditlərilə müqayisədə olduqca aşağı idi. Bunun da səbəbi o idi ki, indiki şəraitdə banklar istehlak kreditlərinin verilməsində özlərini daha rahat hiss edirlər. Yəni cənab Prezidentin dediyi kimi, onlar daha asan yolla gəlir əldə etməyi düşünürlər”.

Digər tərəfdən, ekspertə görə, biznes kreditlərinin verilməsində bankların maraqlı olması üçün faiz dərəcələri aşağı olmalıdır: “Bununla yanaşı onlar üçün mövcud olan müəyyən risqlər də aradan qaldırılmalıdır. Banklar da bu risqlərə getməmək üçün özləri üçün daha asan yolu seçir. Buna baxmayaraq, Prezidentin qeyd etdiyi kimi, hökumət qarşısında müəyyən sürprizlər də qoyublar. Bu nöqteyi-nəzərdən kommersiya banklarına biznes kreditlərilə bağlı xüsusi xəbərdarlıq edilməsi, konkret olaraq hökumətin biznes sahəsinə prioritet diqqətinin olmasından xəbər verir. Nəticədə göztəriş verildi ki, biznes kreditlərinin verilməsinə elastik şərait yaradılsın”.

Bundan ötrü də həmsöhbətimizə görə, xüsusi Kredit Portfeli yaradılmalıdır: “Fond yaradılmalıdır. Düşünürəm ki, Maliyyə Nazirliyi və digər müvafiq dövlət orqanları bu məsələləri kompleks şəkildə həll etməlidirlər. İndilikdə isə biznes kreditlərini istehlak kreditləri kimi vermək mümkün deyil, çünki faiz dərəcəsi çox yüksəkdir. Biznes kreditlərini təşviq etmək üçün ilk növbədə onun mənbəyi, yəni portfeli müəyyən olunmalıdır. Bununla bahəm, biznes mühitinin özü də formalaşmalıdır ki, həmin sahəyə ciddi kreditlər verilsin. Düşünürəm ki, biznes kreditləri üçün Kredit Fondu yaradılsa, biznes sahibləri də bu sahədən geniş yararlana bilərlər. Ümumiyyətlə, makroiqtisadi cəhətdən ölkədəki aktivlik onu göstərir ki, bankların biznes kreditlərinə üstünlük verməsi sahəsində 2020-ci ildə ciddi dönüş olacaq”.

R. SOLTANOV