Əlaqə Arxiv
news Image
2016.11.22
09:00
| A A A
Bankların sayı yenidən azalacaq?!
Ruslan Atakişiyev: “Bu, daha dayanıqlı, xüsusən də real sektorla işləyən qurumların formalaşmasına gətirib çıxaracaq” Əkrəm Həsənov: “Əsas bankların keyfiyyətidir”

"Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır". Bunu deputat Vahid Əhmədov deyib. V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”.

Qeyd edək ki, oxşar fikirləri tez-tez səsləndirilir. Lakin təmərkküzləşmə məsələsində ekspertlərin baxışları fərqlidir.İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev ilk növbədə onu xatırlatdı ki, Azərbaycanda ötən ilin müvafiq dövründə 43 bank var idi: “Ancaq hazırda ölkəmizdə fəaliyyət göstərən bankların sayı 32-ə enib. Ümumiyyətlə, bankların optimal sayı ölkənin maliyyə bazarının inkişaf tendensiyası ilə bağlıdır. Amma bu gün ölkəmizin maliyyə bazarında bank sektorunun, kapitalın təmərkküzləşməsinə ehtiyac var. 
Bu gün elə banklar var ki, bank statsunda olsalar da, onlar likvidlik, bank funksiyalarını tam şəkildə yerinə yetirməsi baxımından bank olmayan kredit təşkilatları səviyyəsindədirlər. Ona görə də bu tip qurumların birləşməsi daha məqsədəuyğundur. Bu, daha dayanıqlı, xüsusən də real sektorla işləyən qurumların formalaşmasına gətirib çıxaracaq”. 
Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov isə fərqli düşünür: “Bu məsələni prinsipial hesab etmək olmaz. Bankların sayı elə də əhəmiyyətli amil deyil. Dünyada da belə standart yoxdur. Ölkədən-ölkəyə fərq var. 
ABŞ-da xırda banklar çoxdur deyə, orada əhalinin sayına görə banklar da çoxluq təşkil edir. Ancaq Avropada əksinədir. Avropada bankların sayı azdır. Yəni, bankın sayı əhəmiyyətli deyil. Əsas bankların keyfiyyətidir. Nəzərə alaq ki, hazırda böyük banklarımız olsa da, onların bəzilərində xidmət istənilən səviyyədə deyil. Elə kiçik banklarımız da var ki, pis xidmət göstərmirlər. Yəni, bankların sayını azaldıb, ancaq böyük bankları saxlamağın əhəmiyyəti yoxdur. Sadəcə, bizdə bank qanunverciliyi təkmilləşdirilməli, banklara nəzarət güclü olmalıdır. Bunlar olarsa, banklarının sayının əhəmiyyəti yoxdur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz