Əlaqə Arxiv
news Image
2016.11.23
09:37
| A A A
Banklar dolların alış qiymətini azaldır
Cəfər İbrahimli: “Banklar özlərində olan valyutanı satmağa çalışırlar” Oqtay Haqverdiyev: “Qəpik səviyyədə dəyişmələr texniki amildir”

Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7091 manat məzənnəsi ilə başlayıb və 1,7146 AZN/USD məzənnəsi ilə yekunlaşıb.   Hazırda  diqqəti çəkən odur ki, kommersiya bankları dolların alış qiymətlərini aşağı salır, satış isə demək olar olduğu kimi qalır. 

Bu arada banklara əhali tərəfindən dollar satışında da azalma müşahidə olunur. Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli bankların dolların alış qiymətini aşağı saldığını təsdiqləyir: “Bunun da səbəbləri mövcuddur. Son zamanlar dolların məzənnəsinin yüksəldiyi üçün bazarlarda gözlənti var. Belə ki, banklar Mərkəzi Bankın və Dövlət Neft Fondunun hərraca əlavə vəsait çıxaracağı və nəticədə bazarda valyuta bolluğu yaranacağını düşünürlər. Ona görə də banklar özlərində olan valyutanı satmağa çalışırlar. Yəni, bu, bazarla bağlı ola biləcək tələb siqnalı idi”. 
Cəfər İbrahimli əlavə etdi ki, bazarda hazırki şərtlər hələ də əhalinin dollara tələbatının olduğunu göstərir: “Baxmaraq ki, Mərkəzi Bank faiz dərəcələrini artırdı. Yaxud da dolların alıcılığını azaltmaq və manata güvəni artırmaq üçün bazardan kifayət qədər manat yığaraq pul kütləsinin azaltdı. Lakin həyata keçirilən bütün bu monetar siyasətin sonunda da dollara marağın olduğu gözlənilir. Ona görə də indiki vəziyyətdə əhali tərəfindən kütləvi şəkildə dollar satışı gözlənilən hesab olunmur”. 
Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, hazırda manatın məzənnəsi tam üzən rejimdə deyil: “Manat həm də tənzimlənir. Buna görə də gündəlik tələb və təklifdən asılı olaraq, belə dəyişikliklərə məruz qalır. Bu da iqtisadiyyatda gedən ayır-ayrı proseslərlə əlaqəli ola bilər. Ancaq ciddi məzənnə dəyişikliyi olmayıb. Qəpik səviyyədə dəyişmələr texniki amildir. Hansısa iqtisadi prosesin nəticəsi kimi buna baxmaq düzgün deyil”.
Ekspert əlavə etdi ki, hazırda insanlar saxlamaq üçün dolların daha sərfəli olduğunu bilirlər: “Dollar qiymətdən düşməyən valyutadır. Ona görə də əhali mümkün qədər dollar satışını azaldır”.

 

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz