Əlaqə Arxiv
news Image
2016.11.25
10:10
| A A A
Lizinqin inkişafına maneə yaradan əsas səbəblər açıqlandı
Xəyal Məmmədxanlı: “Bu gün Avropa, dünya ölkələrində lizinq kreditdən daha cəlbedicidir” Fizuli Teymurov: “Lizinqlə verilən maşınların sığorta məbləği yuxarı olur”

Məlumdur ki, hazırda ölkəmizdə kreditlə avtomobil satışının həcmi çox azdır. Maşın almaq istəyən şəxslər bunu ya nağd, ya da lizinqlə həyata keçirirlər. Ancaq araşdırmalar göstərir ki, Azərbaycanda lizinqlə avtomobil alışına maraq elə də böyük deyil. Yəni, lizinqlə satış növü inkişaf etməyib. Halbuki, Avropa dövlətlərində avtomobil alış və satışında lizinqə böyük üstünlük verilir. Mütəxəssislərin sözlərinə görə, bunun səbəb Azərbaycanda insanların lizinq barədə məlumatsız və ən əsası lizinq şərtlərini ağır olmasıdır. 

Mütəxəssis Xəyal Məmmədxanlı bildirdi ki, lizinqlə kredit arasında əsas bir fərq var: “Kredit müqaviləsində kredit predmeti olan əmlak vətəndaşın adında olur. Sadəcə, həmin əmlak kredit öhdəliyinin təminatı olaraq bankda girovda saxlanılır. Lizinqdə isə həmin əmlak müqavilənin sonuna qədər lizinq şirkətinin adında qalır, onun əmlakı hesab olunur. 
Lizinq müqaviləsi üzrə öhdəliklər yerinə yetirildikdən sonra lizinq şirkətinin razılığı əsasında əmlak öhdəliyini yerinə yetirən şəxsin adına keçirilir. Bu gün Avropa, dünya ölkələrində lizinq kreditdən daha cəlbedicidir. Çünki, vətəndaş həmin əmlakı nə xaricdən gətirmək, nə xaricdən sifariş vermək, nə də gömrükdən keçirmək kimi məsələlərlə məşğul olmur. Hazır məhsulu alaraq aylıq lizinq ödənişlərini həyata keçirir. Lakin Azərbayanda problem odur ki, bütün lizinq əməliyyatlarına 18 faiz əlavə dəyər vergisi tətbiq olunur.  Hansı ki, kredit müqavilələrində bu yoxdur. Belə olan halda isə əmlakın dəyəri nağd qiymətindən baha başa gəlir. Bu da insanları lizinqdən uzaqlaşdırır. Lakin vaxtı ilə Azərbaycanda lizinq yaxşı inkişafda idi. Son dövrlərdə isə bir çox lizinq şirkətləri fəaliyyətini dayandırdı. 
Lizinq şirkətinin ən uğurlu addımı o olardı ki, ucuz vəsait cəlb edə bilsin. Amma hazırda maliyyə bazarındakı vəziyyət ona gətirib çıxarıb ki, lizinq şirkətləri ucuz vəsait cəlb edə bilmirlər. Bu zaman isə lizinqə verdikləri predmetə görə lizinq götürənlərdən gərək illik 35 faiz alsınlar. Bu da kifayət qədər böyük rəqəm olduğundan liziinqin cazibədarlığını azaldır”.
Lizinq məsələləri üzrə digər ekspert Fizuli Teymurov bildirdi ki, bizdə lizinq şərtləri ağırdır: “Məsələn, avtomobil satışı zamanı qabaqcadan dəyərin çox hissəsini tələb etmək və maşının tam dəyəri ödənilməyənə qədər  onun müştərinin mülkiyyəti sayılmaması, ödənişin verilə bilinmədiyi halda müştəri tərəfindən ödənilmiş əvvəlki məbləğin aqibətinin bəlli olmaması  kimi problemlər işin ləng getməsinə əngəl sayıla bilər. Nə etmək lazımdır? 
Əlbəttə ki, Avropa təcrübəsi pis olmazdı. Amma insanlarımızın həyat tərzi, maddi imkanları, məsələlərə yanaşma tərzi eynidirmi? İlkin ödənişlərin məbləğini 0% endirib, aylıq ödənişləri azaltmaqla müddəti uzatmaq lazımdır. Yeri gəlmişkən, lizinqlə verilən maşınların sığorta məbləği də yuxarı olur. Fiziki şəxslərə nisbətən hüququ şəxslərdə  20% baha olur. Bu cür şərtlər insanları lizinqdən uzaq tutur”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz