Əlaqə Arxiv
news Image
2016.12.07
09:00
| A A A
İpotek kreditləri mənzil bazarını yenidən canlandırır
Vüqar Oruc: “Bu hadisə ilk növbədə gənc ailələrin mənzil probleminin həllinə gətirib çıxaracaq” Fikrət Yusifov: “İpoteka kreditlərinin verilməsinin bərpa olunması tədqirəlayiq hadisə hesab olunmalıdır”

 “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka kreditləşməsi prosesi bərpa olunub. Artıq 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 049-a çatıb.  

Yeni müştərilərə ümumilikdə 3,186 milyon manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 61 min manat təşkil edib. Son nəticədə AİF-in məcmu ipoteka portfeli 733,988 milyon  manata yüksəlib. Qeyd edək ki, əvvəlki 6 ay ərzində banklar ipoteka kreditinin verilişini dayandırmışdı. Mütəxəssislərin sözlərinə görə, ipoteka kreditlərinin bərpası mənzil bazarında aktivliyə səbəb olacaq.
"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi prosesinə start verilməsi təqdirəlayiq hadisədir: “Artıq planın ilkin hissəsi başlanılıb. Ehtiyacı olanlar üçün ipoteka krediti ayrılır. Amma prosesin yaxın gələcəkdə daha da inkişaf etdirilməsi gözlənilir ki, bu da ipoteka krediti alanların sayının artımı deməkdir. 
Prosesin daşınmaz əmlak bazarına, sosial məqsədli mənzil alanlara böyük təsiri olacaq. Çünki, istənilən alış-veriş faktı son nəticədə daşınmaz əmlak bazarında müəyyən hərəkətliliyə səbəb olur. Düzdür, ayrılan vəsaitin miqdarı azdır. Bu baxımdan canlanma müəyyən qədər lokal xarakterli ola bilər. Odur ki, prosesin daha geniş xarakter alması vacib amildir. Bu, ölkədə həm gənc ailələr, həm də evə tələbatı olan digər zümrələr arasında ipoteka krediti vasitəsi ilə mənzil sahib olanların sayını artırar. Bu hadisə ilk növbədə gənc ailələrin mənzil probleminin həllinə gətirib çıxaracaq. Eyni zamanda daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq. 
Hazırda dünyada yaşanan iqtisadi böhranın ölkədəki təzahürlərini müəyyən qədər zərərsizləşdirmək üçün bazarlarda canlamanın yaradılması məqəsədəuyğun hadisədir. Böhranın qarşısını tam almaq mümkün olmasa da, onun təsirlərini müəyyən qədər zərərsizləşdirmək olar. Bunun üçün müxtəlif bazalarda müəyyən canlanmalara nail olmaq lazımdır. Bu, ölkə iqtisadiyyatına da pozitiv təsir göstərəcək. Eyni zamanda nəzərə alaq ki, Prezidentin fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Odur ki, hər iki yolla əhalinin mənzil problemi həll edilsə, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərmiş olar. Amma bu gün üçün hansısa canlanmanın baş verdiyini demək tezdir. Verilən ipotekalar cüzi hissəni təşkil edir. Yaxın gələcəkdə daha geniş proqram həyata keçirilirsə, ciddi canlanma yaşana bilər”.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi prosesinin bərpa olunması mövcud iqtisadi böran şəraitində əmlak bazarında müəyyən canlanma yaranmasına səbəb ola bilər: “Bu isə öz növbəsində tikinti sektorunun inkişafını stimullaşdıra bilər. Bu səbəbdən ipoteka kreditlərinin verilməsinin bərpa olunması tədqirəlayiq hadisə hesab olunmalıdır. Lakin bu kreditlərin verilməsində bir mühüm məsələ onların həqiqətən də real olaraq ipoteka krediti şərtlərinə uyğun bir səviyyədə təklif edilməsidir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz