news Image
2017.01.11
09:00
| A A A
Banklar hələ də real sektordan uzaq qaçırlar
Xalid Mikayılov: “Bankların kredit portfelində ticarət və xidmət sektorunun payının yüksək olmasının həm makroiqtisadi, həm də mikroiqtisadi səbəbləri var” Afiq Ağaquliyev: “Bunun əsas səbəblərindən biri odur ki, ticarət və xidmət sahələrinin bazarda payı həddindən artıq çoxdur”

Araşdırmalar göstərir ki, banklar hələ də kreditlərinin çox az bir hissəsini emal, istehsal sektoruna yönəldirlər.  Bankların kredit portfelində ticarət və xidmət sahələrinə düşən kreditin səviyyəsi yüksək olaraq qalmaqdadır. Halbuki, bankların real sektora meyl etmələri üçün  dəfələrlə ən yüksək səviyyədə belə çağırışlar olub. İqtisadçılar bunun müəyyən səbəblərinin olduğunu deyirlər.

İqtisadçı-ekspert Xalid Mikayılov hesab edir ki, bankların kredit portfelində ticarət və xidmət sektorunun payının yüksək olmasının həm makroiqtisadi, həm də mikroiqtisadi səbəbləri var: “Makroiqtisadi səbəb sırf olaraq ölkə iqtisadiyyatının strukturu ilə bağlıdır. Belə ki, bu günə kimi ölkədə formalaşan ticarət və xidmət sektorları əsasən xaricdən idxala əsaslanıb. Çünki bahalı neft hesabına bu, daha sərfəli olub. Ona görə də ölkədə olan kapitalın əksəriyyəti ticarət və xidmət sektoruna cəmləşib və bu sahələr tez qazanmaq mənbəyinə çevrilib. Burada çalışanların da gəlirləri yüksək olduğuna görə risk aşağıdır. Bu səbəbdən bankları daha çox cəlb edib. 
Mikroiqtisadi səbəb isə bank kapitalının strukturu və onların biznes strategiyası ilə bağlı olub. Kommersiya bankları ayrı-ayrılıqda məqsədləri maksimum mənfəət əldə etmək olan müəssisələrdir. Bu baxımdan banklar üçün investisyanın tez və risksiz qayıtması ən mühüm məsələdir. Real sektoru böyük həcmli və riskli uzunmüddətli kredit tələbi əvəzinə qısamüddətli mənfəətə üstünlük veriblər. Bunu şərtləndirən əsas səbəblərdən biri də bankların kapital bazasında əsas yeri xaricdən və daxili bazardan cəlb edilmiş qısamüddətli vəsaitlərin tutmasıdır. Banklar isə öz növbəsində likvid qalmaq üçün qısamüddətə kredit verməyə məcbur olurdular. Lakin əgər onların məcmu kapitalları bazada əsas yeri tutsaydı, onda daha uzunmüddətli kreditlər verməyə meylli olardılar. Bundan əlavə, xarici ölkələrdə də artıq bankçılıq fəlsəfəsi dəyişib. Çünki, banklar korporativ, yaxud investisiya bankları olaraq əsasən maliyyə bazarlarında iştirak edirlər. Onlar daha çox səhm və istiqraz ticarəti, kompaniyaların biləşməsi kimi maliyyə xidmətləri üzrə ixtisaslaşırlar. Yəni, iqtisadiyyatı birbaşa maliyyələşdirməkdənsə, maliyyə vasitəçiliyinə üstünlük verirlər. Bu, real sektor üçün də maliyyə xidmətinin keyfiyyətini artırmağa imkan verir. Çünki real sektor üçün kreditlərdən daha çox səhm buraxılışı və istiqraz satışı daha sərfəli borclanma üsuludur. Bunlar həm riski bölüşdürməyə, həm də vəsaitləri uzunmüddətə cəlb etməyə kömək edir. Düzdür, bəzi güclü və reytinqi yüksək real sektor müəssisələri olur ki onlar beynəlxalq maliyyədə debenture (reytinq) krediti almağa imkan verir. Məsələn BP  və ya Coca-Cola kimi nüfuzlu şirkətlərə banklar istənilən məbləğdə resrus təklif etməyə hazır olur. Hazırda ölkə iqtisadiyyatı idxalyönümlü strukturdan ixracyönümlü sturktura keçməyə cəhd edir. Əgər bunun nəticəsində real sektor gəlirli olsa, onda ölkə bankları özləri onları həvəslə kreditləşdirəcək”.
Ekspert əlavə etdi ki, real sektora bankları cəlb etmək üçün dövlətin dəstəyi ilə sənaye, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı üzrə ixtisaslaşmış banklar yaradıla bilər: «Dövlət bu bankları uzunmüddətli resurslarla təmin edə bilər. Bir çox ölkələrdə bu cür banklar fəaliyyət göstərir”. 
Digər iqtisadçı-ekspert Afiq Ağaquliyev hesab edir ki, bunun əsas səbəblərindən biri ticarət və xidmət sahələrinin bazarda payının həddindən artıq çox olmasıdır: “Emal və istehsal sahələrinin isə bazarda payı azdır. Fiziki şəxs olaraq emal və istehsal sahələrini işlədən insanların böyük əksəriyyətinin şəxsi obyekti deyil, icarəyə götürdükləri obyektlərdən istifadə edirlər. Həmin yerlərdə də çox zaman iş şəraiti yüksək səviyyədə olmur. Banklar isə kredit verərkən müəssisənin məhsuluna nə qədər tələbatın olmasını, xammalın yerli, yaxud da xaricdən gətirildiyini dəyərləndirirlər. O sahədə çalışan şəxslər işlərini real bazar şəraitində qurmadıqlarından banklar portfellərinin az hissəsini onlara ayırırlar”.
Ekspertin fikrincə, bankları real iqtisadiyyata cəlb etmək üçün dövlət tərəfindən müəyyən addımlar atılmalıdır:  “Həmin sahibkarlara yardımlar təqdim edilərsə, banklar sahənin dövlətin marağında olduğunu görər. Bundan sonra o sahələrə kredit ayırmaqda maraqlı olarlar”. 
Mübariz BAYRAMOV 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs