news Image
2017.01.14
09:00
| A A A
Nağdsız dövriyyə genişləndirilir
Rəşad Həsənov: “Bu, nağdsız formada kreditlərin xərclənməsi imkan yaradacaq ki, kredit verən təşkilat kreditin sonrakı taleyini izləyə bilsin” Qubad İbadoğlu: “Nağdsız dövriyyənin genişləndirlməsi üçün belə qərarların tətbiqinə ehtiyac var”

“Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək”. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib. 

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır". İqtisadçıların fikrincə, qərar nağdsız hesablaşmaların həcminin artmasına kömək edəcək. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, bu qərarın qəbul olunmasında bir neçə məqsəd var: “Birinci məqsəd nağdsız formada ödənişlərin həcminin genişlənidirilməsidir. Yəni, praktiki olaraq, ödənişlərin bu növünün daha da inkişaf etdirilməsi, eyni zamanda bunun üçün münasib bazanın yaradılmasıdır. Kredit nağdsız şəkildə verilirsə, vətəndaşın bu hesabdan nağdsız ödəniş etməsi üçün bazadır. Bu da işin sadələşdirilməsi ilə prosesi təşviq edə bilər. 
Digər tərəfdən, bundan sonra sahibkarlıq subyektlərinin kreditlərindən nağdlaşdırma zamanı 1 faiz vergi ödəməsi tutulacaq. Bu da əlavə verginin  yaradılması yolu ilə büdcə gəlirlərinin artırılması məqsədlərindən biridir.  Bundan başqa, bu, nağdsız formada kreditlərin xərclənməsi imkan yaradacaq ki, kredit verən təşkilat kreditin sonrakı taleyini izləyə bilsin. Praktika onu göstərir ki, bir çox hallarda kredit təyinatı üzrə istifadə edilmir. Məsələn, bəzən sahibkarlıq subyekti krediti dövriyyə həcminin genişlənidirilməsi, yaxud da hansısa inventarın alınması məqsədi ilə götürdüyü halda vəsaiti borcun ödənişinə yönəldir. Amma nağdsız formada xərclənmənin təmin edilməsinə dəstək vermək yolu ilə bundan sonrakı dövrdə banklar kreditin növbəti taleyini izləyə biləcəklər. Eyni zamanda nəzərə alaq ki, iqtisadiyyatda istehlak qabiliyyətini büdcə xərcləməli və banklar tərəfindən verilən xərclər formalaşdırır. Banklar tərəfindən verilən kreditlərin böyük bir qisminin nağdsız formada xərclənməsi kredit bazasının genişlənməsinə gətirib çıxara bilər. Eyni zamanda, bu, kölgə iqtisadiyyatının həcminin daralmasına da təsir göstərəcək. Büdcə daxilolmalarının həcminin artımına, uçotun təkmilləşməsinə də müsbət təsir edə bilər. Bu baxımdan qərarı mütərəqqi addımlardan hesab etmək olar”. 
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirdi ki, bu, mütərəqqi yanaşmadır: “Nağdsız dövriyyənin genişləndirlməsi üçün belə qərarların tətbiqinə ehtiyac var. Bu, həm də kölgə iqtisadiyyatının qarşısının alınmasına, eyni zamanda banklardan kənar dövriyyənin, vergi uçotunun aparılmasına və onun sənədləşdirilməsinin, hesaba daxil edilməsinin həyata keçirilməsinə şərait yaradacaq. Amma vəsaiti nağdsız alan şirkətlər, şəxslər nağdlaşdırılma zamanı məhdudiyyətlərlə üzləşəcəklər. Bu da Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini genişləndirmək baxımından bir sıra tədbirlər tələb edir. Bu tədbirlər həyata keçirilərsə, son nəticədə müsbət effekt verə biləcək”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs