Əlaqə Arxiv
news Image
2017.01.20
08:00
| A A A
Okeanın o tayında dollar müəmması
Cümşüd Nuriyev: “Uçot dərəcəsinin nə zaman qaldırılacağını hələlik bəyan etmirlər” Vüqar Bayramov: “Xarici valyutalara nisbətən məzənnədə müəyyən dəyişikliklər ola bilər”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib:  "Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır". 

Bu fonda Donald Trampın fəaliyyətə başlamasından sonra dolların ucuzlaşmasını gözləmək olarmı?
İqtisadçı-ekspert Cümşüd Nuriyev belə bir addımın baş verəcəyini gözləmir: “Əslində, Donald Trampın fəaliyyətə başlaması ilə dolların ucuzlaşmağa başlayacağını gözləmək olmaz. Çünki Tramp dolların məzənnəsinin şişirdildiyini bildirəndən sonra, ABŞ Federal Ehtiyatlar Sisteminin müdiri Canet Yellen  bəyan etdi ki, artıq 2019-cu ilə qədər uçot dərəcəsini hazırkı 0,50 faizdən 3 faizə qədər qaldıracaqlar. Yəni Trampın dediyinin əksinə olaraq, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini qaldırmaq və dolların məzənnəsini daha da möhkəmləndirmək barədə düşünür. 
Uçot dərəcəsinin nə zaman qaldırılacağını hələlik bəyan etmirlər. Amma hər halda növbəti belə addım Tramp hakimiyyətə gələndən sonra olacaq. Yəni, Amerika öz dollarını qorumağa çalışacaq. Bu xüsusda Tramp bəziləri üçün əlverişli adam olmadığından çalışacaqlar onu özlərindən asılı vəziyyətə salsınlar. Bir həqiqətdir ki, Çin yuanı ötən ilin sentyabrında ehtiyat dünya valyutası olaraq gündəmə gələndən sonra, onun kursunu dollarla müqayisədə həqiqi dəyərdən çox aşağı həddə saxlayırlar. Bununla düşünürlər ki, ziyan gəlsə də belə məzənnə prosesi öz həqiqi qiymətini alsın. Hazırda 8 yuan bir dollardır. Əslində isə, bu məzənnə qəsdən şişirdilib ki, dolları qiymətdən salsınlar. Çünki bütün hallarda hazırda 5 yuan bir dollardır. Amerika da təbii ki, Çinin bu əməlindən narazıdır. Amma Çin də hazırlıqlı bir dövlətdir. Azərbaycanda bu barədə fikirləşməlidir. Çünki dolların uçot dərəcəsi qalxanda manat sürətlə ucuzlaşacaq. Azərbaycan Rusiyadakı kimi daxili ödəniş sisteminə keçməlidir”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov dolların məzənnəsinin aşağı düşməsinin iqtisadi əsaslarının olmadığını dedi: “Əslində, bu istiqamətdə səthi məlumatlar var. Bir tərəfdən Trampın dolların məzənnəsinin şişirdildiyi barədə fikirlərini ABŞ-ın Çinlə ticarət müharibəsi kimi qiymətləndirirlər. Bu fonda da Tramp hökuməti dolların ucuzlaşdırılması məsələsini gündəmə gətirir. Digər tərəfdən də Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artıracağını bəyan edir. Son açıqlamada da qeyd olunurdu ki, qurum uçot dərəcəsinin yenidən qaldırılması məsələsinə bu il yenidən baxacaq. Beynəlxalq Valyuta Fondunun da 2017-ci il üçün yayımladığı hesabatda cari il və gələn il üçün ABŞ-da iqtisadi artım tempinin artacağı bildirilir. O baxımdan cari il üçün dolların kəskin ucuzlaşacağının baş verəcəyi gözlənilmir. Xarici valyutalara nisbətən məzənnədə müəyyən dəyişikliklər ola bilər. Amma cari ildə də dolların məzənnəsini FES-in uçot dərəcəsi müəyyənləşdirəcək. Qurum uçot dərəcəsini artırarsa, o  zaman dollar ucuzlaşmaq deyil, yenidən bahalaşacaq. O baxımdan düşünmürəm ki, Trampın son açıqlamaları fonunda ABŞ dollarının 2017-ci ildə dəyər itirməsi mümkün olsun. Hələlik bu məsələ gündəmdə deyil və praktik olaraq iqtisadi əsasları da yoxdur”.
Rüfət NADİROĞLU      

 

Sizin Reklam Yeriniz