Əlaqə Arxiv
news Image
2017.01.20
09:00
| A A A
Hökumət nağdsız ödənişlərin həcmini artırır
Natiq Cəfərli: “Qərar banklar vasitəsi ilə ticarət dövriyyəsinin ciddi şəkildə artmasına səbəb olacaq” Ruslan Atakişiyev: “Bütün bunların hamısı iqtisadiyyatda nağdsız hesablaşmaların sayının artmasına gətirib çıxaracaq”

Məlumdur ki, tütün məmulatlarının nağd pulla topdan satışı dayandırılıb. İqtisadçıların sözlərinə görə bu, nağdısız ödənişlərin həcminin artmasına müsbət təsir edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu qərar nağdsız ödənişlərin həcmini artıracaq: “Amma nəzərə alaq ki, infrastruktur tam hazır deyil. Çünki, nağdsız ödənişlərə hazırlıq işləri tam tamamlanmamışdı. O baxmdan hazırda bəzi satış yerlərində tütün məmulatlarının azalması müşahidə olunur. Düzdür, əvvəlcədən bununla bağlı xəbərdarlıqlar oldu. Lakin hazırlıq prosesi gecikdi. 
Hazırlıq prosesi başa çatsa, satış məkanlarında qıtlıq olmasa, qərar banklar vasitəsi ilə ticarət dövriyyəsinin ciddi şəkildə artmasına səbəb olacaq. Çünki, tütün məmulatları illik ticarət dövriyyəsində yarım milyard manatdan artıqdır. Bu dövriyyənin böyük hissəsinin banklar vasitəsi ilə həyata keçirilməsi həm nağdsız ticarət dövriyyəsinin, həm də vergilərin artmasına səbəb olacaq. Bu da iqtisadiyyat üçün pozitiv addımdır. Sadəcə, bazarda olan bütün tərəfləri bu prosesə hazırlamaq lazımdır. O baxımdan nağdsız satışın tətbiqini bir müddət yenidən uzatmaq da olardı. İndi isə bu işlə məşğul olan bütün şəbəkənin nağdsız ödənişə keçidinin tamamlanmasına çalışmaq lazımdır. Bu, ona görə vacibdir ki, dükanlarda qıtlıq olmasın. Əgər qıtlıq yaranmayacaqsa, bu keçidin ticarət dövriyyəsinin artmasında mühüm rolu olacaq”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri  Ruslan Atakişiyev bildirdi ki, nağdsız hesablaşmaların payının artırılması ötən ilin 16 dekabrın qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanun əsasında həyata keçirilməlidir: “Topdansatış məntəqələrində nağdsız ödəmələrin həyata keçirilməsi nağdsız əməliyyatların sayının artmasına xidmət edir. Qanunvericilikdə göstərilir ki, ard-arda 12 ay aylıq gəliri 200 min manata qədər olan sadələşdirilmiş vergi ödəyicilərinin əməliyyatlarının 15 min manatdan çoxu nağdsız həyata keçirilməlidir. O cümlədən ard-arda 12 ay aylıq gəliri 200 min manatdan çox olan iri vergi ödəyicilərinin aylıq əməliyatı 30 min manatdan çox olduqda hamısı nağdsız həyata keçirməlidir. Bütün bunlar nağdsız ödəmələrin sayının artmasına təsir göstərəcək. 
Eyni zamanda vəsaitin nağdlaşdırdığı zamanı 1 faiz vergi ödənilməlidir. Bank rüsumlarını da üzərinə gəldikdə nağdsız ödənişlərin sayını artıracaq. O cümlədən dövlət tenderləri ilə əməliyyatların həyata keçirilməsi, gəlirin əldə olunması, xərcləmələrin də nağdsız  həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin dövlət mülkiyyətində olan təşkilatların ödəmələri - vergilər, gömrük rüsumları, dövlət qurumlarından əldə olunan xidmətlərin hamısının ödəmələri nağdsız şəkildə həyata keçirilməsi qanunla təsbit olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarından məhsulların qəbulunun da  nağdsız şəkildə ödənilməsi göstərilir. Bütün bunların hamısı iqtisadiyyatda nağdsız hesablaşmaların sayının artmasına gətirib çıxaracaq. Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə nağdsız hesablaşmaların iqtisadiyyatda payı 80-90 faiz həcmindədir. Bizdə isə bu rəqəm çox azdır”. Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz