Əlaqə Arxiv
news Image
2017.01.24
09:30
| A A A
Azərbaycanda iri nominallı əskinaslara ehtiyac duyulmur
Cəfər İbrahimli: “Azərbaycanda daha böyük nominallı pulların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur” Əkrəm Həsənov: “Bilavasitə iri nominallı vəsaitlərin dövriyyəyə buraxılması pulun dəyərinə təsir etmir”

Bir vaxtlar Azərbaycanda iri nominallı əskinasların dövriyyəyə buraxılması gündəmə gəlmişdi. İqtisadiyyatda son zamanlar baş verən hadisələr fonunda bu istiqamətdə təkliflər yenidən aktuallaşıb. Belə ki, bəzi iqtisadçıların fikrincə, manatın devalvasiyası iri nominallı əskinasların dövriyyəyə buraxılmasına zəmin yaradıb. Lakin bunun əksini düşünənlər də az deyil. 

“Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hazırda dövriyyədə iri nominallı vəsaitlərin kifayət qədər olduğu qənaətindədir: “Ona görə də hələlik Azərbaycanda daha böyük nominallı pulların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur. Bu, ilk növbədə iqtisadiyyatın ölçüləri ilə əmələ gələcək hadisədir. Hansısa valyutanın denominasiyası yerli valyutanın kifayət qədər dəyər itirməsi nəticəsində meydana gələn məsələdir. Belə ki, yerli valyutanın dəyər itirməsi nəticəsində hesablaşmalar, mühasibatlıq baxımdan ortaya rəqəmsal problemlər çıxır. Ona görə də daha iri nominasiyalı əskinaslara keçmək məcburiyyəti yaranır. 
Bundan başqa, Mərkəzi Bank tərəfindən emissiya edilmiş mövcud nağd pul kütləsinin iqtisadiyyatın böyüklüyü çərçivəsində bazarda tələbi qarşılaya bilmədiyi vaxtda iri nominallı əskinaslar buraxılır. O baxımdan indiki vəziyyətdə Mərkəzi Bankın dövriyyəyə daha böyük nominallı vəsaitlərin buraxmasına ehtiyac yoxdur”.
Bank məsələləri üzrə digər iqtisadçı Əkrəm Həsənov da hazırda iri nominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac olmadığını düşünür: “Adətən, bu məsələ ölkədə inflyasiya və devalvasiyanın kəskin yüksək həddə çatdıqda, milli valyuta xeyli dəyərdən düşdükdə aktuallaşır. Yalnız ondan sonra iri nominallı əskinaslara ehtiyac yaranır. Ancaq Azərbaycanda hələlik milli valyuta o qədər də təhlükəli həddə ucuzlaşmayıb. 
1 dolların dəyər baxımından 2 manat miqyasında olduğu bir zamanda iri nominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur. Eyni zamanda, nəzərə alaq ki, onların dəyişdirilməsi çox çətin prosesdir. Həmçinin, bu iş üçün dövlət əlavə pul xərcləməlidir. Bu dəqiqə isə əlavə vəsait ayırmağa ehtiyac yoxdur. Əgər devalvasiya və inflyasiya həddən artıq yüksələrsə, o zaman iri nominallı vəsaitlərin dövriyyəyə buraxılmasına ehtiyac yaranacaq. Hansı ki, yaxın bir-iki ildə bu gözlənilmir. Lakin bilavasitə iri nominallı vəsaitlərin dövriyyəyə buraxılması pulun dəyərinə təsir etmir”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz