news Image
2017.02.01
07:00
| A A A
"Qara bazar"dakı pullar dövriyyədən yığışdırılır
Ruslan Atakişiyev: “Qara bazar”la mübarizədə ciddi tədbirlər görülməkdədir” Vüqar Bayramov: “Yerli istehsal məhsullarının xərcinin hesablanmasına ehtiyac var”

“Çox təəssüf ki, bəzi iş adamları idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışır”. Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. 

Komitə sədri bildirib ki, əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik: “Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb. İşçi qrup internet və birja məlumatları əsasında bu qiymətləri müqayisə edəcəyik. Qiymətləndirmə aparılmalıdır ki, pulların "qara bazar"da gəzməsinə ehtiyac olmasın. Üç nazirlik tərəfindən hökumət qarşısında məsələ qaldırılıb. Azərbaycanda yerli istehsal artırmaq və daxili bazarı qorumaq üçün bir sıra məhsullara vergi tətbiq etdik”. 
Mütəxəssislərin sözlərinə görə, görüləcək bu tədbirlər nəticəsində vergidən yayınmanın qarşısı alına bilinəcək. Nəticədə pulların "qara bazar"da dövriyyəsinin azalması mümkündür. Eyni zamanda bu, manatın məzənənsinə də nisbətən təsir edə bilər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi k, ixrac edilən məhsullardan vergi tutulur: “Ona görə də insanlar məhsulun qiymətini az göstərməkdə maraqlı olurlar. Çünki gömrük və vergi orqanları əlaqəli fəaliyyət göstərirlər. O baxımdan məhsul ixrac edən şəxslər onun qiymətini aşağı göstərməkdə maraqlı olurlar. 
Çox zaman məhsulları xaricdən qəbul edənlər də öz ölkələrində vergini az ödəmək üçün məhsulu azdəyərli göstərməkdə maraqlı olurlar. Yəni, bütün bunlar vergi qanunverciliyinə edilmiş dəyişiklərə görədir. Vergilərin hesablanması zamanı transfer metodunun tətbiq olunması məsələsi var. Bunu 500 min manatdan çox əməliyyatlarda vergi orqanı tətbiq edə bilər. Tərəflər məhsulu bazar qiymətindən aşağı göstərdikdə və vergi qurumu onu aşkarladıqda transfer qiyməti müəyyənləşir. O zaman məhsulun bazardakı qiymətinə baxılır. Bununla da vergidən yayınmış məbləğ müəyyənləşdirilərək vergiyə cəlb edilə bilər”.
Ekspertin fikrincə, bu cür tədbirlər manat-dollar münasibətinə elə də ciddi təsir göstərmir: “Ancaq nəzərə alaq ki, son zamanlar qara bazarla mübarizədə ciddi tədbirlər görülməkdədir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, əgər ixrac edilən məhsulların qiyməti aşağı göstərilirsə, bu, birbaşa vergidən yayınmağa hesablanıb: “Nəzərə alaq ki, Azərbaycanda artıq bəzi ixrac məhsullarına vergilər tətbiq edilir. Bəzi ixrac məhsullarına vergilər tətbiq olunduğu üçün nəticədə ixrac az göstərilməyə çalışılır ki, bu da vergidən yayınmağa gətirib çıxarır. Söhbət bəzi iş adamlarından gedir. 
Monitorinqlər göstərir ki, bu, heç də bütün iş adamlarına aid deyil. Amma idxalın dəyərinin az göstərilməsi praktikası indi də var. Çünki idxalda vergi nəzərdə tutulub. İdxalın dəyərinin aşağı göstərilməsi nəticə etibarı ilə vergidən yayınma hallarına gətirib çıxarır. Odur ki, həm ixracda, həm də idxalda malların qiymətinin aşağı göstərilməsinə qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var. Çünki söhbət vergi ödənişlərindən gedir.
 Digər tərəfdən nəzərə alaq ki, ödənişlərin bir qismi banklar vasitəsi ilə həyata keçirilir. Yerli istehsal məhsullarının xərcinin hesablanmasına ehtiyac var. Odur ki, bankların və digər dövlət qurumlarının bu prosesə cəlb edilməsi olduqca vacibdir. Əgər məhz bu hallara qarşı uğurlu mübarizə aparılarsa, nəticə etibarı ilə ixracatda vergidən yayınma hallarının qarşısını almaq mümkün olacaq. Əgər dövlət qurumları əlaqələndirilmiş fəaliyyət həyata keçirərlərsə, xüsusən ixracatda məbləğlərin az göstərilməsinin qarşısı alınmış olar”.
Mübariz BAYRAMOV