news Image
2017.02.02
07:00
| A A A
Azalan tələbat banklarda dolların satış qiymətini ucuzlaşdırır
Əkrəm Həsənov: “Kommersiya banklarının dolların satış qiymətinin aşağı salmasının konkret səbəbi var” Cəfər İbrahimli: “Tələb çox olmadığı üçün son bir neçə gündə bankların alış və satış qiymətlərində aşağıya doğru müəyyən dəyişiklər var”

Xəbər verdiyimiz kimi, 31 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.  Rəsmi USD/AZN məzənnəsi 1,9165 manat səviyyəsindədir.  

Göründüyü kimi, hərracda dollar cüzi bahalaşıb. Buna baxmayaraq, hərracdan əvvəl və sonra bir sıra banklar dolları ucuzlaşdırıblar. Məsələn, dolların satış qiymətini «Unibank» 1.97 manatdan 1.95 manata, «Amrahbank» 1.96 manatdan 1.95 manata, «Nikoilbank» 1.99 manatdan 1.98 manata, «Yapı Kredi Bank Azərbaycan» 1.9640 manatdan 1.96 manata endirib. 
Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirdi ki, sürətlə davam edən devalvasiya sadəcə, bir gediş ola bilərdi: “Məqsəd dolları baha satmaqla saxlanılan manatı yığmaq ola bilərdi. Bu baxımdan bir müddətdən sonra  dolların məzənnəsinin geriyə dönüşü mümkün görünürdü. Amma bu da qısamüddətli zamanda ola bilər. Uzunmüddətli perspektivdə dolların iki manata qədər qalxması mümkündür. Lakin kommersiya banklarının dolların satış qiymətinin aşağı salmasının konkret səbəbi var. Çünki bankların satış və alış məzənnələri arasında fərq çox böyük idi. Bununla da əhali və sahibkarlar banklardan yox, “qara bazar”dan alış-veriş etməyə üstünlük verirdilər. Ona görə də banklar əvvəl-axır alış və satış məzənnə fərqini azaltmağa çalışacaqdılar. O zaman “qara bazar”a yox, banklara üz tutulacaq. İndi həmin proses gedir. Təbii ki, banklar dolları əhalidən baha almaq istəmirlər. Çünki əgər kommersiya bankları dolları Mərkəzi Bankdan 1.92 manata ala bilirsə, əhalidən 1.94 manata niyə almalıdılar ki? Lakin satış qiymətini azaldırlar ki, hər kəs “qara bazar”a yox, banka üz tutsun”. 
Bank məsələləri üzrə digər ekspert Cəfər İbrahimli bildirdi ki, əslində, indiki prosesi Mərkəzi Bankın müdaxiləsi ilə üzən məzənnə adlandırmaq olar: “Son zamanlar Mərkəzi Bank həm əmanət, həm də nortlarla vəsait cəlb etdi. Belə çıxır ki, hazırki vəziyyətdə bazar müəyyənləşir və dollara tələb o qədər də çox deyil. Tələb çox olmadığı üçün son bir neçə gündə bankların alış və satış qiymətlərində aşağıya doğru müəyyən dəyişiklər var. Yəni, bazar hazırda şərtləri müəyyənləşdirir. Yəqin ki, növbəti tendensiyaya baxılacaq. Bu, daha çox idxal və ixracla bağlı olan məsələlərdir. Hansısa dönəmdə valyuta alışları ilə bağlı tələb azalmış ola bilər. Bu çərçivədə məzənnədə aşağı-yuxarı dəyişmələrin olması mümkündür. Amma qısa və orta müddətdə dolların məzənnəsinin kəskin şəkildə aşağı istiqamətdə gedəcəyi gözlənilmir. Ən azından mərhələ-mərhələ Mərkəzi Bankın hərracları çərçivəsində dollar bahalaşa bilər”.
Bu arada dünyada dollar ucuzlaşır. Belə ki, yanvarın 31-də Ağ Evdə əczaşılıq şirkətləri ilə keçirdiyi iclasdan sonra ABŞ prezidenti Donald Tramp dolların həddən ratıq güclü olmasının qəbuledilməzylini vurğulayıb. Tramp açıqlamalarında bütün ölkələrin devalvasiya ilə yaşadığını bildirib: "Çinin, Yaponiyanın nə etdiyinə baxırsan,  onlar valyuta bazarı ilə, devalvasiya ilə oynayır. Biz isə bir topa axmaq kimi oturmuşuq". Tramp, eləcə də onun iqtisadi müşaviri Piter Navarro əsas ticarət tərəfdaşı olan Almaniya, Yaponiya və Çini valyutalarını devalvasiya edərək amerikalı istehlakçılara və şirkətlərə zərər vurmasında ittiham ediblər. Navarronun yeni ABŞ hökumətinin güclü dollar dövrünü bitirmək istədiyini bildirib. O, Klinton administrasiyası dövründə başlayan və indiyədək davam edən siyasəti dəstəkləmədiklərini qeyd edib.  Tramp və Navarronun açıqlamaları maliyyə bazarlarında dünya ticarətinin gələcəyi ilə bağlı narahatlıqlar yaradıb və dolların məzənnəsi avro və yenə qarşı enib. Dolların ucuzlaşması həm də Navarronun "Financial Times"a verdiyi müsahibəsində avronun "gizli alman markası" olduğunu bildirməsi ilə başlayıb. Bu da dolları ucuzlaşdırıb. 
Mübariz BAYRAMOV