news Image
2017.02.04
09:30
| A A A
Dollar sürətlə dəyərdən düşəcək
Cümşüd Nuriyev: “Nə qədər ki, uçot dərəcəsini qaldırmayıblar, dolların ucuzlaşması davamlı olacaq” Yaşar Əsədov: “Bütün hallarda faciəvi heç nə baş verməyəcək, ancaq qalxma və enmələr olacaq”

Dünya birjalarında dollar ucuzlaşmağa başlayıb. Avronun  dollara nisbətən məzənnəsində xeyli artım var. Azərbaycandakı son hərracda da dollar ucuzlaşdı. İndi bir dollar 1,91 manatdır. Özü də bu tendensiya ABŞ-da Donald Tramp adminstrasiyasının fəaliyyətə başladığı dövrdə ilk dəfədir ki, baş verir. Belə ki, yanvarın 20-dən Tramp rəsmi fəaliyyətə başlayandan bəri dollar əvvəlkitək digər valyutalarla müqayisədə ümumən mövqeyini möhkəmləndirirdi.  Bu fonda maraqlıdır, görəsən, dolların digər valyutalarla müqayisədə ucuzlaşmağa başlaması prosesi nə qədər davamlı ola bilər?
Müstəqil iqtisadçı-ekspert Cümşüd Nuriyevin fikrincə, ABŞ-da uçot dərəcəsi qaldırılmayınca, dolların ucuzlaşması da davam edəcək: “Dolların ucuzlaşması ABŞ-ın federal rezervləri artırmamasından qaynaqlanır. Barak Obamanın dövründə Federal Etiyatlar Sistemi (FES) qərara almışdı ki, uçot dərəcəsini 0,75 faizdən tədricən yuxarı qaldırsınlar. Uçot dərəcəsinin qalxması ilə isə dolların mövqeyi daha da möhkəmlənəcəkdi. Tramp isə biznesmen olduğundan, həmçinin, öz maraqlarına uyğun siyasət yürütdüyündən çalışdı ki, onu hakimiyyətə gətirənlərə xidmət etsin. Amma ümumilikdə bunun ona xeyri dəydi. Çünki dolların uçot dərəcəsini qaldırmayacağını élan edən kimi,  ABŞ valyutası əvvəlki vəziyyətinə qayıtmağa başlayıb. Əslində, dollar elə də baha deyil. Çünki dolların alıcılıq qabiliyyətilə onun rezervini götürsək, hazırda milli valyutamız ən pis halda dollara nisbətdə 1,20 manatı keçməməlidir. ABŞ-da nə qədər ki, uçot dərəcəsini qaldırmayıblar, dolların ucuzlaşması davamlı olacaq. Çünki hazırda dünyada elə bir ciddi proses, iqtisadi artım yoxdur. Amma eyni zamanda dolların qiymətinin baha olması iqtisadi fəaliyyətə də stimul vermir. Bu səbəbdən də onun mövqeyinin başqa valyutalara nisbətdə artırılması sərf etmir. Böhran olan ölkələrdə dolların qiymətdən düşməsi yaxşıdır. Çünki belədə həm ticarət dövriyyəsinə təsir edir, həm də tədiyyə balansında müsbətə doğru dəyişiklik olacaq. Çünki ölkə nəyi alırsa, onu valyuta ilə ödəyir. Yəqin ki, yaxın 4-5 ayda dolların ucuzlaşması davam edəcək və böyük də olmasa, cüzi enmələr olacaq”.   
İqtisadçı-ekspert Yaşar Əsədov isə bildirdi ki, dolların qiymətində qalxma və enmələr hər zaman özünü göstərəcək, hər şey dünyada cərəyan edən iki tendensiyanın mübarizəsindən asılıdır: “ABŞ-da vəzifəsini icra etməyə başlayan yeni president Tramp seçki kampaniyasının gedişində demişdi ki, dollar həddən artıq dəyərə mindirilib və belədə qiyməti də çox yüksəkdir. Dünyanın ümumiyyətlə, maliyyə sistemi elə qurulub ki, hər şey dollar ətrafında cərəyan edir. Bütün ölkələrin valyutaları, ümumdünya ticarəti də dollarla aparılır. Ən əsası isə odur ki, Amerika dövlətinin xarici borcu 20 trilyon dolları keçib. Belədə təbii ki, dollar nə qədər çox ucuz olsa, ABŞ-ın qaytaracağı pulun məbləğinin dəyəri də azalacaq. Bu mənada dolların qiyməti nə qədər aşağı düşsə, bu, Amerikaya sərf edir. 
Digər tərəfdən, ABŞ-ın borclu olduğu  Çin, Yaponiya, Rusiya, Səudiyyə Ərəbistanı üçün isə əksinə, dolların qiymətinin yüksək olması sərfəlidir. Yəni, bu iki tendensiya bir-birilə mübarizə aparır. Belədə ABŞ dolların qiymətdən düşməsini istəyəcək. Bu zaman neftin, qızılın qiyməti qalxacaq. Amerikanın kreditorları isə dolların qiymətinin yüksək olaraq qalmasını istəyəcək. Onda da neftin qiyməti hardasa hazırkı səviyyədə olacaq. Dolların hazırda ucuzlaşmasının nə qədər davamlı olması da bu iki tendensiyadan hansının üstün olmasından asılı olacaq. Ümumiyyətlə, bu tendensiya fasiləsiz bir prosesdir. Qalxma və yaxud enmələr həmişə olub və olacaq. Amerika kreditorlarının mövqeyi üstün olarsa, onda ABŞ-ın maliyyə vəziyyəti çətin olacaq. Əksi olduqda və dollar ucuzlaşmaqda davam edərsə, Rusiyanın 400 milyard, Çinin 1 trilyonluq, Yaponiyanın 600 milyard və Səudiyyənin 800 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının dəyəri qiymətsizləşəcək. Bütün hallarda faciəvi heç nə baş verməyəcək, ancaq qalxma və enmələr olacaq.  Dolların hazırda ucuzlaşması hər halda Trampın irəli sürdüyü siyasətə uyğundur”. 
Rüfət NADİROĞLU