Əlaqə Arxiv
news Image
2017.02.11
11:30
| A A A
Dollar dəyər itirməkdə davam edir
Samir Əliyev: “Banklar spekulyasiya edərək dollar alış-satışından pul qazanmaq istəyirlər” Əkrəm Həsənov: “Manatın dəyərinin yüksələcəyi bəlli idi və elə də oldu”

Məlumdur ki, ölkəmizdə dollar sürətlə ucuzlaşmağa başlayıb. Hətta bəzi banklar dolları 1.58 manat ilə alırlar.  Eyni zamanda əhalidən dollar almaqdan imtina edən banklar da var. 

İqtisadi Təşəbbüskarlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir: “Banklar spekulyasiya edərək dollar alış-satışından pul qazanmaq istəyirlər. Digər tərəfdən nəzərə alaq ki, dövriyyədə manat kütləsi azaldılıb. Banklarda manat olmadığından özlərindəki  dollardan maksimum gəlir əldə etmək istəyirlər. Eyni zamanda əhali arasında qeyri-müəyyənlik yaranıb. Bəzi insanlar dolların ucuzlaşacağına inanır. Banklar da bundan istifadə edib, dolları daha aşağı məzənnə ilə almağa çalışırlar”.
Bank məsələləri üzrə digər ekspert Əkrəm Həsənov bildirdi ki, dolların ucuzlaşmasına səbəb sərt pul siyasətinin həyata keçirilməsidir: “Hansı ki, ilin əvvəlində Mərkəzi Bank bunu bəyan etmişdi. Sərt pul siyasəti dövriyyədəki pulun həcminin azaldılmasıdır. Qiymət artımı, inflyasiya, devalvasiya ilə bu yolla mübarizə aparılır. Dövriyyədə olan manat kütləsi yığılır. Əvvəl isə Mərkəzi Bank manatın dəyərinin kəskin düşməsinə imkan verdi. Yanvarın 31-də dollar ən maksimum həddinə çatdı, 1.91 manat oldu. Ancaq manatın dəyərinin yüksələcəyi bəlli idi və elə də oldu. 
ARDNF ilin əvvəlində Mərkəzi Banka kifayət qədər dollar ötürüb. Ancaq insanlar ən azı iki aylıq xərclərini dollara çevriməməli idilər. İstənilən halda insanların milli valyutaya ehtiyacı var. Ona görə də indi dolları ucuz satmağa məcburdur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz