Əlaqə Arxiv
news Image
2017.02.14
09:00
| A A A
Ucuzlaşan dollar problemli kreditlər məsələsində mühüm yeniliklərə səbəb olacaq
Vüqar Bayramov: “Dolların ucuzlaşması fonunda problemli kreditlərin həcminin azadılması yönündə konkret proqramın qəbul edilməsi mümkündür” Cəfər İbrahimli: “Manatın dəyər qazanması həm banklarla bağlı məsələdir, həm də ölkədəki inflyasiyanın tənzimlənməsi ilə əlaqədardır”

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il yanvarın 1-nə 1 milyard 472,6 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 30,3 milyon manat və yaxud 2,13% çoxdur. Son bir ildə isə vaxtı keçmiş kreditlər 35,9 milyon manat və yaxud 2,38% azalıb. 

Qeyd edək ki, problemli kreditlərin həcmi manatın devalvasiyasından sonra artmağa başlamışdı. Ancaq mütəxəssislərin fikrincə, dolların ucuzlaşması fonunda xarici valyutada olan kreditlərin ödənilməsində çətinlik qismən aradan qalxa bilər. Bunun üçün isə dolların uzun müddət aşağı məzənnədə qalması vacib şərt kimi göstərilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, dolların ucuzlaşması problemli kreditlərin həcminin azalması istiqamətində dəstəyin verilməsi imkanını genişləndirir: “Dolların ucuzlaşması fonunda problemli kreditlərin həcminin azadılması yönündə konkret proqramın qəbul edilməsi mümkündür. O baxımdan dolların ucuzlaşması Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına problemli kreditlərlə bağlı hansısa qərar qəbul etməyə əlavə imkanlar verir. 
Eyni zamanda, bu, həm də dolların məzənnəsinin hansı müddət ərzində aşağı qalacağından asılı olan məsələdir. Dolların məzənnəsinin hansı müddətdə aşağı qalması əhəmiyyətli amildir. Hökumət uuznmüddətli dövr üçün dolların məzənnəsinin stabil saxlanılmasına çalışmalıdır. Lakin məzənnənin indiki sabitliyi problemli kreditlərin həlli ilə bağlı real addımların atılmasına imkan yaradıb. Eyni zamanda, kommersiya banklarına da güzəştli tədbirlər görmək üçün imkan verir. Valyuta bazarında sabitliyin olması vacib amildir. Əgər bazar məzənnəsi müəyyləşərsə və maliyyə bazarında stabillik formalaşarsa, Strateji Yol Xəritəsində öz əksini tapmış problemli kreditlərin həlli ilə bağlı konkret proqramın qəbul edilməsinə və icrasına zəmin yaranar. Bu, yalnız dövlət tərəfindən deyil, eyni zamanda kommersiya bankları tərəfindən təşviq mexanizmlərinin tətbiqinə imkan verə bilər”. 
Bank məsələləri üzrə mütəxəssis Cəfər İbrahimli qeyd edir ki, manatın bir neçə gündür dəyər qazanması həm banklarla bağlı məsələdir, həm də ölkədəki inflyasiyanın tənzimlənməsi ilə əlaqədardır: “Amma manat tam bazar qiymətini tapana qədər bu problemlər davam edəcək. Daha bir neçə gündür manat dəyər qazanır. Bu da əsasən bazardakı proseslərlə bağlıdır. Bütün bunları qısamüddətli düzəlmə əməliyyatı kimi dəyərləndirmək olar. Ancaq bu tendensiyanın nə qədər davam edəcəyi, manatın hansı dəyərdə nə qədər qalacağı vacib amildir. Məhz ondan sonra problemli kreditlər məsələsi gündəmə gələ bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz