Əlaqə Arxiv
news Image
2017.02.15
07:00
| A A A
Manat dollar qarşısında daha çox möhkəmlənəcək
Fikrət Yusifov: “Hökumət artıq ölkədə postneft dövrünün başlandığını elan edib və onun bu gün apardığı sürətli iqtisadi islahatlar mümkün qədər qısa zaman kəsiyində ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləyib”

Manat bu il dollara qarşı güclənə bilər. Bu barədə “Bank of Amerika”nın analitikləri bildiriblər. Analitiklər  Merrill Linç və Vladimir Kuznetsovun tədqiqatlarına əsasən, manat və təngə bu il möhkəmlənə bilər. Bu neftin bahalaşması  fonunda daha real görünür. Açıqlamada bildirilir ki, 2017-ci ildə hər iki valyutanın minimum 10-15% bahalaşma potensialı var. Elə yerli ekspertlər də cari ili manat üçün pozitiv qiymətləndirirlər. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, hər bir ölkənin milli valyutasının məzənnəsinin durumu həmin ölkənin iqtisadiyyatının mövcud vəziyyətindən və onun ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır: “Yola saldığımız 2016-cı ilin ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 4,2 milyard dollar müsbət saldo ilə yekunlaşıb. Bundan başqa, ötən ilin ikinci yarısından etibarən dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir səviyyədə sabitləşməsi baş verdi. 2016-cı ilin ortalarından başlayaraq bir barrel neft üçün 50 dollar ətrafında dəyişən qiymətlər ötən ilin dekabr ayından bu günə qədər artaraq bir barrel üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı. Bura OPEC-in neft hasilatını azaltmaqla bağlı son qərarının da müəyyən təsirini əlavə etmək olar. Qiymətlərin bu şəkildə artıb sabitləşməsi neft hasil edən ölkələrin daha çox valyuta gəlirləri əldə etməsi deməkdir. Bu prosesin bundan sonra necə davam edəcəyinə heç bir təminat olmasa da, reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır neftin qiymətlərində baş verən proseslər pozitivdir. Bu məsələ ilə bağlı hadisələrin sonrakı inkişafı Amerika Birləşmiş Ştatlarının yeni admnistirasiyasının aparacağı iqtisadi siyasətdən çox asılı olacaq. 
Bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir. Cari ildə və ondan sonrakı illər ərzində dünya iqtisadiyyatında pozitiv meyllərin baş verəcəyi daha çox gözlənilənilir. Artıq yola saldığımız ildə bu ənənələrin başlanğıcını qoyuldu. Dünya iqtisadi müstəvisində hadisələrin bu şəkildə davam etməsi, neft hasil edən ölkələrdə də iqtisadiyyatın normal inkişafını şərtləndirəcək. Belə olduğu halda, bu ölkələrdə milli valyutaların məzənnəsinin möhkəmlənərək müəyyən bir səviyyədə sabit qala biləcək”. 
Azərbaycana gəldikdə isə professor əlavə etdi ki, neftin qiymətlərinin bundan sonra necə dəyişməsindən asılı olmayaraq, hökumət artıq ölkədə postneft dövrünün başlandığını elan edib və onun bu gün apardığı sürətli iqtisadi islahatlar mümkün qədər qısa zaman kəsiyində ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləyib: “Bu islahatlar yaxın 2 il ərzində öz bəhrəsini verəcək və iqtisadiyyatımızın neftdən asılılığı optimal bir həddə çatacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz