news Image
2017.03.01
07:00
| A A A
Kredit sığortaları şirkətlər üçün sərfəsiz hala gəlir
Ruslan Atakişiyev: “Sığorta şirkətləri müqavilələr bağlayan zaman riskləri maksimum nəzərə almağa çalışacaqlar” Xəyal Məmmədxanlı: “Əvvəlki illərdə bağlanmış müqavilələr qüvvədədir və ödənişlər davam edir”

Azərbaycanda 2016-cı ildə kredit sığortası üzrə ödənişlər yığımları 3 dəfəyə yaxın üstələyib. Məlumata görə, ötən il sığorta şirkətlərinin kredit sığortasından daxilolmaları 21 326 manat təşkil edib. Əvəzində sığortaçılar qaytarılmamış kreditlərə görə 56 047 manat ödəniş edib. Başqa sözlə, kredit sığortası üzrə ödəniş/yığım nisbəti 2,63 dəfə olub. Halbuki, 2015-ci ildə sığorta şirkətləri kreditlərin sığortalanmasına görə topladıqları sığorta haqqının 23%-ni ödənişə yönəldib. 

Qeyd edək ki, indiki vəziyyət əvvəlki illərə nisbətən fərqlidir. Adətən yığımlar ödənişləri üstələyirdi. Mütəxəssislərin fikrincə, hazırda fərqli mənzərənin  yaranmasına səbəb maliyyə bazarlarında yaşanan çətinliklərdir. Hətta bu gedişlə sığorta şirkətlərinin kredit sığortasından imtina etməsi belə ehtimallar sırasındadır. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, bu, ötən il maliyyə sektorunda baş verən risklərlə bağlıdır: “2016-cı ildə risklərin səviyyəsi əvvəlki illərə nisbətən bir qədər artdı. Ötən il həm də ölkədə bir neçə bank fəaliyyətini dayandırdı. 
Eyni zamanda, keçən dövr ərzində əhalinin əmanətlərinin banklardan çıxartması halları artıb. Bunun fonunda sığortalanan kreditlər üzrə ödəmə səviyyəsi çoxalıb. Bütövlükdə keçən dövr ərzində götürülmüş kreditlər, sahibkarlıq fəaliyyəti ilə bağlı olan müqavilələrin sığortalnması nəticəsində ödənişlərin sayı artıb. Bunlar da ödəmə qabiliyyətinin aşağı düşməsi, kreditlərin geri qaytarılmasında yaşanan problemlər nəticəsində baş verib. Bu, onu göstərir ki, sığorta şirkətləri müqavilələr bağlayan zaman riskləri maksimum nəzərə almağa çalışacaqlar. Bu məsələlərə diqqətin artması gözlənilir. Həmçinin, sığorta şirkətləri kreditlərin sığortalanmasında maraqlı olmaya bilərlər”.
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı hesab edir ki, buna səbəb kredit bazarındakı məlum vəziyyət, bank kreditlərinin qaytarılmasında yaşanan çətinliklərdir: “Rəsmi statistikaya əsasən, ölkədə  bir milyondan çox insanda qaytarılmayan kreditlər var. Onların da yarısı dollarla verilən kreditlərdir. 
Eyni zamanda, manatla verilən kreditlərdə də gecikmələr və ödənməmə halları var. Hazırda da problemli kreditlərin həcmi artmaqda davam edir. Ancaq həmin müqavilələr böyük ehtimalla, bir neçə il əvvəl bağlanmış müqavilələrdir. Belə kredit müqavilələri 2016-ci ildə demək olar ki, çox az bağlanıb. Sığorta şirkətləri buna yol vermirlər. Çünki, həm kreditlərin həcmi azalıb, həm də risklər kifayət qədər artıb. Lakin əvvəlki illərdə bağlanmış müqavilələr qüvvədədir və ödənişlər davam edir. Ona görə, bu il də zərərli sığorta növü olaraq qalmaqda davam edəcək. Hətta bir qədər də artacaq”.
Ekspertin sözlərinə görə, əslində, rəqəmlər çox kiçikdir: “1 milyard yarım problemli kreditin qarşısında 56 047 manat böyük rəqəm deyil. Ancaq hər bir halda faiz etibarı ilə ciddi rəqəmdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin ödənişlər əsasən vətəndaşın vəfat etməsi, iş qabiliyyətini itirməsi nəticəsində edilmiş sığorta ödənişləridir. Yəni, şəxs bu səbəblərdən bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən ödənişlər həyata keçirilir. Düzdür, bütövlükdə rəqəm çox kiçikdir. Təhlükə yaradacaq səviyyədə deyil. Ümumiyyətlə, portfelin özü də azdır. Ancaq bütün hallarda artmaması üçün fikir verilməli məqamdır”. 
Mübariz BAYRAMOV

money.az currency