news Image
2017.03.02
09:00
| A A A
Manata artan tələb onu bahalaşdıracaq
Vüqar Bayramov: “Fevral ayından etibarən Azərbaycanda manata olan tələbin artması müşahidə edilir” Cəfər İbrahimli: “Manat bazasının azalması onun digər valyutalar qarşsında güclənməsinə səbəb olur”

Banklarda real vəziyyət göstərir ki, manata tələb artıb. Ümumiyyətlə, iqtisadiyyatda manata tələbin yüksəldiyi müşahidə edilir. İqtisadçılar bu tendensiyanı müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Eyni zamanda, o da vurğulanır ki, manata tələbin artması onun möhkəmlənməsinə səbəb olacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, manata tələbin  artması Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması prosesinin həyata keçirilməsi ilə bağlıdır: “Burada məqsəd ondan ibarətdir ki, manatın dollara nisbətən məzənnəsini optimallaşdırmaq mümkün olsun. Digər tərəfdən, ilin əvvəlindən sonuna qədər daha çox dollarlaşma prosesi gedirdisə, fevral ayında manatın dollara nisbətən möhkəmlənməsi nəticəsində manata tələb formalaşdı. Hətta bəzi vətəndaşlar öz dollarlarını manata çevirdilər. Nəticə etibarı ilə manata tələbin artması müşahidə edilməyə başladı. 
Eləcə də cari xərclər üçün, müəyyən sərmaya qoyuluşu baxımından manat lazım gəlir. Çünki ölkədə manat istifadə edilir. Nəticədə banklardan daha çox manat tələb olundu. O baxımdam həm Mərkəzi Bankın pul bazasını kiçildilməsi ilə bağlı siyasəti, həm fevral ayında manatın dollara nisbətən möhkəmlənməsi, həm də cari və digər xərclər üçün milli valyutaya olan tələb yüksəlib. Bu gün hətta bəzi hallarda kommersiya bankları tərəfindən xarici valyutanın dəyişdirlməsi zamanı manatla təminatda problem yaşanır. Çünki hazırda bankların manat likvidliyi aşağıdır. Kommersiya bankları əvvəlki dövrlərdə öz vəsaitlərini dollarda saxlayıblar. Ona görə də fevral ayından etibarən Azərbaycanda manata olan tələbin artması müşahidə edilir”.
Ekspert qeyd etdi ki, manata olan tələbin artması son iki həftədir manatın məzənnəsinə təsir edir: “Rəsmi məzənnədə dollar möhkəmlənsə də, banklarda manatın möhkəmlənməsi prosesi müşahidə olunur”. 
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, hökumət tərəfindən 2017-ci il üçün müəyyənləşdirilmiş pul siyasətinə baxdığımız zaman daha sərt pul siyasətinin həyata keçiriləcəyi göstərilib: “Mərkəzi Bankın ilin əvvəlindən banklardan həm depozit və notlar vasitəsi ilə vəsait cəlb etməsi, həm də büdcənin kiçildilməsi fonunda bazarda manatın az olacağı məlum idi. Bu siyasət hiss edilirsə, normal prosesdir. Biznes mühiti də siyasətini buna uyğun qurmalıdır. İşin məqsədi də budur. 
Manat bol olub, daha çox valyuta almaqdansa, manat az olsun ki, banklar manat təminatını valyuta satmaqla qarşılasınlar. Manat bazasının azalması onun digər valyutalar qarşsında güclənməsinə səbəb olur. Yürüdülən siyasətin də əsas məqsədi məhz buna hesablanıb”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs