Əlaqə Arxiv
news Image
2017.03.03
09:40
| A A A
Dolların alış-satış qiyməti arasında fərq sürətlə azalır
Natiq Cəfərli: “Banklar daha çox əməliyyatlar həyata keçirmək üçün marjanı azaltmağa çalışırlar” Əkrəm Həsənov: “Banklar dolların alışı ilə satışı arasında fərqi azaltmalı idilər ki, insanlar “qara bazar”a yox, banka üz tutsunlar”

Kommersiya banklarında dolların alış və satış qiymətlərindəki fərq əhəmiyyətli dərəcədə azalıb. Hətta bəzi banklarda bu fərq 2 qəpiyə qədər düşüb. Halbuki bir qədər əvvəl fərq hər dollar üçün 15-20 qəpik arasında dəyişirdi. 

İqtisadçıların sözlərinə görə, bu hal gözlənilən idi. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, əslində, bir müddət sonra bu cür təbii tənzimləmənin olması gözlənilən idi: “Dollar alışı ilə satışı arasında böyük  fərqin olması düzgün deyildi. Elə 4 faizlik marjanın ləğv edilməsi də “qara bazar”ın sıradan çıxarılmasına hesablanmışdı. O məqsədə nail olunub. Artıq respublikada “qara bazar”a çox az təsadüf etmək olar. 
Bu cür tənzimlənin olması rəqabətdən irəli gələn məsələdir. Banklar öz aralarında müştəri cəlb etmək, daha çox əməliyyatlar həyata keçirmək üçün marjanı azaltmağa çalışırlar. Təbii yolla təzimləmə də  daha dayanıqlıdır. İnzibati təzimləmə çox zaman əks effektlər doğurur. Necə ki, inzibati tənzimləmə “qara bazar”ın yaranmasına səbəb olmuşdu. Təəssüf ki, kreditləşmə dərəcəsi xeyli aşağı düşdüyündən, problemli kreditlərin artmasına görə bankların gəlirləri azalıb. O baxımndan bu gün valyuta əməliyyatları bankların ən çox gəlir gətiridiyi sahəyə çevrilib. Bunu anlayan banklar dolların alışı ilə satışı arasında kəskin azaltma yaradaraq valyuta əməliyyatlarının həcmini artırmaq istəyirlər. 
Rəqabət şəraitində bu üsul vətəndaşın da xeyrinə olacaq. Çünki marja ləğv edildikdən sonra dolların alışı ilə satışı arasında hətta 12 faizə qədər fərq yarnmışdı. Hazırda isə fərqin kəskin aşağı düşdüyü müşahidə olunur. Əgər valyuta qıtlığı yaranmasa, bu tendensiya davam edəcək. Ancaq artıq valyuta qıtlığı təhlükəsi də aradan qalxıb. Mərkəzi Bank hərraclarda bankların tələbinə uyğun olaraq Dövlət Neft Fondunun valyutasını satışa çıxarır. Əgər bu tələb kəskin artmasa, hərraca çıxarılan valyutanın həcmi azalmasa, bankların alış-satış marjını normal səviyyədə saxlaması gələcəkdə də davam edəcək. Əks halda marja fərqi artacaq. Ancaq hələlik banklar valyuta əməliyyatlarında daha çox qazanc əldə etmək üçün alış-satış marjasını aşağı salıblar”.
Bank məsələləri üzrə digər mütəxəssis Əkrəm Həsənov da bunun gözlənilən hadisə olduğunu bildirdi: “Bu ilin əvvəlində Mərkəzi Bank 4 faizlik marjanı ləğv edəndən sonra banklar məzənnə təyin etməkdə sərbəst oldular. Əgər belə olmasa idi, “qara bazar” daha da genişlənəcəkdi. 
“Qara bazar” bankın məzənnəsindən daha sərfəli şərtlərlə alış-satış həyata keçirə bilir. Bu halda da vətəndaş banklara yox, “qara bazar”a üz tutur. 4 faizlik marjanın tətbiqi vaxtı belə də oldu. Banklar dolların alışı ilə satışı arasında fərqi azaltmalı idilər ki, insanlar “qara bazar”a yox, banka üz tutsunlar. Bu gün həmin proses baş verir. Çox yaxşı haldır. İstənilən iqtisadiyyatda valyuta əməliyyatların “qara bazar”da yox, məhz banklarda aparılması məqsədəuyğundur. Banklar bunu başa düşüblər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz