Əlaqə Arxiv
news Image
2017.03.11
07:00
| A A A
Azərbaycanda dollarlaşma prosesi başa çatdı
Cəfər İbrahimli: “Ola bilsin ki, bir neçə milyardlıq əks dollarlaşma prosesi başlasın” Əkrəm Həsənov: “Dövriyyədə manat kütləsi xeyli azalıb”

Son hərraca çıxarılan dolları alan tapılmadı. Mərkəzi Bankın nəzarəti altında “Bloomberg” platforması üzərindən həyata keçirilən hərracda 1,73 ilə başlayan sorğular daha çox olub. Halbuki, rəsmi məzənnə 1,7563 idi. Nəticədə hərraca 35 milyon çıxaran Neft Fondu cəmi 13 milyon 450 min dollarını manata çevirə bilib. Ümumilikdə, bankların dollara tələbi aşağı olub və bu, qeyri-aktivlik hərracın nəticəsində dolların düşməsinə imkan yaradıb. Xatırladaq ki, keçən hərracda da çıxarılan vəsait tam satılmamışdı. Bu isə Azərbaycanda dollarlaşma prosesinin sonna çatdığını göstərir. 

Bank məsələləri üzrə iqtisadçı Cəfər İbrahimli bildirdi ki, ilin əvvəlindən etibarən Mərkəzi Bankın pul kütləsinin azaldılması ilə bağlı siyasəti var: “Son iki ay ərzində rəsmi açıqlamalarda da pul kütləsinin ciddi azaldığı hiss olunmaqdadır. Bu, gözlənilən nəticə idi. Mərkəzi Bankın özünün də depozit və notlar hərracına kifayət qədər az vəsait gəldi. Son hərracda Mərkəzi Bank 50 milyonluq not satmaq istəyirdi. Ancaq bunun qarşılığında 9.5 milyon manatlıq sifariş gəlmişdi. Odur ki, manat kütləsi kiçildiyi üçün hərracda dollar satışı azalıb. 
Eyni zamanda, bəzi mütəxəssislər manatın həcminin az olmasının iqtisadiyyatı sıxdığını düşünür. Ancaq mən indiki proseslərdə bu qənaətdə deyiləm. Manatın hazırkı həcmi iqtisadiyyatı zəiflətmir. Aydındır ki, hazırda pul siyasətində problemlər yaşanır. Bunun həlli yolu da manatın bir müddətdə dövriyyədə az və faiz hədlərini yuxarı saxlamaqdır. Bu iki maliyyə əməliyyatları ilə  məzənəyyə stabillik gətirmək olar. Bunun başqa yolu da yoxdur”.
Cəfər İbrahimli əlavə etdi ki, son iki ildə dollarla alqı-satqı prosesinin aşağı səviyyəyə düşdüyü müşahidə olunur: “Bu da normal haldır. 2015 və 2016-cı ilki pul kütləsi ilə bugünki puü kütləsinin həcmi eyni deyil. O zaman əmanətlərin dollara çevrilməsi dollara olan tələbatı artırırdı. Ancaq dollarlaşma prosesi getdikdən sonra dolları almaq üçün bazarda yetərli qədər manat olmadı. Nəyinsə həcmi aşağı düşürsə, ona tələb azalır. Son 5 aylıq dönəmdə ticarətin həcmində aşağı səviyyədə stabillik yaranıb. Dollarlaşma üçün tələb və manat yoxdur. Bankların aktivləri kifayət qədər dollarlaşıb. Bəlkə ola bilsin ki, bir neçə milyardlıq əks dollarlaşma prosesi başlasın. Mərkəzi Bankın istədiyi də budur. Bankların balanslarını düzəlməsi üçün lazımdır. Hökumətin siyasətində də bu il rezervlərin qorunması siyasəti ön plana alınıb”.
Bank məsələləri üzrə digər mütəxəssis Əkrəm Həsənov da bunu dövriyyədə milli valyutanın azalması ilə əlaqələndirir: “Dollar almaq üçün manat lazımdır. Mərkəzi Bankın verdiyi məlumata görə, hazırda milli valyutanın pul bazası 6 milyard 987 milyon manatdır. Dövriyyədə manat kütləsi xeyli azalıb.  Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin 1 yanvar tarixində dövriyyədə 11 milyard 541 milyon manat pul var idi. Pulsuz da iqtisadiyyat fəaliyyət göstərə bilməz. Ancaq dövriyyədə manatın az olması iqtisadiyyata zərərləri də var. 
Düzdür, Mərkəzi Bank bu yolla devalvasiyanın, inflyasiyanın qarşısını ala bilər. Ancaq bu siyasət çox davam etməyəcək. Bir müddət sonra Mərkəzi Bank dövriyyəyə manat buraxmağa vadar olacaq. Ondan sonra dollara tələb artacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz