Əlaqə Arxiv
news Image
2017.03.17
09:30
| A A A
Manat xarici valyutalar qarşısında daha çox möhkəmlənəcək
Xalid Mikayılov: “Hazırkı iqtisadi vəziyyət bankların bütün əməliyyatlarına təsir edib” Fuad İbrahimov: “Azərbaycanın potensialını kompleks şəkildə hərəkətə gətirmək lazımdır”

"Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb". Bu açıqlama ilə ABŞ-ın nüfuzlu "Bank of America" bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskiy bildirib.  

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahatlar tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir: "Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb". 
Qeyd edək ki, manatın möhkəmlənəcəyi ilə bağlı "Fitch" beynəlxalq reytinq agentliyinin də açıqlaması var. "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən VI illik konfransında Avropa Yenidənqurma və İnkişaf Bankının iqtisadçısı Konstantin Kintsuraşvili bildirib ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) 7,5 milyard dollarlıq transferi manatın məzənnəsinin möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda “Fitch” ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FES) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərarın Azərbaycan manatının məzənnəsinə birbaşa təsir etməyəcəyini də bəyan edib. İqtisadçılar da səsləndirilən fikirlərlə razıdırlar. Lakin bir şərtlə ki, manatın möhkəmlənməsi üçün potensialdan tam istifadə edilsin. 
İqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, bizə manatın möhkəmlənməsindən çox onun məzənnəsində sabitlik  yaranması daha çox lazımdır: “Bildiyimiz kimi, Mərkəzi Bank uçot dərəcəsini 15 faizdə saxladı və dövriyyədə olan manat kütləsini maksimum sıxır. Son dövrlər hüquqi şəxslərə hesablardakı vəsaitin nağdlaşdırılmasına tətbiq olunan faiz və tutulmalar, ödənişlərin və kreditlərin elektron qaydada köçürülməsini də təsir edir.  Bundan əlavə kommersiya banklarının da kredit qoyuluşları məhdudlaşıb. Əhalinin də istehlak xərclərini azaltması manat qıtlığına səbəb olur”.
İqtisadçı əlavə etdi ki, bank sektrounda sabitliyin yaranması üçün problemli kreditlərin həcmi azalmalıdır: “Banklarla bağlı problem ona görə idarəolunan səviyyədədir ki, kredit qoyuluşu azaldığı üçün bankların iqtisadiyyata təsiri zəifləyib. Amma bunun mikro səviyyədə bankların özünə ziyanı var. Demək olar ki, hazırkı iqtisadi vəziyyət bankların bütün əməliyyatlarına təsir edib. Belə ki, xarici ölkələrdən pul köçürmələr qonşu ölkələrdəki krizə görə azalıb. Kreditləşmə azalıb, depozitlər də azalmaqla yanaşı, həm də dollarlaşıb. Amma manatdan daha çox qeyri-neft ixracata iqtisadiyyatımıza birbaşa xarici investisiyaların azalması və ya cüzi olması ziyanlıdır”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, iqtisadiyatda hər bir valyutanın məzənnəsinin formalaşmasının elmi əsasları var: “Məzənnə məhz həmin göstəricilərin əsasında təyin olunur. Bura ilk növbədə ölkənin markoiqtisadi səviyyəsinin göstəriciləri aiddir. Bundan başqa, milli valyutanın məzənnəsinə birbaşa təsir edən amil ölkənin idxal və ixrac əməliyyatları arasında balansın səviyyəsidir. İndiki vəziyyətdə bütün göstəriciləri nəzərə alsaq, manatın ciddi möhkəmlənməsi hiss edilmir. Düzdür, Azərbaycanın bunun üçün güclü potensialı var. Ancaq əsas iş həmin potensialı iqtisadi dövriyyəyə cəlb etməkdir. Ondan sonra manatın möhkəmlənməsi prosesi başlayacaq. Sadəcə, Azərbaycanın potensialını kompleks şəkildə hərəkətə gətirmək lazımdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz