Əlaqə Arxiv
news Image
2017.04.22
09:45
| A A A
Çox sayda xarici bankın Azərbaycana gəlişi məqbul sayıldı
Fikrət Yusifov: “Xarici bankları bazara buraxıb, onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur” Əkrəm Həsənov: “İstənilən biznes sahəsində rəqabətin olması yaxşı haldır”

Kredit bazarında faizlərin aşağı salınması gündəmdə olan əsas mövzulardan biridir. Zaman-zaman qeyd olunan xüsusda müxtəlif təkliflər səsləndirilsə, addımlar atılsa da, hələlik bu istiqamətdə ciddi nəticələr əldə edilməyib. Əsas məsələ isə rəqabət mühitini daha da gücləndirməkdir. Bunun üçün irəli sürülən təkiflərdən biri də çox sayda xarici bankların Azərbaycana gəlişinin təmin edilməsidir. Hesab olunur ki, bu hal kredit bazarında ciddi ucuzlaşmaya yol aça bilər. 

Sabiq maliyyə naziri, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, bank sistemində yaranmış indiki durum ölkənin Mərkəzi Bankı tərəfindən zaman-zaman həyata keçirilən pul-kredit siyasətnin məhsuludur: “Öncə manatın yersiz möhkəmləndirilməsinə yönəlik siyasət illərlə ixrac potensialının formalaşmasına ciddi zərbə vurmaqla, maliyyə sistemində dollarlaşmanı son həddə qədər yüksəltdi. Bu vəziyyətdə Mərkəzi Bankın milli valyutanının iki dəfə ucuzlaşmasına səbəb olan iki kəskin devalvasiyaya getməsi isə onun yanlış pul-kredit siyasəti apardığını bir daha ortaya qoydu. Keçən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur” deyən dövlət başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qeyri-kafi qiymət verdi. 
Təəssüf ki, bu sferada mövcud olan problemləri həll etmək üçün yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətində vəziyyəti normallaşdıra biləcək ciddi heç bir addım gözə dəymir. Bank bağlamaq islahat deyil. Bu, heç bank sistemini sağlamlaşdırmaq da demək deyil”. 
Professor əlavə etdi ki, bu gün iqtasadiyyat üzünü banklara tutub onlardan dəstək diləyir: “Banklar isə elə bir duruma düşüblər ki, onların özünə dəstək verən lazımdır. Bu vəziyyətdə xarici bankları bazara buraxıb, onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur. Digər yol isə özümüzün kardinal addımlar atmaqla, bank sistemində sağlamlaşmağa nail ola bilməyimizdir”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, istənilən biznes sahəsində rəqabətin olması yaxşı haldır: “Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycanda iri banklar fəaliyyət göstərməsə də,  hazırda bir neçə xarici bank var. Lakin daha çox xarici bankların ölkəmizə daxil olmasına şərait yaradılmalıdır. Qanunla da buna məhdudiyyət yoxdur. Bu, həm də istehlakçıların hüquqlarının müdafiəsi üçündür. İstehlakçıya seçim veriləcək. Söhbət yalnız ənənəvi banklardan getmir. 
Dünyada İslam bankçılığı da var. Bu banklara da şərait yaratmaq lazımdır. Çünki faizə haram kimi yanaşan şəxslər az deyil. Bütövlükdə bunlar kredit dərəcələrinin azalmasına şərait yaradacaq. Sağlam rəqabət mühitində qiymətlər aşağı düşəcək”. 
Ekspert əlavə etdi ki, indiki qanun xarici bankların sayına hədd qoymur: “Amma müəyyən hədd qoymaq olar. Məsələn, kapitalın heç olmasa, yarısı xarici ola bilər ki, yerli bankları tam sıradan çıxarmasınlar. Çünki bu halda yerli banklar birləşməyə məcbur olacaqlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz