Əlaqə Arxiv
news Image
2017.04.28
08:00
| A A A
«Valyuta müharibəsi» yenidən qızışır
Natiq Cəfərli: “Bəzi ölkələr milli valyutanın idarə olunan səviyyədə aşağı düşməsində maraqlıdırlar ki, ixrac potensialının artmasına stimul yaransın” Yaşar Əsədov: “Tədricən belə bir tendensiya daha geniş vüsət almağa başlayır”

Son dövrlərdə Rusiya, Qazaxıstan,  Çində, eləcə də dünyanın bir çox ölkələrində dolların ucuzlaşması belə demək olarsa, narahatılqa qarşılanır.  Əksər ölkələr indi bilərəkdən pullarını dollar qarşısında ucuzlaşdırır. Bu, «valyuta müharibəsi»nin göstəricisi sayıla bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bir sıra hallarda ixracatın həcminin artımına nail olmaq üçün ölkələr bilərəkdən milli valyutalarının dollara nisbətdə ucuzlaşmasına çalışırlar. Bu da ekspertə görə, məhz “valyuta müharibəsi”nin göstəricisidir: “Hər bir ölkənin bilərəkdən milli valyutanı dollar qarşısında ucuzlaşdırmaq siyasəti yürütməsinin müxtəlif səbəbləri var. Hətta Rusiyanın maliyyə naziri, habelə iqtisadi inkişaf naziri rublun dollara nisbətdə təxminən 10 faizə qədər ucuzlaşmalı olduğunu bildirmişdi. Bunun da səbəbi odur ki, büdcə hesablamalarında milli valyuta 1 dollar 65-66 rubl səviyyəsində hesablanıb. Belə olan halda Rusiya valyutasının həmin həddən 10 rubl ucuz olması büdcə öhdəliklərinin yerinə yetirilməsində problem yaradır. Qazaxıstanda da anoloji proses gedir. 
Türkiyədə isə vəziyyət bir qədər fərqlidir. Qardaş ölkə ixracatı güclü olan ölkələrdən olduğundan milli valyutanın dəyərdən düşməsi ixrac potensialının da artmasına gətirib çıxarır. Yəni, milli valyutanın ucuzlaşması ixracatyönümlü məhsullar istehsal edən sahibkarlar üçün daha çox məhsulu xaricə satmaqda belə demək mümkünsə, yardımçı olur. Onlar xarici valyutanı, o cümlədən dolları Türkiyə ərazisində türk lirəsinə çevirməklə daha çox qazanırlar. Çində də buna bənzər proses gedir. Çin də öz valyutasını idarə olunan məzənnə sistemində tənzimləyir. Çin dünyanın aparıcı ixracatçı ölkəsi olduğundan çalışır ki, yuan daha aşağı məzənnədə olsun və ixracatçılar üçün daha əlverişli şərait yaransın. Belə bir hal da təbii ki, uzun illərdir dünyada davam edən və son illər daha da qızışan “valyuta müharibələri”nin nəticəsidir. Demək olar ki, bütün ölkələr bu istiqamətdə müəyyən addımlar atmalı olurlar. Bu, Yaponiya və Cənubi Koreya kimi iri ixracatçı ölkələrə də aid situasiyadır. Həmin ölkələr də milli valyutaların norma çərçivəsində daha da ucuzlaşmasına maraq göstərir. Yəni onlar milli valyutanın kəskin deyil, idarə olunan səviyyədə aşağı düşməsində maraqlıdırlar ki, bu da ixrac potensiallarının artmasına stimul yaradır. Yaponiya yeni son zamanlar dollara nisbətən çox sürətlə bahalaşırdı. Bunun özü də ixracata mənfi təsir göstərdi. Ölkənin Mərkəzi Bankının atdığı addımlar nəticəsində yen dəyərdən düşməyə başladı və son aylarda Yaponiya ixracatında yenidən ciddi artımlar müşahidə olundu.Yəni, bu addımları da “valyuta müharibələri”nin nəticəsi kimi dəyərləndirmək olar”.
İqtisadçı ekspert Yaşar Əsədov qeyd etdi ki, “valyuta müharibəsi” əslində, Vaşinqtonun istəyinə uyğun baş verən bir hadisədir: “Əslində, dollarla mübarizə aparmaq yel dəyirmanı ilə mübarizə aparmaq kimi bir şeydir. Bununla belə hazırda dünyada belə bir tendensiya nəzərə çarpır, Çin, Rusiya, habelə Avropa, Yaponiya kimi ölkələr üstörtülü şəkildə, dollar asılılığından azad olmağa çalışırlar. Tədricən də belə bir tendensiya daha geniş vüsət almağa başlayır. Həmin istiqamətdə aparıcı ölkə qismində isə Rusiya çıxış edir. Rusiya ikitərəfli xarici ticarət münasibətlərində milli valyutalara keçidi stimullaşdırır. Moskva bu istiqamətdə Türkiyə, Çin və İranla müəyyən münasibətlərdə olub. 
Digər tərəfdən, bu yaxınlarda ABŞ prezidenti Donald Tramp elan etdi ki, dolların qiyməti həddən artıq yüksək qiymətləndirilir. Amerikanın mövcud iqtisadi durumu baxımından bu mənada Trampı başa düşmək olar. Vaşinqtonun xarici borcunun həcmi 20 trilyon dollara çatıb. Bu fonda dolların  digər valyutalara nisbətən məzənnəsinin daha da bahalaşması ABŞ-ın həmin borcunun 
dəyərini artırır. Bu mənada bir sıra ölkələrdə valyutanın dollara nisbətən ucuzlaşdırılması siyasətini “valyuta müharibəsi”ndən daha çox ABŞ-ın özünün 
istəyinə uyğun baş verən hadisə kimi 
qiymətləndirmək lazımdır.
Təbii ki, digər ölkələr buna müqavimət göstərməyə çalışacaq. Çünki faktiki olaraq, ABŞ ikitərəfli ticarət münasibətlərində olduğu ölkələrin hamısına borcludur. ABŞ hətta iqtisadi cəhətdən pis vəziyyətdə olan Ukraynaya da borcludur. Yəni, ABŞ-ın Ukrayna ilə ticarət münasibətlərində saldosu mənfidir, daha çox idxal edir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz