news Image
2019.11.27
18:40
| A A A
AMEA-da Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr olunmuş konfrans və “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı keçirilib

Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Molla Məsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr olunmuş “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı və “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli qeyd edib ki, bütün dünyada məşhur olan xalq gülüş qəhrəmanı Molla Nəsrəddinlə bağlı lətifələrin araşdırılması elmi və ümumictimai əhəmiyyətə malikdir. Folklor İnstitutu ilə SOCAR AQŞ-nin birgə əməkdaşlığı ilə bu istiqamətdə görülən işləri müsbət dəyərləndirən akademik Teymur Kərimli “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının mühüm əhəmiyyətə malik olduğunu deyib. Akademik Molla Nəsrəddin lətifələrinin müasir elmi-nəzəri prinsiplər əsasında araşdırılması zərurətindən də danışıb.

T.Kərimli bildirib ki, Molla Nəsrəddin lətifələri folklor nümunələri içərisində öz lakonikliyi, fəlsəfi dərinliyi ilə xüsusi seçilir. Lətifələrdə xalq müdrikliyi özünün bütün dolğunluğu ilə əks olunub. Bu mənada Molla Nəsrəddin lətifələrinin, o cümlədən digər xalqların folklorunda olan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması olduqca böyük əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov son illər Molla Nəsrəddin lətifələrinin tədqiqi ilə bağlı rəhbərlik etdiyi elmi müəssisə ilə SOCAR AQŞ arasında əməkdaşlıqdan bəhs edib, bu istiqamətdə həyata keçirilən işləri diqqətə çatdırıb. Akademik bildirib ki, Molla Nəsrəddin lətifələrinin müasir nəzəri-metodoloji aspektdən araşdırılması institutun prioritet elmi istiqamətlərindən birini təşkil edir və bu sahədə xeyli uğurlar qazanılıb.

Konfransda SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev çıxış edərək son illər rəhbəri olduğu qurumla Folklor İnstitutu arasında sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını, artıq bu əlaqələrin konkret elmi nəşrlərdə, kitab və məqalələrdə öz əksini tapdığını bildirib. İki cilddən ibarət Molla Nəsrəddin lətifələri, nüfuzlu bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr, mollanasreddin.az portalı əməkdaşlığın bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov çıxış edərək Molla Nəsrəddin lətifələrinin tədqiqi istiqamətində həyata keçirilən tədbirlərin və “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının əhəmiyyətindən danışıb.

Daha sonra AMEA Folklor İnstitutunun böyük elmi işçisi, “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının tərtibçisi Qumru Şəhriyar nəşrlə bağlı ətraflı məlumat verib.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “Molla Nəsrəddin lətifələri xalq gülüşünün sosial-antropoloji semantikası kontekstində”,  filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev “Dəlilik və vəlilik kontekstində Molla Nəsrəddin obrazı” və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Real və virtual mühitdə Molla Nəsrəddin lətifələri: yeni sosial şərtlər və mədəni təzahürlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji spektlərdən təhlili istiqamətində suallar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.