Əlaqə Arxiv
news Image
2020.03.19
12:53
| A A A
Bakı Ali Neft Məktəbi “Cisco” şirkəti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Cisco” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Ramil Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “AzNext” şirkətinin direktoru Səməd Abbasov da iştirak edib.

BANM-dən Mövqe.az-a verilən məlumata görə, qonaqlar ilk olaraq Bakı Ali Neft Məktəbinin kampusu, burada yaradılan şərait, həyata keçirilən işlərlə tanış olublar.

Rektor Elmar Qasımov son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Eyni zamanda, o qeyd edib ki, bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə xüsusilə önəm verilir.

Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi, gələcək imkanlar barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycanda təhsil sahəsində “Cisco” şirkəti ilə sıx əməkdaşlıq edilir və şirkətin təqdim etdiyi həllər vasitəsilə bir sıra təhsil müəssisələrində müasir təhsil platforması yaradılıb.

Şirkətin Azərbaycan üzrə İcraçı direktoru Ramil Eyyubov “Cisco”-nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və Azərbaycanda aparıcı təhsil müəssisəsi kimi Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.

Tərəflər əməkdaşlığın davam etdirilməsi, birgə layihələrin reallaşdırılması, BANM-də yaradılması nəzərdə tutulan Kibertəhlükəsizlik mərkəzinin formalaşdırılması, tələbələrin startap ideyalarına dəstək, İnnovasiya və Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, distant təhsil barədə müzakirələr aparıblar.

Sonda gələcək əməkdaşlığa dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Müqaviləyə əsasən, Ali Məktəbin tələbələri və müəllimləri üçün “Cisco”–nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, birgə tədqiqat və inkişaf layihələrinin təşkil olunması, İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində tədris proqramlarının praktik olaraq həyata keçirilməsinə dair maarifləndirici seminarların keçirilməsi, “Cisco” texnologiyaları və innovativ məhsullar əsasında mütərəqqi həll yollarının nümayiş etdirilməsi üçün imkanların yaradılması, tədrisdə yeni texnologiyaların tətbiqi üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Qeyd edək ki, Ali Məktəbin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulub. "Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir.

Akademiyada aşağıda qeyd olunan istiqamətlərdə kurslar keçirilir:

Şəbəkə texnologiyaları (CCNA, CCNP)
Təhlükəsizlik və kibertəhlükəsizlik
Əşyaların İnterneti (IoT)
Proqramlaşdırma

Bunlarla yanaşı, keçiriləcək təlimlər sayəsində tələbələr "Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.

Sizin Reklam Yeriniz