Əlaqə Arxiv
news Image
2020.03.19
15:18
| A A A
Aİİ-də distant təhsillə bağlı bir sıra tədbirlər həyata keçirilir - Rektor

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru vəzifəsini müvəqqəti icra edən ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov koronavirus infeksiyası ilə əlaqədar ali təhsil müəssisəsində aparılan tədbirlərlə bağlı açıqlama verib.

Mövqe.az-ın məlumatına görə, A.Şirinov bildirib ki, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə verdiyi Sərəncama əsasən institutda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.

A.Şirinov bildirib ki, İnstitutda tələbələrin tədrisdən geri qalmaması üçün distant təhsillə bağlı bir sıra tədbirlər həyata keçirilir:

"Bildiyimiz kimi, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Bununla əlaqədar, yeniliklərin İnstitutda tətbiqi üçün yerli və xarici təcrübə rəhbərlik tərəfindən araşdırılır. Onu da qeyd edim ki, distant təhsilin keçirilməsi ilə bağlı İlahiyyat İnstitutunda texniki vasitələrimiz mövcuddur. Hazırda müəllimlərimiz videodərslər vasitəsilə proqrama uyğun olaraq dərslərini keçməyə davam edirlər. Artıq ali təhsil müəssisəsinin rəsmi “Facebook” və “Youtube” səhifələrində videodərslər yerləşdirilib. Dərslər dərs cədvəlinə və sillabuslara uyğun olaraq bütün kursları əhatə edir".

İnstitutda təhsil alan gənclərlə mütəmadi əlaqələrin qurulduğunu qeyd edən Aqil Şirinov bildirib ki, onlara virusdan qorunmaq üçün vacib olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməmək, insanların sıx olduğu yerlərdən uzaq durmaq və digər gigiyenik qaydalara əməl etmək tövsiyə olunub.

Həmçinin tələbələrə dərs proqramından geri qalmamaq üçün Aİİ-nin rəsmi saytı, “Facebook” və “Youtube” səhifələrində yerləşdirilmiş videodərsləri müntəzəm olaraq izləməyi məsləhət görüb.

Sizin Reklam Yeriniz