Əlaqə Arxiv
news Image
2020.04.20
11:09
| A A A
Bu məzunlar üçün Azərbaycan dili imtahanlarının onlayn keçirilməsi planlaşdırılır

Tədrisi rus, ingilis və gürcü dilində olan məktəb məzunları üçün dövlət dili olan Azərbaycan dili üzrə imtahanların artıq onlayn keçirilməsi planlaşdırılır.

Mövqe.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, onlayn imtahanlarının keçirilməsi üçün ilk növbədə Azərbaycan dili imtahanını seçiblər:

“Ona görə ki, bu imtahanda kontingent nisbətən az - təxminən 7-8 min nəfərdir. Amma buraxılış imtahanlarında bu rəqəm 100 minə çatır. Təbii ki, belə imtahanlar onlayn keçirildikdə burada bütün ölkə təmsil olunur. Lakin onlayn imtahanlarının keçirilməsi yalnız bizim imkanlardan asılı deyil. Bunun üçün bütün ölkə üzrə yüksək səviyyəli internet bağlantısı və hər bir abituriyentin evində kompüter olmalıdır”.

N.Hüseynova əlavə edib ki, tədrisi rus, ingilis dillərində aparılan məktəblər daha çox respublikanın böyük şəhərlərindədir:

“Böyük şəhərlərdə həm internetin sürəti yaxşı olur, həm də bu uşaqların evlərində kompüter olur”.

Məzunlar üçün onlayn imtahanlarda iştirak etməyi vacib hesab edən N.Hüseynova qeyd edib ki, namizədlər onlayn imtahanlarda iştirak etməklə müstəqil şəkildə özlərinin bilik səviyyələrini müəyyən edə bilərlər:

“Onlayn sınaq imtahanlarında iştirak edənlər artıq bu imtahanlarda iştirak etmək vərdişləri əldə edirlər. DİM mütəxəssisləri artıq xeyli müddətdir ki, onlayn imtahanlarının keçirilməsi üzərində çalışırlar. Artıq müəyyən layihələr əldə edilir”.

Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən tədrisi digər dillərdə aparılan abituriyentlər Azərbaycan dili üzrə imtahan verməlidirlər. Bu imtahanı uğurla verə bilməyən abituriyentlər qəbul imtahanlarında iştirak edə bilmirlər.

Sizin Reklam Yeriniz