Əlaqə Arxiv
news Image
2020.04.28
16:11
| A A A
Koronavirus pandemiyası dünyada 1 milyard 500 milyon təhsilalana təsir edib
"Yeni növ koronavirus (COVID-19) pandemiyası dünyada 1 milyard 500 milyon təhsilalana təsir edib". Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. Onun sözlərinə görə, 2009-2010-cu illərdə "donuz qripi" zamanı ABŞ-da 20 ştatda 600-ə yaxın məktəb bağlanıb: "Həmin vaxt verilən qərar 126 min şagirdə təsir etmişdi. Bu gün koronavirus pandemiyası dünyada təhsil alanların 90 faizinə təsir edib. Əvvəllər təhsil sistemi belə bir halla qarşılaşmamışdı. Sevindirici haldır ki, bu pandemiyaya qarşı ilk vaxtlardan Azərbaycanda ölkə rəhbərinin tapşırığına uyğun olaraq qabaqlayıcı tədbirlər görüldü və fəaliyyət planı hazırlandı. Bu zaman Təhsil Nazirliyi və həmkar qurumlara da məlumat verilmişdi. Ümumtəhsil məktəblərinə tapşırıq hələ fevralın ortalarında verilmişdi, o vaxt hələ ölkədə virus aşkarlanmamışdı. Fevralda bütün məktəblərə tövsiyə və tapşırıqlar göndərilib. Fevralda artıq kütləvi tədbirlərə qadağa qoyuldu, dezinfeksiya tədbirlərinə başlanıldı". Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də qeydə alındığını xatırladan E. Məmmədov vurğulayıb ki, martın 2-də ölkədə tədris prosesinin dayandırılmasına qərar verilib. Nazir müşaviri bildirib ki, bəzi dövlətlər tədris prosesinin bərpası ilə bağlı qərar qəbul edib. O qeyd edib ki, hər bir ölkədə karantin qaydalarınını yumşaldılması sanitar-epidemioloji vəziyyətə uyğun verilir: "Ümumilikdə Azərbaycan bu prosesə çox çevik reaksiya verdi. UNESCO-nun aprel ayında tərtib etdiyi hesabatda maraqlı məqamlar var. Hesabatda bildirilib ki, tədrisin dayandırılması pandemiyanın pik həddə çatmasının qarşısını ala bilir". Nazir müşaviri onu da vurğulayıb ki, martın 11-də "Mədəniyyət" telekanalında teledərslərə start verilib: "Burada məktəb proqramına uyğun dərslər keçirilir. Əhatəlilik üçün ən yaxşı vasitə televiziyadır. Hər iki bölmə üzrə əksər fənlər təşkil olunub. Sabah həmin verilişin 1000-ci buraxılışı efirə gedəcək. Sonradan peşə təhsili, məktəbdənkənar fəaliyyətlə də bağlı dərslərə başlanıldı. Həmin vaxt teledərslərlə bağlı verilən qərar kifayət qədər düzgün oldu. Teledərslərdə interaktivliyi təmin etmək üçün "Virtual məktəb" layihəsinə də başlanıldı".
Sizin Reklam Yeriniz