Əlaqə Arxiv
news Image
2020.05.20
12:30
| A A A
"Məktəbəqədər və ibtidai təhsil” yeni formatda oxucuları ilə görüşə gəlir
"Məktəbəqədər və ibtidai təhsil" yeni formatda oxucuları ilə görüşə gəlir... Jurnalın məsul katibi Böyükağa Mikayıllı Mövqe.az-a bildirib ki, elmi-pedaqoji prosesin səmərəliliyini yüksəltmək məqsədi ilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına hər zaman ciddi ehtiyac olmuşdur. 1970-ci ilə qədər məktəbəqədər və ibtidai təhsilin elmi-nəzəri, metodiki problemləri ilə bağlı yazılar, əsasən, "Azərbaycan məktəbi" jurnalında, eləcə də metodik vəsaitlərdə, pedaqoji qəzetlərdə çap olunurdu. Bu sahədə elmi-metodiki məqalələrin müvafiq jurnalda nəşrinə ehtiyac var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1970-ci ilin fevral ayında "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq, "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı çap olunmağa başladı. 6 çap vərəqi həcmində ildə 6 dəfə nəşr edilən bu məc¬muənin ilk baş redaktoru pedaqogika elmləri doktoru, professor Yəhya Kərimov oldu. Jurnal yarandığı dövrdə məktəbəqədər təhsil işçilərinin və ibtidai sinif müəllimlərinin metodiki dəstəyə ehtiyaclarını nəzərə alaraq ildə 25-28 min tirajla çap edilərək respublikanın bütün müvafiq təlim-tərbiyə müəssisələrinə göndərilirdi. Jurnalın səhifələrində görkəmli maarifpərvərlər, elm xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında verilmiş yazılar müəllim və tərbiyəçi-lərimizi təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin görkəmli şəxsiyyətləri, onların ideya və fikirləri ilə tanış edir. Jurnal 50 illik fəaliyyəti dövründə məktəbəqədər və ibtidai təhsil sahəsində aktual problemləri, görkəmli alimlərin, metodistlərin, müəllimlərin və tərbiyəçilərin elmi-nəzəri, metodiki məqalələrini, müasir xarici təcrübəni dərc etməklə bu sahə üzrə mütəxəssislərin ən yaxın metodik köməkçisinə çevrilib. Jurnal 2009-cu ildən "Məktəbəqədər və ibtidai təhsil" adlandırılıb.
Sizin Reklam Yeriniz