Əlaqə Arxiv
news Image
2020.05.31
12:59
| A A A
Koronavirus uşaqların bayram sevincinə mane ola bilməyəcək

Sabah ölkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunacaq. Xatırladaq ki, ilk dəfə 1924-cü ildə uşaqların hüquqlarını təmin edən Bəyannamə qəbul edilib. Bəyannamədə deyilirdi ki, bəşəriyyət ən yaxşı şeylərlə uşaqları təmin etməyə məcburdur. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 İyun -   Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə daxil olub. Həmin tarixdən bu yana ilk dəfədir ki, dünyanı bürüyən pandemiya səbəbindən uşaqlar bu əziz bayramlarını bağçalarından kənarda qeyd edəcək. "Ellə gələn dərd toy-bayramdır" məsəli ilə ölkəmizdə Koronaya təslim olmayan əksər idarə və müəssisələr kimi uşaq bağçaları da fəaliyyətini onlayn davam etdirir, balacalarla daim ünsiyyətdə olub, onları az da olsa sıxıntıdan qurtarmağa çalışırlar.

Bu dəfə mövzumuzu ənənəvi şəhər bağçalarından yox, əyalət bağçalarından biri ilə davam etdirirəm. Belə bağçalardan biri Tovuz Şəhər "Qərənfil" Uşaq Bağçası və Körpələr Evidir. 1970-ci ildən fəaliyyət göstərən uşaq müəssisəsində 8 qrupda 150 uşaq komplektləşdirilib. 28 illik müəllimə stajı olan, 2010-cu ildən bağçanın müdiri işləyən Sevda xanım Səfərova söhbət əsnasında bildirdi ki, rəhbərlik etdiyi müəssisə 2012-ci ildə rayon İH və İqtisadi İnkişaf Nazirliyi tərəfindən əsaslı təmir olunub. Bağçanın kollektivi 38 nəfərdən ibarətdir. Onlardan 15-i tərbiyəçi, 2 nəfəri müsiqi rəhbəri, 1 tibb bacısı, 1 nəfər isə təsərrüfat rəhbəridir. Sevda xanım bildirdi ki, tərbiyəçilər mütəmadi uşaqlarla onlayn əlaqə saxlayır, onlarla yorucu olmayan məşğələlər keçir, tibb bacısı isə həmişə valideynlər vasitəsiylə uşaqların sağlamlıqları ilə maraqlanır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə bağlı aparılan tədbirlərlə əlaqəli sualımıza  cavab olaraq Sevda xanım qeyd etdi ki, bağçada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş müsabiqə keçiriləcək. 12 uşaq müsabiqədə iştirak etmək üçün yarışmaya qatılıb. Evdən valideynlər tərəfindən çəkiliş edilərək videolar münsif tərbiyəçi-müəllimlərə göndərilib. Qeyd edək ki, Sevda xanım Tovuz rayon YAP sədr müavini və Tovuz Şəhər Bələdiyyəsinin üzvüdür.

Söhbətin sonunda Sevda xanım rəhbərlik eydiyi kollektiv, bağçalarının balaca sakinləri və onların valideynləri adından uşaqlar üçün yaradılan şəraitə və son 3 ay ərzində Koronavirusla yüksək səviyyədə təşkil olunmuş mübarizəyə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edərək, Prezidentə can sağlığı, gələcək işlərində uğurlar arzuladı.

Elnurə Abuşova   

Sizin Reklam Yeriniz