Əlaqə Arxiv
news Image
2020.08.01
11:58
| A A A
DİM: Apelyasiya Komissiyası 800-dən çox şagirdin qiymətlərini araşdırıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-u və11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 826 nəfər şagird (bütün imtahan verənlərin 3,95%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

DİM-dən Mövqe-yə bildirilib ki, bu ərizələrdə ümumilikdə 1644 (bütün yazı işlərinin 0,65%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Bütün müraciətlər araşdırılıb və şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 360 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 466 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apelyasiyaya müraciət edənlərdən 97 şagirdin (bütün imtahan verənlərin 0,46%-i) cəmi 107 tapşırıq (bütün tapşırıqların 0,04%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 8 işdə edilən düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Təxminən 10 şagird ərizə ilə müraciət etmələrinə baxmayaraq, apelyasiya prosesinə qoşulmayıb. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə iyunun 10-da keçirilmiş imtahanın ingilis dili fənnindən bir tapşırığının (A variantında 29 nömrəli, B variantında 30 nömrəli, C variantında 28 nömrəli, D variantında 30 nömrəli) qiymətləndirmə meyarının 0.5 ballıq şkalasına “a better land” və "good farmland" ifadələri də daxil edilib və həmin tapşırığı bu şəkildə cavablandıran 140 şagirdin nəticəsində müvafiq dəyişiklik olunub. Qeyd edilən dəyişikliklər bu gündən etibarən abituriyentlərin imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapıb.

Xatırladaq ki, bu imtahanlarda 21000-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 251000-ə qədər tapşırıq üzrə yazı işi yoxlanılıb. Həmçinin həm apelyasiya prosesinə ərizə qəbulu, həm də apelyasiya prosesi "online" formada həyata keçirilib.

Sizin Reklam Yeriniz