Əlaqə Arxiv
news Image
2020.08.05
14:31
| A A A
Təhsil sahəsində hələ də xeyli çatışmazlıqlar olduğu üzə çıxdı
Kamran Əsədov: “Dərsliklər şagirdlərin psixologiyasına uyğun deyil, informasiya yükü çoxdur” Etibar Əliyev: “12 illik orta təhsilə keçməliyik”

 

Təhsil sferasında kadr dəyişiklikləri bu sahədə hansı yeniliklər ola biləcəyi məsələsini də aktuallaşdırır.  Xatırladaq ki,  Emin Əmrullayev Təhsil naziri təyin olunub.

Təhsil sistemi hər bir ölkənin gələcəyi, onun inkişafının təməlidir. Bu mənada təhsil sahəsi daim inkişaf etməlidir. Yeni nazir təyinatından sonra təhsildə hansı problemlər həllini tapmalıdır?

Təhsil eksperti Kamran Əsədovun fikrincə, ilk növbədə idarəetmə  prosesi təkmilləşməlidir: “Burada söhbət kadr potensialından, layiqli şəxslərin bu və ya digər vəzifələrə gəlməsindən gedir.  Təhsildəki problemlərdən başlıcası dərsliklərlə bağlıdır.  Dərsliklər şagirdlərin psixologiyasına uyğun deyil, informasiya yükü çoxdur”.

Ekspert azərbaycanlı gənclərin yenidən dövlət proqramı hesabına  xaricdəki nüfuzlu universitetlərdə təhsil almalarının bərpa olunmasını arzulayır: “Yeni nazirdən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yenidən akreditasiyasını keçirməsini, müasir tələblərə cavab verən kadrlar hazırlanmasına xüsusi diqqət verilməsini istərdim.  Təhsil dünyada və Azərbaycanda insanları ən çox birləşdirən və onlarla aktiv əməkdaşlıq edən qurumdur.  Təəssüf ki, əvvəlki nazirlərin dövründə onların hansısa bir rayonun ucqar kəndinə gedib, oradakı məktəblə yxından tanış olmasının şahidi olmamışıq.  Əvvəllər isə bu var idi.  Bu mənada istərdim ki, yeni nazir tez-tez tələbələrin, şagirdlərin içərisində olsun”.

K. Əsədov Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərə daxil olmasını da vacib amil hesab etdi: “Azərbaycan universitetləri beynəlxalq reytinqə daxil deyillər. İnanıram ki, bu problemin aradan qaldırılması yolunda əməli tədbirlər həyata keçiriləcək. Xaricdə təhsil alan tələbələrimizin diplomlarının tanınmasında ciddi problemlər var. Ona görə, xaricdən tələbə axınını da gücləndirməliyik. Ölkəmizdə oxuyan xarici ölkə tələbələrinin sayı da azdır, cəmi 5 minə yaxın.  Ona görə xaricdən tələbə axınını gücləndirməliyik. Kolleclər və peşə təhsili müəssisələrinin keyfiyyəti artırılmalıdır.  Vətəndaşların müraciətlərinə də vaxtında və çevik cavab verilməlidir”.

Milli Məclisin deputatı Etibar Əliyevə görə təhsil sahəsində bir sıra mühüm islahatlara ehtiyac  var: “Təcili olaraq, 12 illik orta təhsil sisteminə keçməliyik. Kurikulumlara da yenidən  baxılmalı, kurikulum dəyişən dünyanın tələblərinə cavab verməlidir. Dərsliklərin yazılması və çapında ciddi qüsurlar var, bu məsələyə yenidən qayıtmalıyıq. Təhsilin yüksəldilməsi istiqamətində müəllim hazırlığına ciddi diqqət yetirilməlidir”.

Onun fikrincə, Tərbiyyə Konsepsiyası da yenidən işlənməlidir: “Təhsilin bütün pillələri üçün Tərbiyyə Konsepsiyası yenidən işlənməlidir. Müəllim əvvəlki illərdə olduğu kimi, tərbiyəçi funksiyasını da yerinə yetirməlidir. Müəllim hazırlığı formal deyil, elmi əsaslandırılmış şəkildə həyta keçirilməlidir. Müəllimlər öz üzərində çalışmalı, yeni bilgilər axtarmalıdır”.

E. Əliyev tələbə təqaüdlərinə yenidən baxılmasının, onlara güzəştlər edilməsinin tərəfdarıdır: “Ali məktəblərdə də problemlər var. Boloniya bəyannaməsinin şərtlərinin yerinə yetirilməsində müəyyən qüsurlar  mövcuddur. Elmi adlar və dərəcələrin verilməsində Təhsil Nazirliyilə Ali Attestasiya Komissiyası arasında müəyyən razılaşmalar olmalı, plagiatlıq, zəif elmi işlərin diplomlara layiq görülməsi məsələsi müzakirə olunmalıdır”.

Deputat düşünür ki, pandemiya  distant təhsilə  diqqəti artırmağımızı vacib edib:  “Universitetlərimizin dünya reytinqində yer tutması üçün ciddi işlər görülməlidir.  Tələbələrə güzəştlər olmalı, tələbə təqaüdlərinə yenidən baxılmalıdır.  Təhsilin bütün pillələrinin bir-birinə rahat keçidi yaradılmalıdır. Kollec təhsilinə ciddi önəm verməliyik. Bu istiqamətdə dərsliklər hazırlanmalıdır. Nazirlik yanında İctimai Şura ilə çalışmaların intensivliyi də artırılmalıdır”.   

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz