Əlaqə Arxiv
news Image
2020.08.07
08:51
| A A A
Təhsil haqları ilə bağlı ziddiyyətli durum yaranır
Kamran Əsədov: “Ali təhsil müəssisələri təhsil haqlarını azaltsalar, onda 50 faiz işçiləri işdən azad etməlidir” Anar İsgəndərov: “Təhsil haqlarının azaldılması daha yaxşı olardı, amma əsas məsələ tələbə kreditlərinin olmasıdır”
Milli Məclisdə təhsil haqlarının azaldılması təklif edilib. Bu təkliflə deputat Erkin Qədirli parlamentin növbədənkənar sessiyasının iclasında çıxış edib. Deputat bildirib ki, pandemiya ilə əlaqədar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib: “Təklif edirəm ki, təhsil haqları yarıbayarı azaldılsın”. İndiki şəraitdə təhsil haqları yarıbayarı azaldıla bilərmi?
Təhsil eksperti Kamran Əsədovun fikrincə, deputatın həmin təklifi publikaya hesablanmış addımdır və belə yanaşma doğru deyil: “Deputat Erkin Qədirli deyir ki, universitetlərdə ikinci semestrdə və məktəblərdə üçüncü və dördüncü rüblərdə dərs olmadı. Deputatın nəzərinə çatdırım ki, ölkədə orta məktəblərdə rüb uzun müddətdir ki, ləğv olunub. Tədris ili orta təhsil bazasında 1-ci (I) və 2-ci (II) yarımillikdən ibarətdir.
Deputat ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqları ən azından yarıbayarı azaldılmasını təklif edib.Bu, publikaya işləyən ifadədir. Bəli, insanların gəlirləri aşağı düşüb. Amma ali təhsil müəssisələri təhsil haqlarını azaltsalar, onda 50 faiz işçiləri işdən azad etməlidirlər. Çünki ali təhsil müəssisələrinin yeganə gəliri təhsil alanların ödədikləri təhsil haqlarındandır. Bundan başqa, maliyyə ilində ali təhsil müəssisələri bütün xərclərini məhz cari ilin gəlirləri üzərində qurublar. Deputat Erkin Qədirli təhsil haqlarının ən azından yarıbayarı azaldılmasını və hətta üzvü olduğu REAL partiyasının təklifləri sırasında ali təhsilin pulsuz olmasını təklif edir.
Qeyd edim ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib. 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 32 mini ödənişli ixtisaslar idi. Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq. Yəni 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq. Bundan başqa bir çox kateqoriyalar üzrə tələbələr ödənişli əsaslarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olsalar da, onların təhsil haqları dövlət büdcəsindən ödənir ki, bir qəbul ilində bu imtiyazdan azı 7 min nəfər yararlanır. Digər tərəfdən də pandemiyadan zərər çəkmiş ailələrin övladlarının təhsil haqlarının ödənməsi üçün büdcədən 40 milyon manat vəsait ayrıldı və bu layihə çərçivəsində 20 min tələbənin 2 semesterlik təhsil haqları büdcə vəsaiti hesabına ödəniləcək.
Amma bir məqam var, ali təhsilin tamamilə ödənişsiz olması rəqabət qabiliyyətini aşağı salacaq və ədalət prinsipini pozacaq. Belə ki, 150 bal toplayan da ödənişsiz təhsil almaq imkanına malik olacaq, daha çox çalışıb, əziyyət çəkib 500-600 bal toplayan da ödənişsiz oxuyacaq ki, bu ədalətli deyil”.
Ekspert deputata müəyyən təkliflər də verdi: “Deputata təklif edərdim ki, növbəti çıxışlarında ali məktəblərin əmək bazarının tələbinə uyğun kadr hazırlamamasına, ölü-gələcəkdə ehtiyac olmayan ixtisaslar üzrə qəbul aparılıb kadr hazırlığının həyata keçirilməsinə, universitetlərin beynəlxalq reytinq məsələlərinə diqqət ayırsın”.
Milli Məclisin deputatı Anar İsgəndərov isə təhsil haqlarının azaldılmasını vacib bildi. Amma bununla belə, onun fikrincə, bu istiqamətdə yaranmış problemi tələbə kreditləri vasitəsilə həll etmək mümkündür: “Hamıya məlumdur ki,  pandemiya ilə bağlı olaraq təhsil sistemi onlayn qaydaya keçdi. Burada isə çətinliklər hamıya məlumdur. Dünyanın ən inkişaf etmiş ölkələrinin ali və orta təhsil ocaqlarında belə onlayn təhsilə keçməklə bağlı müəyyən problemlər yaşandı.
Birinci sinif uşağına onlayn qaydada yazı yazmağı öyrətməyin çətinlikləri var.  Müəllim özü onlayn qaydada olan məsələləri tam həll edə bilmir.  Həqiqətən də, epidemiya şəraitində çoxsaylı valideynlər işsiz qalıb.  Deməli, bu fonda o övladının təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu mənada da təhsil haqlarının azaldılması daha yaxşı olardı, amma əsas məsələ tələbə kreditlərinin olmasıdır. Bu olarsa, heç bir tələbə ödənişi ödəmək problemilə üzləşməyəcək.  Əminəm ki, yaxın illərdə tələbə krediti məsələsi öz həllini tapacaq və onda da bu kimi məsələlərə ehtiyac qalmayacaq. Hazırkı vəziyyətdə isə, tələbənin ödədiyi ödən işlərlə bağlı müəyyən güzəştlərin olması daha məqbuldur. Bu addımın atılması tələbə və onun valideyni tərəfindən təqdirlə qarşılanacaq. Ziyalı olaraq mən də təhsil haqlarının azaldılmasının tərəfdarıyam”.
Rüfət NADİROĞLU 
 
 
 
 
 
Sizin Reklam Yeriniz