news Image
2012.04.25
13:58
| A A A
Təhsil yenilikləri ciddi mübahisə predmetinə çevrilir
Məhərrəm Zülfüqarlı: "Tarix müəllimi olaraq məndə sual doğurur ki, nədən buraxılış imtahanlarında cəmi iki fənn nəzərdə tutulub və başqa fənlər yoxdur" Firudin Cəlilov: "Təhsil sahəsində nə kimi proseslərin getdiyindən xəbərim yoxdur"

Rafiq İsmayıl: "TQDK-nın hansı əsaslarla düşünərək bu qərara gəldiyini deyə bilmərəm"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin bildirdiyinə görə Azərbaycanda 2011-2012-ci tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. Belə ki, TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn-ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək.

İmtahan iki saat ərzində aparılacaq, hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Yerdə qalan 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunan mövzu üzrə yazı işini yerinə yetirəcəklər. M. Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçirilməsini şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib. O həmçinin imtahan suallarının asan olacağını da diqqətə çatdırıb. Qeyd edək ki, bir müddət bundan öncə dövlət başçısının fərmanı ilə orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi funksiyası da TQDK-ya həvalə edildi. Halbuki, bu günə qədər həmin vəzifəni Təhsil Nazirliyi icra edirdi. Görəsən, ekspertlərin TQDK rəhbərinin buraxılış imtahanları ilə bağlı açıqlamasına münasibətləri necədir? Buraxılış imtahanı zamanı yalnız iki fənn üzrə imtahan verilməsi nə dərəcədə effektivdir və hansı yeniliklər gətirə bilər?

Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı bu qənaətdədir ki, orta məktəblərdə buraxılış imtahanlarının yalnız iki fənn üzrə olması şagirdlərin kamil attestat almalarına imkan verməyəcək. Deməli, həmin dəyişikliyi effektiv saymaq olmaz: "Orta məktəblərdə buraxılış imtahanının yalnız iki fəndən ibarət olması qərarı TQDK sədrinin öz fikridir. Amma, adətən, buraxılış prosesində imtahanlar müxtəlif fənlərdən ibarət olurdu. Bu yolla da şagirdlərin savadı müəyyənləşirdi. Buraxılış sinfini bitirən şagird yalnız riyaziyyat və ana dilindən imtahan verməklə kamil attestat alacaqsa, fikrimcə, bu düzgün fikir deyil. Yəqin ki, TQDK orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi prosesini tam planlaşdırıb başa çatdırmadığından belə qərara gəlib. Ola da bilsin ki, bununla işi yeni metoda əsasən görmək istəyirlər. Amma bütün hallarda bu yeniliyi izah etməlidirlər. Tarix müəllimi olaraq məndə sual doğurur ki, nədən buraxılış imtahanlarında cəmi iki fənn nəzərdə tutulub və başqa fənlər yoxdur. Buraxılış imtahanlarını uğurla verənlər attestat qiyməti alacaq. Belədə maraqlıdır ki, iki fənn üzrə buraxılış imtahanı verməklə attestat qiymətləri hansı bal üzrə hesablanacaq. Ona görə də düşünürəm ki, buraxılış imtahanının yalnız iki fənn üzrə olması məsələdə bir qədər problem yaradır. Ümumiyyətlə, bu məsələdə anlaşılmayan məqamlar çoxdur, ona görə də daha dəqiq izahatı Məleykə Abbaszadə verməlidir. Buraxılış imtahanının yalnız iki fənn üzrə aparılması kimi təcrübəyə dünya miqyasında rast gəlməmişəm. Azərbaycan orta məktəblərində birinci dəfədir ki, buraxılış imtahanları yalnız iki fənn üzrə olur. Onda qalan fənlər üzrə nəyin əsasında qiymət yazılacaq? Azərbaycan məktəblərində yenidən qızıl medal məsələsini tətbiq ediblər. Belə çıxır ki, yeni qaydadan sonra şagird iki fənn üzrə imtahan verməklə özünün qızıl medal məsələsini həll edəcək. Bu kimi məsələlər qaranlıq qaldığından TQDK sədri onlara aydınlıq gətirməlidir. Fikrimcə, sözügedən yeniliyin verilməsinin başlıca səbəbi dövlət başçısının orta məktəbdə buraxılış imtahanlarının keçirilməsini TQDK-ya verilməsilə bağlı fərmanından sonra qurumun vaxt azlığı üzündən prosesi çatdıra bilməməsindən irəli gəlir. Amma normal halda buraxılış imtahanı əksər fənlər üzrə aparılmalıdır".

Sabiq təhsil naziri Firudin Cəlilov isə sözügedən dəyişikliyə münasibət bildirməkdən yayındı: "Artıq təhsil prosesindən 20 ildir ki, ayrılmışam. Ona görə də orada nə kimi proseslərin getdiyindən xəbərim yoxdur. Bu səbəbdən də bilmədiyim məsələ barədə fikir bildirmək ciddi alınmır. Məsələni yalnız mütəxəssislər dəyərləndirə bilər".

Tarix elmləri doktoru Rafiq İsmayıl isə bu qənaətdədir ki, ilkin variant olaraq buraxılış imtahanlarının iki fənn üzrə aparılması məqbuldur. Gələcəkdə isə buraxılış zamanı imtahan fənlərinin sayını 4-ə qaldırmaq olar: "TQDK-nın hansı əsaslarla düşünərək bu qərara gəldiyini deyə bilmərəm. Amma fikrimcə, buraxılış imtahanının iki fənn üzrə olması bir baxımdan ona görə yaxşıdır ki, bu fənlər bütün test imtahanlarının suallarına düşür və uşaqların onu bilməsi işlərini xeyli dərəcədə asanlaşdırır. Digər tərəfdən TQDK sədri riyaziyyat fənnini əsas sayır. Amma indiki dünya texnoloji tərəqqi dünyasıdır. Ona görə də elmlərin açarı kimi fizikaya üstünlük verilməlidir. Belədə düşünə bilərəm ki, fizikanı bilən adam riyaziyyatı nəinki öyrənə bilər, hətta onu öyrənmək məcburiyyətindədir. Lakin indiki situasiyada fikrimcə, buraxılış imtahanının iki fənn üzrə aparılması ilk variant olaraq məqbuldur. Qarışıqlıq yaratmamaq, etiraz doğurmamaq üçün hamını razı salan bir variantdır. Lakin bununla belə gələcəkdə orta məktəblərdə buraxılış imtahanlarına 3 və ya 4 fənnin salınması daha məqsədəuyğun olardı".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs