Əlaqə Arxiv
news Image
2013.02.12
14:55
| A A A
Erməni lobbisi Əkrəm Əylilinin müdafiəsinə qalxacaq
Çingiz Qənizadə: "Hafiz Hacıyevin partiyanın gənclərini Əkrəm Əylislinin qulağını kəsməyə səsləməsi cinayət xarakterli çağırışdır" Ceyhun Musaoğlu: "Millətlə, xalqla bağlı məsələlərdə birdən partlamaq, aqressiv davranmaq olmaz" "Daş Yuxular" əsərindən sonra Əkrəm Əylislinin ictimai qınaq obyektinə çevrilməsi, müxtəlif şəxslər tərəfindən yazıçının ünvanına təhqiramiz fikirlərin səslənməsi düşmənin işinə yarayıb. Artıq yaranmış situasiyadan istifadə edən ermənilər Əkrəm Əylislinin müdafiəsinə yönəlik bəyanatlar verir, məqalələr yazır, hətta onun bu əsərinə görə, yazıçıya adlar belə təsis edirlər. Bir sözlə, erməni tərəfi artıq Əkrəm Əylisli ilə bağlı yaranmış vəziyyətdən öz xeyirlərinə bəhrələnməkdə davam edir. Hətta proseslər belə davam etsə, yaxın günlərdə ermənipərəst qüvvələrin, erməni lobbisinin beynəlxalq miqyasda, Əkrəm Əylislinin müdafiəsinə qalxacağı da gözlənilir.
Millət vəkili Çingiz Qənizadə də bu məsələdə bir qədər ehtiyatlı davranmağın, Əkrəm Əylislinin yazdığı "Daş Yuxular"la bağlı etiraz formalarında ifrata varmamağın vacib olduğunu söyləyir. Ç. Qənizadənin sözlərinə görə, yazıçının ictimaiyyətin qınaq obyektinə çevrilməsi, ölkə prezidenti tərəfindən onun xalq yazıçısı adından və prezident təqaüdündən məhrum edilməsi yetərli cəzadır. Millət vəkili bütün bunlardan sonra Əkrəm Əylislinin sağlamlığına, həyatına yönəlik təhdid xarakterli çağırışların edilməsinin yolverilməz olduğunu, bununla düşmənə  yaranmış situasiyadan öz mənafeləri üçün bəhrələnmək imkanı verildiyini bildirir: "Artıq hiss olunur ki, Rusiyada, Avropada ermənipərəst qüvvələr Əkrəm Əylisli ilə bağlı yaranmış vəziyyətdən öz xeyirlərinə, Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Çox təəssüf ki, buna Azərbaycanda əsas verən, şərait yaradan insanlar var. Buna misal kimi, son günlər Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyevin bəyanatını göstərmək olar. Hafiz Hacıyevin partiyanın gənclərini Əkrəm Əylislinin qulağını kəsməyə səsləməsi cinayət xarakterli çağırışdır. Bu qəti yolverilməzdir. Təəssüf ki, Əkrəm Əylisli ilə bağlı bu çür təhdidlər səsləndirən insanlar bunun beynəlxalq aləmdə Azərbaycanın imicinə mənfi təsirini fikirləşmir, düşmənə yaranmış vəziyyətdən ölkəmizin əleyhinə istifadə etməyə şərait yaradırlar. Özlərindən cəmiyyətdə millətsevər insan obrazı yaratmaq istəyənlər bu amilə ciddi diqqət yetirməlidirlər. Təbii ki, ermənilər öz qardaşlarını (red:Əkrəm Əylislini nəzərdə tutur)  bu əsəri yazdığına görə, müdafiə edəcək, bundan yararlanmağa calışacaqlar. Hətta beynəlxalq miqyasda belə millətçi ermənilərin onun müdafiəsi ilə bağlı canfəşanlıq edəcəyi qaçılmazdır. Biz isə çalışmalıyıq ki, onlara bu işdə kömək etməyək. Əkrəm Əylisli düşünürəm ki, bu əsəri yazdığına görə, kifayət qədər Azərbaycan xalqı tərəfindən qınanıldı".
Yazıçı, publisist, jurnalist Ceyhun Musaoğlu da, Əkrəm Əylislinin "Daş Yuxular" əsəri ilə bağlı etirazlarda siyasi məqamları unudaraq çılğın, aqressiv davranışların Azərbaycanın xeyirinə işləmədiyi fikrindədir: "Millətlə, xalqla bağlı məsələlərdə birdən partlamaq, aqressiv davranmaq olmaz. Əkrəm Əylislinin əsəri ilə bağlı da, etirazların hansı şəkildə edilməsi hesablanmalı idi. Çalışmalıydıq ki, Əkrəm Əylisli peşiman olub Azərbaycan xalqından üzr istəsin. O zaman biz Əkrəm Əylislini özlərinə qəhrəman sayan ermənilərin qarşısına çıxıb, yazıçısının xalqından bağışlanılması ilə bağlı müraciətini göstərməklə onların arzularını gözlərində qoya bilərdik. Amma çox təəssüf ki, bu amil unuduldu. Azərbaycan dünyada tolerant, mədəniyyəti ilə öndə gedən bir ölkə kimi tanınır. Ona görə də, bu imici qorumaq üçün Əkrəm Əylisli ilə bağlı məsələdə də düzgün yol seçilməli, etiraz formalarında düşmənə bundan sui ittifadə etməsi üçün imkan verilməməli idi. Amma proseslər səhv istiqamətdə getdi. Təbii ki, erməni tərəfi də fürsəti fövtə verməyib yaranmış situasiyadan öz xeyirlərinə, Azərbaycanın əleyhinə yararlanmağa başladılar. Heç şübhəsiz ki, ermənilərin bu siyasəri bir-iki erməninin Əkrəm Əylislini müdafiəsi ilə sonuclanmayacaq. Hadisələrin inkişafı da göstərir ki, beynəlxalq aləmdə də erməni lobbisi bu siyasəti davam etdirəcək. Odur ki, bu məsələdən erməni tərəfinin sui istifadəsinə imkan verilməməlidir. Məsələni elə həddə çatdırmaq olmaz ki, Əkrəm Əylisli Azərbaycanda həyatına, sağlamlığına təhlükə hiss edərək xarici ölkələrdən sığınacaq istəsin. Gec də olsa bu cür etirazlar dayandırılmalıdır".
Sizin Reklam Yeriniz