news Image
2012.04.25
14:05
| A A A
Problemli kreditlər problemi dərinləşir
Bu qəbildən olan kreditlərin miqdarı artıq yol verilən limiti də keçərək təhlükəli fazaya daxil olub

Bank sektorunda artıq neçə illərdir ki, özünü göstərən problemli kreditlər məsələsi getdikcə daha təhlükəli xarakter alır. Dövlət Statistika Komitəsinin bununla bağlı yaydığı məlumatdan belə aydın olur ki, bu qəbildən olan kreditlərin miqdarı 27 faiz artıb. Bu da ümumi kredit portfelində problemli olanların həcminin artıq 6,4 faiz təşkil etdiyini göstərir. Hazırda ölkənin bank sektorunda problemli hesab edilən kreditlərin miqdarı 648,8 milyon manat təşkil edir.

Araşdırmalardan isə o da məlum olur ki, manatla götürülən kreditlərdə problemli hesab edilənlərin həcmi daha böyük sürətlə artır. Ekspertlər isə vurğulayır ki, əksər hallarda sadə vətəndaşlar götürdükləri kreditləri vaxtında və tam həcmdə qaytarırlar. Bu fonda isə aydın olur ki, problemli kreditlərin yaranmasında əsas səbəbkar tərəf iri şirkətlərdir. İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, problemli kreditlər məsələsi sonuncu qlobal maliyyə böhranından sonra digər MDB ölkələri kimi Azərbaycanda da özünü göstərməyə başlayıb: "Lakin belə kreditlərin həcmində sonrakı artımlar artıq narahatlıq doğurmağa başlayıb". Onun sözlərinə görə, Azərbaycan bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi olduqca çoxdur: "Belə kreditlərin həcminin Azərbaycan bank aktivlərinin 6 faizindən çoxunu təşkil etməsini nəzərə alsaq, bu, kritik hədd hesab edilən standartdan iki dəfə çoxdur. Çünki beynəlxalq standartlara görə, problemli kreditlərin həcmi bank aktivlərində payı 3%-dən çox olsa, bu kritik hədd sayılır. "Fitch Ratings"in hesabatında da qeyd edilən məsələlər kifayət qədər aktual məsələlərdir. Problemli kreditlərin olması birmənalı olaraq onunla bağlıdır ki, faiz dərəcəsi yüksəkdir. Azərbaycanda kommersiya banklarının faiz dərəcələri dünyada ən yüksək faiz dərəcələrinə malik olan banklar siyahısındadır. Faiz dərəcələrinin yüksək olması əvvəla bank kreditlərindən, biznesdən və eləcə də istehlakçıların daha səmərəli yararlanmasına imkan vermir. Eyni zamanda bu, götürülmüş kreditlərin bir qisminin müəyyən müddətdən sonra geri qaytarılmasında problemlərin yaşanmasına gətirib çıxarır. O baxımdan təəssüf ki, qlobal maliyyə böhranından təsirlərini yumşalda bilsə də, Azərbaycan kommersiya bankları spesifik və ya ənənəvi problemlərini həll edə bilmədi".

Kommersiya banklarının problemli kreditlər məsələsinin həlli istiqamətində addımlar atmadığını vurğulayan iqtisadçıların rəyinə görə, banklar yenə də bu istiqamətdə yanlış siyasət yürüdürlər. Bu səhvlər daha yüksək faizlə kredit vermək və qısa müddətdə daha çox gəlir əldə etməkdir. Bankların kreditlərin verilməsilə bağlı qiymətləndirmələri qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmir.

Bununla yanaşı, kreditlərin verilməsi mexanizminin mükəmməl olmaması, kommersiya banklarının yüksək faizlə kreditlər təklif etməsi, bir sıra bankların kreditlər verilən zaman qeyri-rəsmi ödənişlər tələb etməsi kreditlərin daha bahalı olmasına gətirib çıxarıb. Beləliklə, yekun mənzərə göstərir ki, artıq problemli kreditlər təhlükəli həddədir. Vaxtilə ayrı-ayrı şəxslər, müəyyən biznes qrupları tərəfindən götürülən kreditlərin qaytarılması ehtimalı çox aşağı səviyyədədir. Bu fonda da bankların fəaliyyəti iflic olur. Hesab edilir ki, dünyada gedən böhran buna rəvac verib. Vəziyyətin belə olmasında bəzi iş adamlarının da günahı var. Belə ki, onlar götürdüyü vəsaiti müəyyən biznes planı olmadan, proqnozlaşdırmadan hara gəldi xərcləyib. Problemli kreditlərin təhlükəli həddi keçməsilə birinci zərbə banklara dəyəcək. Onların dövriyyəsi azalacaq, külli miqdarda borca düşəcəklər. Belədə, son olaraq, bankların fəaliyyəti dayana bilər.

Ekspertlər problemli kreditlər arasında istehlak kreditlərinin üstünlük təşkil etdiyini vurğulayır. İstehlak kreditlərinin daxilində isə avtomobillər üçün verilən vəsaitlər yüksəkdir. Habelə, tikinti sektorunda yaranan böhran da bu sahəyə təsirini göstərir. Mənzil bazarında durğunluq yarandığından şirkətlər götürdükləri borcları qaytarmaqda çətinlik çəkirlər. Mütəxəssislər problemin həllindən xarici təcrübələrdən istifadə etməyi mümkün sayır. Onların fikrincə, hazırda əsas problem kredit risklərinin idarə edilməsidir. Bura kadr bazası və kredit verərkən real situasiyanın tam öyrənilməsi daxildir. Təəssüf ki, menecmentlik işi banklarda hələ də təkmilləşməyib. Vaxtı keçmiş kreditlərin qarşısını almaq üçün faiz dərəcələrinin aşağı salınması vacibdir.

Lakin elə indinin özündə də banklar qısa zamanda çox gəlir əldə etməyə çalışaraq əvvəlki kimi yüksək faizlə kreditlər təklif edirlər. Bu zaman istehlakçıların hüquqları da pozulur. Ekspertlərə görə isə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin daha təkmilləşdirilməsi və sərtləşdirilməsi olduqca vacibdir. O da vurğulanır ki, Azərbaycandakı bank faizləri də süni faizlərdir. Yəni bu faizlər də real sektorun müəyyənləşdirdiyi bank faizi deyil. O baxımdan süni bank faizlərinə qarşı mübarizə aparılmasına ehtiyac var. Hesab olunur ki, kredit faizləri və şərtlərinin müəyyənləşdirilməsində, bu şərtlərdə istehlakçıların hüquqlarını qoruyan maddələrin olması üçün həmin istiqamətdə ayrıca qanunvericilik aktının olması artıq zəruri şərtə çevrilib.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs