Əlaqə Arxiv
news Image
2013.02.13
06:56
| A A A
Azərbaycanda raktopamin ət təhlükəsi?!
Yolçu Xanvəli: “Xaricdən gətirilən ət və ət məhsulları üçün heç bir narahatçılığa ehtiyac yoxdur” Vahid Məhərrəmov: “Sərhəddən keçən ərzaq məhsulları bütün dövrlərdə mütləq yoxlanılıb buraxılmalıdır”

Adil Qeybulla: "Bəzi qida maddələrinin müxtəlif neqativ təsirləri ola bilər"

Məlumdur ki, artıq Rusiya ABŞ-dan gətirilən ətə qadağa qoyub. Rusiya bu qadağanı ətdə olan əlavələrə görə qüvvəyə mindirdi. Belə ki, Rusiya tərəfi elan etmişdi ki, ABŞ istehsalçılarının mal, donuz və hind toyuğu ətində raktopamin olmaqda davam edərsə, Rusiya bu ətləri almağı dayandıracaq. Bildirək ki, raktopamin heyvanları sürətlə böyütmək, ətin daha az yağlı olması üçün istifadə edilən maddədir. Amma BMT - nin Ərzaq agentliyi bu maddəni insan orqanizmi üçün təhlükəli hesab etmir. Hətta ABŞ - ın özünə də bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Məlumdur ki, Azərbaycan da ət idxal etdiyi ölkələrin içərisində ABŞ var. Amma Respublika Baytarlıq İdarəsindən bildirildi ki, bunun üçün heç bir narahatçılığa ehtiyac yoxdur. İdarənin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Mövqe"yə açıqlamasında bildirdi ki, bizə gətirilən məhsul bir daha burada yoxlanılır: "Biz ən çox məhsulu Türkiyədən alırıq. Çox cüzi bir hissəsini - heç 1 faiz deyil ki, ABŞ-dan gətirilir. Gələn hər bir məhsul da Respublika Baytarlıq İdarəsində müayinə olunur. Həm ağır metallara, həm də bakterioloji çirklənməyə görə, yoxlanıldıqdan sonra onun satışına icazə verilir. Rusiyanın iddia etdiyi isə ağır metallara aid olan zəhərlənmədir".

Yolçu Xanvəli bildirdi ki, deyilənə görə, raktopamin toxumalarda piylənməni aşağı salır: "Guya gələcəkdə fəsad verə bilər. Bunun isə nə qədər düzgün fikir olmasının hələlik elmi əsası yoxdur".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, hələlik raktopamin insan orqanizm üçün fəsad yarada bilməsi iddiası şübhəlidir: "Ortada yaratması faktı yoxdur. Bizə ABŞ-dan gətirilən ət məhsulu ölkə daxilində istehsal edilən ət məhsulundan çox ucuz başa gəlir. Onlar istehsal zamanı bir çox hormonlardan istifadə edirlər ki, qısa müddətdə daha çox ət çəkisi ala bilsinlər. Həm bu faktor var, həmçinin heyvaların özləri də xəstəliyə tutula bilərlər. Bununla mübarizə aparanda müəyyən vaksinlərdən istifadə edirlər ki, onlar da bir müddət heyvan orqanizmində qalır. Bu ətdən də insan qidalananda həmin hormonlar insan orqanizmində müəyyən funksiyanı oynaya bilir".

Ekspert bildirdi ki, bizim nəzarət sistemimiz dünyada gedən hansısa informasiyadan asılıdır: "Problem olanda qadağalara başlayırıq. Amma sərhəddən keçən ərzaq məhsulları bütün dövrlərdə mütləq yoxlanılıb buraxılmalıdır. Tərkibi müəyyən olunmalıdır ki, orada xəstəlik yarada biləcək hansı maddələr var. İnsan orqanizminə təsirli maddələr tapılarsa, onun idxalı dayandırılmalıdır. Bu haqda da ictimaiyyətə məlumat verilməlidir. Təəssüflər olsun ki, bizdə müstəqil lobaratoriya yoxdur. Lobaratariya olarsa, biz özümüz müstəqil şəkildə məhsulu ora verə və tərkibində hansı maddələrin olmasını özümüz öyrənə bilərik".

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, qida məhsullarına konservasiya məqsədi ilə, onlara rəng, struktur, dad verən müəyyən qida əlavələri əlavə olunur: "Qida əlavələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrində xüsusi bir cədvəldə var. Onların da hər birinin kodu olur. Avropada bunlar "E" hərfi ilə göstərilir. Qabağındakı rəqəm də onun kodudur. Hər bir qida əlavəsi ayrılıqda qida kimi istifadə olunmur. Yalnız qidanın tərkibinə daxil olaraq həmin qidaya müəyyən xassə verir. Qida əlavələrinin qəbul olunması üçün yolverilən dozası var. Tədqiqatlar göstərir ki, bəzi qida maddələrinin müxtəlif neqativ təsirləri ola bilər. Mədə - bağırsaq funksiyasının pozulması, konseregen təsiri, xərçənggətirici effekt nəinki raktapamin maddəsində, bir neçə konseregen effektli qida əlavələri var ki, Rusiya onların idxalına qadağa qoyub. Azərbaycanda da Avropa istehsalı olan bəzi qidaların qəbulu xüsusi ilə də uşaq orqanizmi, hamilə qadınlar üçün daha təhlükəlidir. Dərman və ərzaq təhlükəsizliyinin prizmasında bu məsələyə ciddi şəkildə baxılmalıdır".
Sizin Reklam Yeriniz