Əlaqə Arxiv
news Image
2013.02.14
07:28
| A A A
Söyün Sadıqov azərbaycanlılara qarşı separatçılıq missiyasına başladı
Anti-Azərbaycan dairələrinin sifarişini yerinə yetirən bu şəxs Bakı və Tiflis münasibətlərinə zərbə vurmağa çalışır

Rusiyada yaradılan "Milyarderlər ittifaqı"nın heç də Azərbaycanın maraqlarına cavab vermədiyi, bu təşkilatın bəzi təmsilçilərinin isə ölkəmizə qarşı mövqe sərgiləməsi barədə bu vaxta qədər yetərincə məlumat verilib. Belə şəxslər sırasında isə əsas yer Söyün Sadıqova məxsusdur.

Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un prezidenti olmuş, hazırda isə Rusiya Milli Birlik Partiyasının yaradıcısı olan Söyün Sadıqov biznesdən fərqli olaraq siyasətdən bixəbər həxsdir və ondan həm Rusiyanın müəyyən dairələri, həm də erməni lobbisi məharətlə istifadə etməkdədir. Elə bunun nəticəsidir ki, rusiyadakı erməni diaspor qüvvələri ilə Söyün Sadıqov separat xarakter daşıyan danışıqlara gedir, burada ermənilərin mənafeyinə uyğun mövqe sərgiləyir. Elə yeni yaratdığı partiyasına erməniləri də cəlb etməyi düşünür və bunu açıq etiraf edir. Belə ki, Söyün Sadıqov partiyasında ermənilərin də təmsil olunacağını da açıqlayıb: "Partiyamızda bütün millətlərin nümayəndələri toplanacaq. Əksəriyyəti ruslar olacaq. O cümlədən tatarlar, azərbaycanlılar, ermənilər və gürcülər də təmsil olunacaqlar".

Azərbaycanın daxili işlərinə də qarışmaq cəhdində bulunan Söyün Sadıqovdan ölkəmizə qarşı anti-azərbaycan mövqeyinə dayanan qüvvələrin hələ çox istifadə etməyə çalışacaqları heç bir şübhə doğurmur. Artıq həmin qüvvələr Söyün Sadıqovdan hansı məqsədlə istifadə etmək niyyətinin daha bir istiqaməti üzə çıxıb. Belə ki, bəzi qüvvələr Söyün Sadıqov kimi bədnam bir şəxs vasitəsilə Azərbaycan və Gürcüstan arasında konflikt yaratmağa cəhd göstərirlər. Qeyd olunan xüsusda Gürcüstanın "Obyektiv" telekanalında çıxış edən Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin rəhbəri Əli Babayevin açıqlamaları xüsusi diqqət cəlb edir. O bəyan edib ki, son vaxtlar bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılar arasında separatçılıq əhval-ruhiyyəsinin olması haqda rəy formalaşdırmağa çalışır. Onun sözlərinə görə, muxtariyyət tələb edən və özlərinə himn, bayraq və digər atributlar yaradan Cavaxetiya ermənilərinin separatçı əməlləri ilə yanaşı, indiyədək bu cür əməllərdən uzaq olan azərbaycanlıları da bu oyunlara cəlb etməyə cəhdlər olur. Buna heç vaxt imkan verilməyəcəyini deyən Ə.Babayev bildirib ki, azərbaycanlıları separatçılığa cəlb etməyə çalışanlar arasında Gürcüstanda doğulmuş və Rusiyada yaşayan işbazlar var: "Belələrindən biri, Kvemo-Kartlidə anadan olmuş, hazırda Rusiya azərbaycanlıları İttifaqının rəhbəri Söyün Sadıqovdur. Əslən Qardabanidən olan Sadıqov Rusiyada böyük biznesə və maliyyə imkanlarına malikdir".

Hazırda Kremlin adamı kimi getdikcə daha çox ad çıxarmağa başlayan Söyün Sadıqov məsələyə eynilə Kremlin nəzərləri ilə baxır. Kreml isə yenidən regionda parçala və hökm sür siyasəti yürütməkdə maraqlıdır. Digər tərəfdən Azərbaycan və gürcüstan arasında məlum münasibətlər nə Rusiyanın, nə də Ermənistanın xoşuna gəlir. Bu səbəbdən onlar Söyün Sadıqov kimi ünsürlərdən istifadə edərək Bakı və Tiflis arasınad əlaqələrə zərbə vurmağa çalışırlar.

Ə.Babayevin sözlərinə görə isə, artıq bəzi saytlarda və sosial şəbəkələrdə Borçalının Gürcüstandan ayrı göstərildiyi xəritələr yayılıb. Bundan əvvəl Cavaxetiya ilə bağlı anoloji xəritələr, həmçinin buradakı separatçıların hazırladıqları himn və bayrağın yayıldığını xatırladan Gürcüstan azərbaycanlılarının milli konqresinin rəhbəri qeyd edib ki, indi eyni şəkildə Borçalının da himni və gerbi peyda olub. Əslində isə, Cavaxetiyadan fərqli olaraq, Borçalıda heç vaxt Gürcüstanın ərazi bütövlüyünə yönələn separatçı meyllər olmayıb və yoxdur: "Biz bütün bunları qətiyyətlə rədd edirik. Mən Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, bu separatçı meyllərin arxasında duran insanları üzə çıxarsınlar. Çünki Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünə tərəfdardılar və Söyün Sadıqov kimi insanlar heç vat Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməzlər".

Qeyd olunduğu kimi isə artıq bəzi saytlarda S.Sadıqovun adamlarının hazırladığı "müstəqil Borçalı"nın "atributları"nın fotoşəkilləri yayılıb. Təbii ki, bütün bunlar Azərbaycan və Gürcüstan arasında münasibətlərə mənfi istiqamətdə təsirsiz ötüşmür, eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımıza qarşı mərkəzi hakimiyyət tərəfindən mənfi münasibət bəslənməsinə rəvac verir. Bütün bunları Söyün Sadıqov özü də yaxşı bilir. Lakin bu şəxs yalnız ona verilən əmrləri icra edərək qətiyyən azərbaycanlıların maraqlarını güdmədiyini meydana qoyur.
Sizin Reklam Yeriniz