news Image
2013.02.14
08:30
| A A A
ABŞ Xocalı soyqırımını tanımağa bir az da yaxınlaşdı
Akif Nağı: "Ola bilsin Xocalı faciəsi Konqresin müzakirəsinə çıxarılsın" Elman Nəsirli: "İlk dəfə Xocalı soyqırımına Ağ Ev rəhbərliyi səviyyəsində reaksiya verilməsi hüququ əldə olunur"

Artıq xəbər verildiyi kimi, Xocalı soyqırımı ilə bağlı Ağ Ev adminstrasiyası tərəfindən bəyanatın verilməsi üçün lazımi qədər, yəni 100 mindən çox imza toplanılıb. Bu isə həmin məsələ barədə Ağ Evin rəyinin eşidiləcəyi deməkdir. Maraqlıdır, Xocalı soyqırımı mlə bağlı lazımi qədər imzanın toplanması sonda görəsən nə vəd edir? Onun ölkəmiz üçün hansı xeyiri olacaq?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirir ki, burada müsbət hadisə odur ki, məsələyə Azərbaycan tərəfi operativ reaksiya verdi: "Ermənilər prosesə öncə başlasalar da hələ ki, 100 minlik imza toplaya bilməyiblər. Azərbayca isə bu prosesi artıq adlayıb. Bu isə prosesə cəmiyyətin geniş şəkildə səfərbər olunduğunu göstərir. Hər halda Azərbaycan tərəfindən imza toplaması kampaniyası, Əkrəm Əylisli məsələsi, Avropadakı diaspor təşkilatlarının müxtəlif ölkə parlamentarilərindən Qarabağla bağlı müraciətlərinə cavab almaları, müəyyən ölkə parlamentlərində Qarabağla bağlı müzakirələrin hamısı ölkəmizin Qarabağla bağlı fəaliyyətinin fəallaşdığını göstərir. Amma inanmıram ki, Barak Obama imza toplanmasına baxmayaraq məsələ barədə çıxışında hansısa fərqli bir mövqe bildirsin. Onun bəyanatla çıxış edəcəyinə inanmıram. Ola bilsin Xocalı faciəsi Konqresin müzakirəsinə çıxarılsın. Lakin müzakirə olunması da hər halda bir nəticədir".

Politoloq Elman Nəsirlinin fikrincə isə Xocalı soyqırımı ilə bağlı 100 min səsin toplanması gələcəkdə bir çox digər ölkələrin də həmin qətliamı tanımasına rəvac verə bilər: "ABŞ 2011-ci ildə bir sayt yaradıb ki, burada da Ağ Ev tərəfindən son dərəcədə mühüm hadisələrə reaksiya verməsini təmin etmək üçün konkret sayda səslərin toplanması tələb olunur. İndiki halda Xocalı soyqırımı ilə bağlı məsələyə Av Ev rəhbərliyinin münasibət bildirməsi üçün 100 mindən artıq səs toplanıb. Bundan sonra isə əsas məsələ Ağ Evin məsələ ilə bağlı hansı mövqeni ifadə etməsidir. Burada mühüm hadisə odur ki, ilk dəfə Xocalı soyqırımına Ağ Ev və Ağ Ev rəhbərliyi səviyyəsində reaksiya verilməsi hüququ əldə olunur. Bu da çox mühüm məsələdir. ABŞ-ın prezidenti dünyanın fövqəldövlətinin dövlət başçısıdır. Bu dövlətin dünyanın istənilən yerində maraqları cəmləşib. Bu nöqteyi-nəzərdən Ağ Evin məsələyə reaksiyası öz-özlüyündə mühüm hadisədir. Xocalı soyqırımı ilə bağlı olayın dünyada müəyyən reaksiya doğurması, dünya ictimaiyyətinin ondan xəbər tutması yolunda mühüm addımdır. Amma eyni zamanda, məsələyə bir qədər praqmatik yanaşmaq istərdim. Hesab edirəm ki, Ağ Evdən soyqırım ifadəsinin işlədiləcəyini gözləmək düzgün olmazdı. Prezident Barak Obama hətta yazılı şəkildə söz vermişdi ki, qondarma erməni soyqırımını tanıyacaq. Amma prezident olduqdan sonra heç bir halda belə bir bəyanat vermədi, soyqırım ifadəsini işlətmədi. Bununla belə bizim üçün vacib odur ki, Xocalı soyqırımı ilə bağlı dəhşətli hadisənin baş verdiyini Barak Obama qeyd etsin, bununla bağlı mövqe bildirsin. Bunun özü mühüm hadisə olardı. Hesab edirəm ki, həmin məsələyə mövqe bildirilməsindən sonra artıq təkcə Meksika, Kolumbiya və Pakistanda deyil, digər dövlətlərdə də Xocalı soyqırımının tanınması üçün daha çevik və əməli addımların atılması istiqamətində imkanlar yaranmış olacaq. Ona görə də 100 min imzanın toplanması və Ağ Ev rəhbərliyinin məsələyə diqqətinin cəlb olunmasının böyük siyasi əhəmiyyəti var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs