Əlaqə Arxiv
news Image
2013.02.15
07:21
| A A A
Pirotexniki məhsullardan istifadəyə görə uşaqlar cəzalandırıla bilər
Eyyub Hüseynov: "Ümumiyyətlə, bayram günlərində ictimai yerlərdə partlayıcılardan istifadə edən uşaqların özünü də cəzalandırmaq olar"

Novruz bayramına bir aydan bir qədər çox vaxt qalıb. Amma indidən havadan baharın təravəti, hənirtisi gəlir. Üstəlik, Novruz bayramında 7 gün iş olmayacaq kimi xəbərlər əksəriyyətin sevincini daha da artırır. Uşaqların doğma bayramı olan Novruza hərə bir cür hazırlaşır.

Böyüklərin bayram bazarlıq səbətinə ərzaq məhsulları daxildirsə, uşaqların bayram səbətində isə əsas yeri bahar çılçıraqları, xüsusilə də pirotexniki məhsullar tutur.

Artıq indidən xardavat satılan mağazalarda uşaqlar üçün nəzərdə tutulan partlayıcı qurğulara rast gəlmək mümkündür. Ötən ildən qalma məhsullarını yenidən satışa çıxarmağa hazırlaşan satıcılar üçün uşaqlar potensial müştəri hesab olunur. El arasında "zırpaket" olaraq adlandırılan partlayıcılar uşaqları nə qədər sevindirib şənləndirsə də, böyükləri bir o qədər narahat edir, onsuz da sakit olmayan əsəbləri bir qədər də tarıma çəkir. Şəhərdə insan sıxlığının çoxluğunu nəzərə alsaq, pirotexniki məhsullardan istifadənin nə qədər təhlükəli olduğunu təsəvvür etmək mümkündür.

Dünyanın əksər böyük şəhərlərində bayram günlərində uşaqların yanğın törədə biləcək, insanların qorxuya salacaq, panika yarada biləcək qurğulardan istifadə etmələri qadağan olunur.

Belə şəhərlərdə bayramlarda fişənglər xüsusi təşkil olunmuş qruplar tərəfindən havaya açılır. Məsələn, Braziliyada Rio kanavalı keçirilir. Bütün dünyanın gözü bu ölkədədir. Amma azyaşlı uşaqlar bu karnavala buraxılmır. Bundan başqa belə şənliklərdə əhalinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bakı şəhərində isə bayram günlərində polis gücləndirilmiş iş rejimində işləsə də, təhlükəsizlik məsələlərini tam təmin etmək çətin olur.

Bu sətirlərin müəllifi dəfələrlə şahidi olub. Şəhərin mərkəzi sayılan "Torqovıy" adlanan məkanda qadağadan xəbərdar olsalar da, uşaqlar, hətta gənclər bilərəkdən partlayıcılardan istifadə edirlər. Polislərlə siçan-pişik oynayan uşaqlar hüquq mühafizəçilərini ələ salmaqdan, ora-bura qaçırmaqdan sanki zövq alırlar. Belə günlərdə, sakinlərin gur olduğu məkanlarda partlayıcının hansı uşaq tərəfindən işə salındığını müəyyən etmək çətindir.

Bəs problemin qarşısını necə almaq olar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda pirotenxniki məhsulların istifadəsinin qarşısını almaq istəyənlər ilk növbədə onun idxalını dayandırmalıdılar: "Partlayıcıların hamısı Çin istehsalıdır. Bizdə elə məhsullar istehsal olunmur. Sual olunur, həmin məhsullar Azərbaycana hansı yolla gətirilir? İctimai yerlərdə parlayıcılardan istifadə etmək əlbəttə ki, insanlarda xoş ovqat yaratmır. Əsəblər pozulur, psixi pozğunluq yaranır. Ürək ağrılarından əziyyət çəkənlər hətta infarkt ola bilir. Mən protexniki məhsulları satanlara qarşı yüksək cərimələrin tətbiqinin tərəfdarıyam. Əgər onlara yüksək cərimələr tətbiq edilsə, bir daha belə səhvə yol verməz. Məni narahat edən məsələlərdən biri də valideynlərin bu cür gərəksiz məhsullar üçün övladlarına pul verməlidir. Ya əhali yaxşı yaşayır ki, bu cür məhsulları almağa pul tapır. Ya da uşaqları evdən oğurluq edir. Ümumiyyətlə, bayram günlərində ictimai yerlərdə partlayıcılardan istifadə edən uşaqların özünü də cəzalandırmaq olar".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə qəzetimizə bildirildi ki, hər il olduğu kimi bu il də Novruz bayramında əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə polis gücləndirilmiş iş rejimində çalışacaq. Mətbuat xidmətindən bildirildi ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə hər il Novruz bayramında bayram şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun qorunması, xidməti vəzifələrin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"Protexniki məhsullardan istifadə əhalinin istirahətinə maneə olduğundan onların yığışdırılması da ictimai asayişin təmin edilməsinə daxildir" deyə, mətbuat xidmətindən bildirildi.
Sizin Reklam Yeriniz