news Image
2013.02.16
07:16
| A A A
Banklar yenə müştərilərinə kələk gəlirlər
Onların reklamlarında səsləndirilən təkliflərlə real şərtləri arasındakı ziddiyyət bu qənaətə gəlməyə əsas verir

Ölkə banklarının bir çoxu daha çox müştəri əldə etmək üçün xidmətlərini geniş şəkildə reklam etdirməkdədirlər. İndi media vasitələrində, müxətlif ictimai yerlərdə bankların zaminsiz, arayışsız reklam vermələrinə dair çoxsaylı reklamlara rast gəlmək mümkündür. Reklamlarda hətta o da bildirilir ki, başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.

Buna inanıb banklara üz tutan şəxslərin sayı da az deyil. Lakin banka daxil olub kredit istədikdə hər şeyin heç də reklamlarda deyildiyi kimi olmadığını görürsən.

Burada qeyd olunur ki, reklam əhəmiyyətli deyil, orada çox şey yazıla bilər. Əgər başqa bir bankda sizin adınıza aktiv kredit yoxdursa, onda mütləq iş yerindən arayış olmalıdır, yəni başqa bir bankda adınıza kredit yoxdursa, bank sizə kredit verə bilməz.

Beləliklə, reklamda deyilənlərin tam əksi baş verir. Başqa bir bankda həmin şəxsin adına "aktiv kreditin olması" əslində o deməkdir ki, həmin şəxs bir dəfə kredit analizindən keçib, yəni ondan arayış istənilib və o öz ödəmə qabiliyyətini artıq sübut edib. Təbii ki, belə bir şəxsə məntiq etibarı ilə kredit açılması daha asandır. Amma kim zəmanət verir ki, sizin bankdan krediti alan şəxs digər borcunu qapamağa çalışmır və ya əksinə, onun ödəmə qabiliyyəti bir kreditə çatdığı halda, indi o, həm də eyni zamanda iki krediti ödəməlidir. Bu isə həmin şəxsi daha da borclanmasına gətirib çıxarır.

İkinci nüans isə reklamda kreditlərin müəyyən faiz güzəştləri ilə verildiyi söyləndiyi halda, bank əməkdaşı ümumiyyətlə bu nüansın üzərindən sükutla keçir. Sanki bundan ümumiyyətlə söhbət belə gedə bilməz. Hesab olunur ki, ümumiyyətlə istifadəçini yanlışlığa yönəltmək düzgün deyil. Məsələn, bir sıra reklam posterlərində, 12%, 15%, 17% kreditlə sözlərini görürük və ya müştəri zəng edib soruşanda ona kreditlərin məhz bu faizlə verildiyi söylənilir. Amma heç kəs müştəriyə bu faizlərin "effektiv və ya nominal faizlər" olmasını izah etməyi özünə vacib hesab etmir. Ümumiyyətlə, isə effektiv və nominal faizdən anlayışı olmayan müştəri eşitdiyinə inanmağı üstün tutur. Əksər bankirlər düşünür ki, çətini müştərini banka gətirməkdir, bundan sonra pulun iyini hiss edən və ehtiyacı olan insan ona edilən istənilən faiz təklifini qəbul edəcək. İnsanların yalnız krediti rəsmiləşdirdikdən və pulu çıxarmaq anında çatdıqdan sonra xəbər tutduqları digər məsələ isə komisyonlardır, banklarımızda isə bu rəqəmlər heç də aşağı deyil.

Düzdür, bank tərəfindən kredit müraciətini təhlil etdikdə təbii ki, əgər müştərinin aylıq ödəmə qabiliyyəti 100 AZN olmasına baxmayaraq o, bankdan aylıq ödənişi 200 AZN olan kredit istəsə bankın bu səbəbdən ona imtina etməsi normaldır. Ancaq reklamda kreditlərin 22-24%-lə təqdim olunub, reallıqda isə 29-30%-lə imzalanması düzgün deyil, faktiki olaraq belə halların sayı olduqca çoxdur. "Banker" portalını araşdırmasına görə, bu tip halların baş verməsi həmin bankların əhali arasında nüfuzunun azalmasına səbəb olur ki, növbəti dəfə həmin müştəri, sadəcə, "səhv informasiya yayan" banka müraciət etmir və hətta ətrafına da eyni situasiya ilə qarşılaşmamaq üçün məsləhət verir.

Əvvəlki kimi isə bankların hətta kiçik həcmli kreditlər üçün təklif etdikləri faiz dərəcələri 17 faizlik həddən başlanır. Bu isə yenə də kifayət qədər böyük rəqəm sayılır. Onu da bildirək ki, göstərilən rəqəm ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstəricidən düz iki dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankının saytında yer alan statistik məlumata görə, ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstərici 8,4%-dir. Təbii ki, bu, göstəricinin hətta Əmanətlərin Sığortalanması Fondu tərəfindən şərt kimi qoyulmuş 12%-dən də aşağı olmasında böyük bankların əmanətləri çox aşağı 5-6%-lə götürməsi rol oynayır. Kredit və əmanət bazarını nəzarətdə saxlayan banklar əhalidən yuxarı faizlə əmanət cəlb etməkdə o qədər də maraqlı deyillər.

Faiz dərəcələrinin yüksək olması isə ölkə üzrə kreditləşmə səviyyəsini, həmçinin iqtisadi aktivliyi aşağı salır. Bundan başqa proqonozlaşdırılır ki, "RoyalBank"ın taleyini təkrar edən bankların sayı arta bilər. Çünki ölkədə bankların yalnız yarısı belə demək mümkünsə, normal qaydada işləyir. Bank sisteminin ən azı 90 faizi bu bankların payına düşür. Bu fonda Mərkəzi Bankın bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərarı müsbət qarşılanır. Məcmu kapitalın minimal ölçüsünə qoyulan yeni normativ tələb 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minir. Ekspert araşdırmalarına görə, həmin tarixdə bir neçə Azərbaycan bankı üçün bağlanmaqdan başqa yol qalmayacaq.