Əlaqə Arxiv
news Image
2013.02.22
07:06
| A A A
Söyün Sadıqovun anti-Azərbaycan fəaliyyəti fəsadlar yaratmağa başlayır
Bir sıra gürcü ictimai təşkilatları da bu şəxsin fəaliyyətindən narahatlıq ifadə edib

Rusiyada yaradılan "Milyarderlər İttifaqı"nın bir sıra təmsilçilərinin Azərbaycana qarşı radikal formada fəaliyyət göstərməsi danılmaz həqiqətdir. Onlar arasında əsas seçilən şəxs isə Söyün Sadıqovdur. Məlumat verildiyi kimi bu günlərdə Söyün Sadıqovun tapşırığı ilə "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbini hazırlanıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev bununla bağlı açıqlamasında deyib: "Son zamanlar bəzi güvvələr Gürcüstanın azərbaycanlı əhalisi arasında separatçı əhval-ruhiyyənin mövcudluğu barədə rəy formalaşdırmağa çalışırlar. Gürcüstan azərbaycanlıları hər zaman bundan uzaq olublar, lakin bu gün azərbaycanlıları bu cür oyunlara cəlb etmək cəhdləri mövcuddur". O həmçinin vurğulayıb ki, buna heç vaxt imkan verilməyəcək. Bununla yanaşı Ə.Babayev hesab edir ki, bunların arxasında Gürcüstanda doğulmuş Rusiyada yaşayan güvvələr durur: "Həmin şəxslərdən biri Söyün Sadıqovdur. O Gürcüstanda Kvemo-Kartlidə doğulub. Əslən Qardabanidən olan S.Sadıqov, Rusiyada böyük biznes və maliyyə imkanlarına malikdir".

O vurğulayıb ki, bir sıra atributlar - bayraq, himn və s. yaradan Cavaxetiya ermənilərinin separatçı hücumları ilə müqayisədə, Borçalı sakinləri arasında heç vaxt Gürcüstanın ərazi bütövlüyünə yönələn separatçı meyllər olmayıb: "Biz bütün bunları qətiyyətlə pisləyirik. Mən artıq Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, bu separatçı meyllərin arxasında duran insanları üzə çıxarsınlar. Çünki Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünə tərəfdardılar və Söyün Sadıqov kimi insanlar heç vat Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməzlər". Bununla yanaşı, S.Sadıqovun fəaliyyəti Gürcüstanda gözdən yayınmayıb. Bir sıra gürcü ictimai təşkilatları artıq Gürcüstan azərbaycanlıları arasında separatizmin meydana çıxması cəhdlərindən narahatlıq ifadə edib. Təbii ki, Gürcüstanda yaşayan soydaşlarımız heç də separatçı əhval-ruhiyyədə deyillər. Sadəcə Söyün Sadıqov bu səpkidə bir obraz yaradır. Belə hal isə daha çox ermənilərin lehinə işləyir. Yeri gəlmişkən qeyd edək ki, Rusiyada Söyün Sadıqov ermənilərlə işbirliyini genişləndirir. Belə ki, fevralın 20-də Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən millətlərarası münasibətlər üzrə şuranın iclasında çıxış edən Rusiyanın Milli və federativ münasibətlər üzrə mütəxəssisi Vyaçeslav Mixaylov erməni diasporasının rəhbəri Ara Abramyanın və Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Söyün Sadıqovun münasibətlərini müsbət nümunə kimi qiymətləndirib: "Baxın, müşavirəmizin iştirakçıları olan Ara Abramyan və Söyün Sadıqov müvafiq olaraq erməni və Azərbaycan milli-mədəni muxtariyyətlərinin rəhbərləridirlər. Onlar Moskva erməniləri və azərbaycanlıları arasında ədavətin olmaması üçün qısa müddət ərzində hər şey etdilər. Onların fəaliyyət nümunəsi Ermənistan və Azərbaycan hökumətləri üçün nümunə ola bilər". Qeyd edək ki, Söyün Sadıqovun erməni diasporası ilə separatçı danışıqlar aparmasına da mənfi münavsibət bəslənir. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bəyan edib ki, "Azərros" Rusiyadakı Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətinin sabiq rəhbəri Söyün Sadıqov Rusiya erməniləri ilə Dağlıq Qarabağın taleyi barədə danışıqlar aparmaq hüququna malik deyil: "Yalnız prezident Azərbaycan xalqı adından danışa bilər. Ondan başqa heç kim bu hüquqa malik deyil". Eyni zamanda, B.Səfərov qeyd edib ki, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" hər zaman regionun erməni icmasının nümayəndələri ilə görüşüb bu diyarın taleyini müzakirə etməyə hazırdır: "Bu ermənilərin maraqlarına cavab verir. Lakin, çoxsaylı dəvətlərə baxmayaraq ermənilər bizimlə görüşmək istəmirlər".

Bu arada məlum olub ki, Gürcüstanda Borçalı Partiyası yaradılır və artıq bu istiqamətdə fəaliyyətə start verilib. Bu barədə Lent.az-a Moskvada fəaliyyət göstərən "AzerRos"-dakı mötəbər mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, artıq yeni partiyanın təşəbbüs qrupu yaradılıb, atributları qəbul edilib.

Borçalı Partiyasına təkcə Kvemo-Kartlidə yaşayan həmyerlilərimiz üzv olmayacaqlar. "Partiyanın proqramını və nizamnaməsinə qəbul edən istənilən Gürcüstan vətəndaşı onun üzvü ola biləcək. Bundan başqa, Azərbaycanda yaşayan Borçalı əsillilər də partiya üzvü, hətta onun rəhbərliyində belə təmsil oluna bilərlər. Boçalı Partiyasının qarşısında duran əsas vəzifə isə Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyata nail olmaqdır", - deyə mənbə bildirir.

Bu arada, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev mətbuata bu ölkədə fəaliyyət göstərən "Obyektiv" telekanalına müsahibəsində deyib ki, Rusiyada yaşayan Gürcüstan əsilli şəxslər, ilk növbədə Söyun Sadıqovun adamları tərəfindən "Müstəqil Borçalı"nın xəritəsi, himn, gerbi hazırlanıb və əhali arasında paylanır.

Babayev bildirib ki, Cavaxetiyada yaşayan və özləri üçün çoxdan bayraq, gerb, himn hazırlayan separatçı ruhlu ermənilərdən fərqli olaraq Borçalı əhalisi heç vaxt Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxmayıb, separatçı əhval-ruhiyyədə olmayıb: "Biz qəti olaraq bunu mühakimə edirik. Mən artıq Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, separatizmin arxasında duran bu insanları müəyyənləşdirsinlər. Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünü dəstəkləyirlər. Söyün Sadıqov kimi insanlar Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə zərbə vura bilməyəcəklər".
Sizin Reklam Yeriniz