Əlaqə Arxiv
news Image
2013.02.23
07:21
| A A A
Yarımçıq binalar üçün Dövlət Fondu?!
Qonşu Rusiyada fəaliyyət göstərən belə fondun Azərbaycanda da yaradılması zəruri sayılır

Vaxtaşırı ölkə gündəminə gələn məsələlərdən biri də inşası yarımçıq qalan binalarla bağlıdır. Proseslərin real gedişi göstərir ki, inşası yarımçıq qalan bəzi binaların tam tikilərək təhvil verilməsi hələ yaxın perspektivdə baş tutmayacaq.

Çünki, həmin binaların tikintisini həyata keçirən şirkətlərin maliyyə durumu hələ də qənaətbəxş deyil. Həmçinin, onların banklardan kredit götürmələri də müşkülə çevrilib. Hətta müəyyən şirkətlər mövcuddur ki, banklardan götürülən əvvəlki kreditləri indiyə kimi qaytara bilməyiblər. Təbii ki, belə şirkətlərlə banklar yenidən əməkdaşlığa o qədər də meylli olmurlar. Əvvəlki kimi isə vəziyyətdən çıxış yolu olaraq dövlətin məsələyə müdaxiləsi vacib sayılır. Belə təkliflər səslənir ki, inşasının böyük qismi həyata keçrilən binaların tikintisinin tam başa çatdırılması üçün Dövlət Fondu yaradılmalıdır. Fond ya öz vəsaiti hesabına inşaat prosesini tamamlamalı, ya da tikintini həyat keçirən şirkətə aşağı faizlə kredit verməlidir. Daha sonra isə mənzillərin satışı prosesilə qoyulan və ya kredit şəklində verilən vəsaiti geri almalıdır. Bütün bunlar inşası yarımçıq qalan binaların tamamlanması üçün ən əlverişli variantlardan sayılır.

Məlumat üçün bildirək ki, qonşu Rusiyada belə fond fəaliyyət göstərir və onun fəaliyyətini uğurlu saymaq olar. Bundan başqa yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı Ukrayna və Rusiya modeli mövcuddur. Bu ölkələrdə tikintisi yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir. Azərbaycanda da buna bənzər təcrübənin tətbiqi məqbul sayılır.

Araşdırmalar göstərir ki, tikinti şirkətləri ötən əsrin 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində işə başlayanda vətəndaşları da bu prosesə cəlb edirdilər. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra orada tikiləcək mənzillərin satışına başlayırdılar. Artıq ilkin mərhələdə binanın yarısı demək olar ki, satılırdı. Sonrakı işlər də vətəndaşlardan alınan pullar hesabına aparılırdı. Buna görə də sahibkarın bu işə əlavə vəsait cəlb etməsinə ehtiyac qalmırdı. Sonradan isə satış sahəsində yaranan problemlər tikinti şirkətlərini çıxılmaz vəziyyətə saldı. Buna görə də tikinti şirkətlərinin bəziləri başqa yol tapa bilməyib müxtəlif üsullara əl atmağa başladılar. Onların bir hissəsi mənzilləri bir neçə vətəndaşa sataraq işi başa çatdırmaq və aldadılan vətəndaşı isə növbəti tikiləcək binada mənzillə təmin etməyi düşünərək bu addımı atdı. Bu səbəbdən hələ inşası başa çatmayan binalardan mənzil alanların sayı əhəmiyyətli dərəcədə azaldı. Qlobal maliyyə böhranı fonunda mənzil bazarında yaranan durğunluq fonunda isə tikinti şirkətləri banklardan götürdükləri kreditləri geri qaytarmaqda çətinlik yaşamağa başladılar. Bu isə bankların inşaat sektoruna kredit ayırmalrınnı miqdarının azalmasına səbəb oldu.

Bütün bunlar həm də inşası yarımçıq qalan binaların sayının artması ilə müşayiət olundu. İndi ekspertlər hesab edir ki, əgər hansısa binanın tikintisi yarımçıq qalıbsa, bununla bağlı qərar verilməlidir. Vətəndaş mənzil almaq üçün pul ödədikdən sonra illərlə gözləməməlidir ki, binanın tikintisi nə zaman tamamlanacaq. Qeyd edilir ki, bu tipli binalarla bağlı araşdırma aparılmalıdır. Həmin yarımçıq qalan binaları hansı şirkətin inşa etməyə başlaması, tikintinin hansı səbəbdən davam etdirilməməsi məsələləri dəqiqləşdirilməlidir. Əgər binanı tikən şirkət işləri davam etdirmək niyyətindədirsə, ona konkret vaxt verilməlidir. Bina verilmiş vaxt müddətində standartlara uyğun olaraq tamamlanmalıdır. Əgər binanı tikən şirkət işi tamamlaya bilmirsə, o halda şərtlər hazırlanaraq bina hərraca çıxarılmalıdır. Məsələnin digər tərəfinə gəldikdə isə bu gün onlarla bina var ki, orada yaşayış olsa da, sənədləşdirilməyib. Ekspertlər bildirir ki, Dövlət Qəbul Komissiyasına təhvil verilməyən binalar da yarımçıq hesab olunur. Bütün Azərbaycan üzrə belə binaların sayı kifayət qədərdir. Amma bunun təxminən yarısının problemi yoxdur, yəni onlar çatışmazlıqlar yavaş-yavaş aradan qaldıraraq binaları Dövlət Qəbul Komissiyasına təhvil verir. Hesab edilir ki, dövlət bununla bağlı da artıq qərar verməlidir.
Sizin Reklam Yeriniz