Əlaqə Arxiv
news Image
2012.04.26
09:41
| A A A
Bakıda yeraltı boşluqlar təhlükəsi...
Zemfira Budaqova: “Dəniz qırağında məhz belə vəziyyət müşahidə olunur” Ənvər Əliyev: “Suların nizamlanması, qənaətlə istifadəsinə nail olunsa sürüşmə, yeraltı çöküntü və boşluqların yaranmasının qarşısını ala bilərik”

Bir müddət öncəyə qədər ciddi problemə çevrilmiş qrunt suları ətrafında yeni məlumatlar dolaşmağa başlayıb. Bildirilir ki, qrunt suları qalxanda Bakıda yeraltı boşluqların sahəsi də genişlənib və bu proses davam edir. Həmin boşluqlu ərazilərin genişlənməsi isə sürüşmələrə və çökmələrə gətirib çıxarmaq iqtidarındadır.

O da bəllidir ki, paytaxtın ərazisindən yeraltı çaylar axır. Hansı ki, həmin çayların həcmi yağış və qarın yağması ilə əlavə su qatının gəlməsi nəticəsində daha da çoxalır. Digər tərəfdən də özünə yol tapıb torpağın dibinə axa bilməyən qrunt suları şəhəri təhlükə altında saxlayır. Yola saldığımız qış fəsli isə xeyli yağıntılı oldu. Həmin fəsildə ölkə ərazisinə, o cümlədən Bakıya da normadan artıq yağıntı düşdü. Həmin yağıntıların gətirdiyi su isə yerin dibinə axır. Nəticədə qrunt sularının qalxması ilə yeraltı çaylarda su çoxalır. Digər tərəfdən də bu amil həm də yeraltı boşluq və çuxurların sahəsini genişləndirir. Belədə isə torpaq sürüşməsi təhlükəsi daha da artır.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın fikrincə, paytaxtda yeraltı boşluqların sahəsinin genişlənməsində gil təbəqəsinin rolu böyükdür: "Bakı şəhərində dənizin kənarından başlayaraq içəriyə doğru getdikcə azalan gil təbəqəsi var. Gil təbəqəsinə suyun süzməsilə o sürüşməyə meyilli vəziyyətə gəlir. Suların təsirilə yumşalan gil təbəqəsi və onun üzərində tikilən binalar sürüşməyə meyilli olub ağırlığa dözməyib çat verirsə, bu olduqca təhlükəli hala gətirib çıxara bilər. Deməli, gil məhlulunu keçid torpağa bənd etmək lazımdır ki, belə hallar baş verməsin. Amma bu işin xərci də çoxdur. Həmin xərcə düşməmək üçünsə yerin üzərindəki qata dözə bilən bina tikilməlidir ki, sabah hansısa bir fəsad törətməsin. Yeraltındakı təbəqədə qrunt sularından sonra 7 metrəlik gil təbəqəsi və onun da üzərində 14-16 metrlik yer qatı vardır. Dəniz qırağında məhz belə vəziyyət müşahidə olunur. Amma dənizdən uzaqlaşdıqca torpaq qatı çoxalır, əvəzində gil qatı azalır. Elə yerlərdə var ki, gil ümumiyyətlə yoxdur. O da Bakının ətrafındakı dağların başında, qayaların üzərindədir. Amma bu ərazidə sürüşməyə meyilli torpaqdır, çünki vaxtilə vulkan və zəlzələlər vasitəsilə laxlayıb".

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirdi ki, qrunt sularının axma prosesi nizamlansa, sudan qənaətlə istifadə olunsa, yeraltı boşluqların da qarşısı kifayət qədər alına bilər: "Bilirsiniz ki, Bakı şəhəri quraq iqlim şəraitindədir. Burada buxarlanma yağıntıdan üç dəfə çoxdur. Buradakı torpaqların, çuxurların böyük əksəriyyəti dəniz tipli çöküntülərdir. Yəni əsasən karbonatlardan ibarətdir. Bakının yerləşdiyi ərazi əhəng daşları, kubiklər, kalsiumkarbonatlı suxurlardır. Adətən, kalsium karbonatlar suda çox həll olunur. Onların həll olunması ilə də yeraltı boşluqların sayı və həcmi çoxalır. Nəticədə də şəhər üçün müəyyən fəsadlar yaranır. O cümlədən də bunun nəticəsində çökmələr də meydana gələ bilər. Məsələn, hər hansı bir ərazidə yeraltı su hərəkət etməklə kalsium karbonatlı suxurları yuyur, onlar asanca həll olunur, nəticədə də yerin əhəng qatındakı boşluqlarda çökmələr ola bilər. Eyni zamanda paytaxtın böyük əksəriyyətini təşkil edən ərazilərdə yerüstü qumlar da çöküntüyə meyillidir. Yeraltı qrunt suları qalxan zamanı da həmin qumların yuyulmaq ehtimalı çoxdur. Məhz belə sahələrdə də yeraltı boşluqlar, çökmələr daha çox baş verir. Əslində bu normal, təbii prosesdir. O ki, qaldı suların axın məsələsinə kanalizasiya sularından plansız şəkildə istifadə də yeraltı boşluqların yaranması ilə bağlı müəyyən fəsadlara gətirib çıxara bilər. Amma bu çuxurlardan çox, sulardan daha doğrusu insanların fəaliyyəti nəticəsində axan sulardan asılıdır. Bütün hallarda normal təbii şəraitdə yeraltı boşluqlarla bağlı proseslər baş verə bilməz. Bu ancaq su amili, onların fəaliyyətilə bağlıdır. Ona görə də yerə axan suların nizamlanmasına, qənaətlə istifadəsinə, texniki cəhətdən normal istifadəsinə nail olunsa sürüşmələrin, yeraltı çöküntü və boşluqların yaranmasının qarşısını kifayət qədər ala bilərik".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz