Əlaqə Arxiv
news Image
2012.04.26
09:49
| A A A
“VAZ-2107” markalı avtomobillərin Azərbaycana idxalı dayandırılır
Aydın Əliyev: “İlkin olaraq “VAZ-2107” markalı avtomobillərin, daha sonra “VAZ-21014” və “VAZ-21015” markalı avtomobillərin Azərbaycana idxalına qadağa qoyulacaq”

Bu il may ayının 1-dən etibarən Rusiya istehsalı olan "VAZ-2107" markalı avtomobillərin Azərbaycana idxalı dayandırılacaq.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı Rusiya hökumətinə məlumat verilib: "İlkin olaraq "VAZ-2107" markalı avtomobillərin, daha sonra "VAZ-21014" və "VAZ-21015" markalı avtomobillərin Azərbaycana idxalına qadağa qoyulacaq".

A.Əliyev qeyd edib ki, "VAZ-21014" və "VAZ-21015" markalı avtomobillərin Azərbaycana idxalı bu ilin oktyabr ayına qədər davam edə bilər: "Həmin müddət bitdikdən sonra bu avtomobillərin yalnız yenilənmiş forması ölkəyə idxal oluna bilər".

DGK sədri deyib ki, yeni standartlara cavab verməyən avtomobillərin Azərbaycana idxalının dayandırılması mərhələ-mərhələ həyata keçiriləcək: "Bunun son tarixi oktyabr ayı ola bilər. Ondan sonra isə yalnız modifikasiya olunmuş avtomobillər idxal olunacaq".

Qeyd edək ki, "VAZ-2107" avtomobil modeli Rusiyada 1978-ci ildən ötən həftəyə qədər istehsal olunub. Azərbaycana bu model 1980-ci ildən etibarən idxal olunur. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. SMPDK-nın təsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə görə, may ayının 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.


Sizin Reklam Yeriniz